Aprelin 20-də Azərbaycan Yazıçılar Birliyinin(AYB) Natəvan klubunda AYB Mətbuat Xidməinin və AYB-nin Hərbi Vətənpərvərlik Komissiyasının təşkilatçılığı ilə hərbi vətənpərvətlik mövsuzunda tədbir keçirilib.
Tədbiri AYB-nin gənclər üzrə katibi Rəşad Məcid açaraq son zamanlar cəbhədə olan hadisələrin önəmini vurğulayıb: “Bu gün bura son vaxtlar cəbhədə olan hadisələrlə bağlı toplanmışıq. Azərbaycan yazıçıları güclü erməni təbliğatçılarına qarşı həmişə öz sözlərini deyiblər. Ancaq Xocalıyla bağlı təbliğat insanlara öz təsirini göstərib. Bəlkə də, belə düşünənlər də var idi ki, uzun sürən atəşkəs nəticəsində insanlarda bir unutqanlıq yaranıb. Lakin son hadisələr də göstərdi ki, yeni nəsil daha coşğulu və qaynardır. Cəbhə xəttindəki döyüşlər sayəsində düşmən sarsıldı. Ancaq unutmamamlıyıq ki, hər bir azərbaycanlının üzərinə düşmənə qarşı birgə silahlanmaq kimi bir yük düşür”.
AYB-nin sədri, Xalq yazıçısı Anar ordumuzun uğurundan söz açıb: “Bilirsiniz ki, ədəbiyyat bu məsələrlə bağlı həmişə öndə dayanıb, xalqı səfərbər edib. Bu günkü toplantımızın da məqsədi məhz budur. Son zamanlar cəbhədə baş verən hadisələr göstərdi ki, düşmən nə qədər lovğalansa da, bizim qüvvətli ordumuz və güclü dövlətimiz var. Başa düşüldü ki, Azərbaycan öz torpağında vuruşur və işi haqdır. Ancaq bunu da bilirik ki, düşmənimiz də güclüdür. Ona görə çalışmalıyıq ki, əks təbliğatımızı da apara bilək. Bunun üçün isə ən önəmli silahlardan biri də sözdür”.
AYB-nin Hərbi Vətənpərvərlik Komissiyasının sədri Şahin Musaoğlu komissiyanın bu sahədə tədbirlər planından danışıb: “Məqsədimiz bu mövzunu ictimaiyyətin nəzərində önə çəkmək və qorumaq, gündəmdə saxlamaqdır. Silahla yanaşı informasiya və ideoloji müharibə də olduqca önəmlidir. Xüsusilə, bilərək yaxud ixtiyarsız şəkildə dezinformasiyanın leqallaşmasına şərait yaradan insanların olduğu çağımızda. Bu mənada hərbi vətənpərvərlik mövzusu həssas və ağır bir sahədir”.
Şair Ramiz Duyğun ədəbiyyat nümayəndlərinin hərbiçilərmizlə birgə vuruşmağa hazır olduğunu qeyd edib “Mən hərbi jurnalist kimi də fəaliyyət göstərmişəm. Hərbi vətənpərvərlik tərbiyəsi yaradıcılığımda bir ana mövzudur. 1991- ci ildən etibarən bu mövzuda yazmağa başlamışam. Ümumiyyətlə, Azərbaycan ədəbiyyatında müharibə mövzusunda yazıb- yaradan yazıçılarımıza, şairlərimizə xeyli nümunə göstərmək mümkündür. Düşünürəm ki, ədəbiyyat və qələm adamları cəbhə xəttindəki hərbiçələrimizlə mükalimə aparmalı, onların yanında olmalıdırlar. Məncə, biz buna hazırıq”.
Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli şəhidlərimizlə bağlı təəssüratlarını bölüşüb: “Qarşıdan şəhidlərimizin qırx mərasimi gəlir. Şəhidlər öz canlarını bizim üçün, vətən üçün, Azərbaycan üçün verdilər. Şəhid olmuş gənclərimizin o yaşa, o təcrübəyə baxmayaraq göstərdikləri şücaət əlbəttə bizlərə, hamımıza bir dərs olmalıdır”.
Tədbirdə AYB Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza, Əməkdar Jurnalist İbrahim Rüstəmli, ehtiyatda olan general- mayor Məmməd Sarıyev, Milli Qəhrəman Asif Məhərrəmov adına İctimai Birliyin sədri Ədalət Məhərrəmov, şair Oqtay Rza, “Əsgər Ailəsi” cəmiyyətinin sədri Roza Əliqızı və başqaları çıxış edərək hərbi vətənpərvərlik mövzusunda düşüncələrini dilə gətiriblər.
AYB.az