(Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevin görkəmli yazıçı Oljas Süleymenovun 80 illiyilə bağlı məqaləsi)

 Günümüzün böyük şairi, məşhur şəxsiyyət və mənim qədim dostum Oljas Süleymenovun yubileyi ərəfəsində, onun şəxsi həyatnın ölkənin taleyilə nə qədər üst-üstə düşdüyünü, başqa önəmli tarixlərə baxaraq xatırladım.

 Hələ 25 yaşındaykən şair Oljas “Dünya, insana boyun əy” adlı poemasını yazmışdı... 12 aprel 1961-ci ildə bu şeir çoxaldılaraq Alma-Ata şəhərində təyyarədən səpələnmişdi... Beləcə, dildən-dilə düşdü bu şeir. Dünyanın ilk kosmonavtı Qaqarinin anadan olmasının 45 illiyndə də bu şeir oxunmuşdu. Bunu, heç şişirtmədən, şairin fəzaya yüksəlişinin ildönümü kimi qiymətləndirmək mümkündür. Halbuki o, daha öncədən ədəbiyyat fəzasında uçurdu... 

 Sonra bu tarixi hadisə ilə bağlı bir çox şeir, nəsir əsərləri, esse kitablarıyla akademik çalışmalar yayımlandı. O vaxtlar Yazıçılar Birliyi kimi qurumlarda, kinemotoqrafiya kimi sahələrdə ciddi ictimai işlər də görüldü. Şair Oljasın şeirlərində duyğuları oyadan lirik nəğmələr vardır, ana torpağın, ana vətənin müqəddəsliyini tərənnüm edən gözəl misallar yer alır. Şeirlərində o torpaqların sahibi olan xalqın daxili-xarici problemləri, çətinlikləri də mövcuddur və əlbəttə insanın taleyi haqqında dərin düşüncələr var ki, hər bir misrasını təkrar-təkrar oxuyar və bundan yorulmazdıq. Çünki onun hər bir şeiri sürətlə dəyişən dünyanın iztirablı xarakterindən söz açırdı. Beləcə şeirlərin şəkli, məzmunu sayəsində poeziya dünyasında yeni üfüq açaraq intellektual atmosfer yaratdı. Dövrün şairləri sırasında şair ola bilmək həqiqətən böyük uğur idi.

 Bu, xüsusilə II Dünya Müharibəsidən sonra doğulan, “Xruşovun süqutundan” ilham alan, sonrakı dövrdə aldadılan, amma bunlara baxmayaraq ümidini itirməyən, altmışıncı və yetmişinci illər nəslinin romantik və vətənpərvər əhvali-ruhiyyəsinin yaranması idi...

 Təbii ki, Oljas Süleymenovun poetikasında ən vacib mövzulardan biri kimi Türk və Slavyan mövzusu - həm etnik həm də tarixi meydana gəlməsi, Rusiya ilə Ulu Bozqurd sistemlərinin həm mədəni, həm də estetik birliyi və ümumən Avrasiya qitəsinin doğmalığı keçir.  Bunu da qeyd etməyim lazımdır ki, “Avrasiyaçılıq” fikri O.Süleymenovun şeirlərindən ilhamlanmışdır.  Günümüzdə bu fikrin praktik formalaşmasını görməkdəyik və qurulmuş olan Avrasiya İqtisadi Birliyi bunun göstəricisidir. Yenə eyni düşüncəyə əsaslanan və Asiya coğrafiyasında təhlükəsizliyi təmin edən digər bir təşkilat Asiya Əməkdaşlıq və Təhlükəsizlik Konfransıdır.

 Oljas Süleymenovun 15 illik araşdırmalarının nəticəsi olaraq 1975-ci ildə “Az i Ya” kitabı işıq üzü gördü. “İqor alayı haqqında Dastan” ilə “Şumername” bölümlərini təşkil edən əsərin tarixi quruluşu kommunist fikrinin üzərinə dəmirçi çəkici kimi zərbə endirmişdir. Fəqət hamımız çox yaxşı bilirdik ki, kommunist partiyasının hər zaman dilə gətirilən bir cümləsi vardı: “Qazax xalqının məhvinin qarşısını Böyük Oktyabr Sosialist İnqilabı aldı”.  Dolayısıyla, ölkənin paytaxtı Moskvanın dediyinə görə, bu əsər “Qazax milli ruhun oyanışına bir növ bal kimi” təsir etmişdir.

 Təbii ki, bunun nəticəsində ideoloji təzyiqlər də meydana gəlmişdi. 1976-cı ildə şair hökümət tərəfindən cəzalandırılmış, kitabının bütün ölkələrdə yayılmasına qadağa qoyulmuşdu. Fəqət hər qadağa qoyulan şeyin əslində daha çox reklam olunduğunu yaxşı bilirsiniz. Dolayısıyla bu əsər əlli qat baha qiymətlə Moskvanın qara bazarlarında satılaraq xalq tərəfindən oxunurdu və böyük maraq doğurdu.

 Bu həyacanlı dövrün yaşanmasından xeyli zaman keçdi. İndi o dövrdə yaşananları bugün təbəssümlə xatırlayırıq. Qazaxıstan Kommunist Partiyasının I katibi olaraq vəzifəyə başladığım zaman Oljas Süleymenov ilə bağlı əvvəllər qəbul edilmiş qərarların dəyişilməsinə və şairin bəraət almasına vasitəçi olduğumu böyük məmnuniyyət hissi ilə anıram.

 Yenə Oljas Süleymenovun yubileyi ilə birlikdə xatılamağımız gərəkən ən önəmli məsələlərdən biri nüvə silahına qarşı yaradılmış hərəkatdır... Hərəkat nüvə silahına qarşı mübarizənin önəmli hissələrindən biri oldu. Xüsusilə beynəlxalq arenada təsir göstərərək nüvə silahından zərər çəkmiş insanlara ciddi şəkildə yardım olunmasına böyük dəstək vermişdir. Bununla hərəkatın qurucusu Oljas Süleymenov  ictimai rəyin formalaşması və nüvə sınaqları mərkəzinin bağlanması üçün qərarın qəbul edilməsinə nail oldu. Beləcə insanlara ciddi təhlükə sayılan nüvə silahından imtina edən dünyada ilk dövlət və millət biz olduq. Bundan başqa Oljas Süleymenov tərəfindən qurulan Qazaxıstan Xalq Konqresi Partiyasının insan haqları və azadlıq uğrunda mübarizədə fəaliyyətini xatırlatmaq yerinə düşər.

 Bunu açıq şəkildə bildirmək lazımdır ki, Oljas bəy hər zaman açıq və dürüst hərəkət edir, haqqı, ədaləti heç vaxt unutmur, vəzifəyə, rütbəyə əhəmiyyət verməyərək öz prinsipləri əsasında səy göstərir. Elə buna görə də onun dostunun çox olması ilə yanaşı ona qarşı müxalif fikirdə olan insanlar da az deyil. Fəqət hər şeyə rəğmən o həm milli, həm də beynəlxalq arenada böyük şöhrət qazanmışdır. O, siyasətə girişdiyi zaman bir çox siyasətçilər siyasəti daha yeni mənimsəyirdilər. 1976-cı ildə onun adı Böyük Sovet Ensiklopediyasında qeyd ediləndə, Qarbaçovun adı heç kimə tanış deyildi.

 Məncə, Oljas bəy xalqı üçün böyük xidmətlər verib. Dünya mədəniyyəti və tarixində özünə yaraşan bir yer tutur. O, Qazaxıstan xalqlarının birliyi və bərabərliyinə, Qazaxıstan ilə digər dünya dövlətlərinin əməkdaşlığına böyük töhvələr vermişdir. Bu səbəbdən bəzi millətçi insanların tənqidlərinə rəğmən bunu söyləməliyəm ki, Oljas həqiqətən böyük vətənpərvərdir. Vətəninin ehtiyacını çox yaxşı bilən və sülh uğrunda mübarizə aparan böyük vətəndaşdır.

O, mənim əbədi dostumdur. Bəzən mübahisələrimiz olsa belə, o, hər zaman mənim ən yaxın dostum olaraq qalacaq.

 

“Kardeş kalemler” jurnalı

Tərcümə: Xəyal RZA


 



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə