Mayın 10-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda ümummilli lider Heydər Əliyevin 93 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri AYB-nin Ağsaqqallar Şurasının sədri, Xalq şairi Nəriman Həsənzadə açıb: “Bu gün ümummilli lider Heydər Əliyevin doğum günüdür. O, şairlərə, ədəbiyyatçılara həmişə xüsusi qayğı və diqqətlə yanaşıb. Heydər Əliyev ədəbiyyatımızın və mədəniyyətimizin intibahında, çiçəklənməsində önəmli rol oynayan bir şəxsiyyətdir. Onun özü mütaliəli idi, davamlı oxuyurdu və ədəbiyyatımıza, incəsənətimizə bələd idi. Heydər Əliyevin vətəninə, torpağına bağlı bir şəxsiyyət kimi Azərbaycan dilinə, xalqına, onun inkişafına münasibəti və bu uğurda rolu undulmazdır. O, Yazıçılar Birliyinə həmişə gələr və biz ədəbiyyatçıların görüşlərində iştirak edərdi. Onun sadəliyi, böyüklüyü, insanlara həssas, diqqətli münasibəti elə bu görüşlərimizdə özünü göstərərdi”.

AYB-nin sədri, Xalq yazıçısı Anar H.Əliyevin siyasi fəaliyyətindən, xalqımızın taleyində oynadığı misilisiz roldan söz açıb: “Bu gün doğrudan da tarixi bir gündür. 93 il əvvəl Tanrı tərəfindən Azərbaycana böyük bir hədiyyə bəxş olunub. O, xalqımızın taleyində müstəsna rol oynayıb. Hələ sovet dövründə – Heydər Əliyev Azərbaycanın Birinci katibi seçiləndə ölkəmizdəki millətçilik təzahürləri Moskvaya gedib çatmışdı və onları qorxudurdu. Bütün təhlükəni sovuşdurmaq, bu daxili qarşıdurmanının qabağını kəsmək və Azərbaycana nəzarət üçün onu təyin edirlər. Ancaq onların nəzərindən bir şey qaçmışdı ki, Heydər Əliyev onu təyin edənlərdən qat- qat ağıllı idi və öz millətini, xalqını ürəkdən sevən bir insan idi. Heydər Əliyev az bir zamanda Azərbaycanın elə bir imicini, surətini yaratdı ki, ölkədə Azərbaycanın nüfuzu ilə hesablaşmalı oldular. Heydər Əliyev xalqın gücünə arxalanaraq Azərbaycanı xilas edən şəxsdir”.

Hüseyn Cavidin nəşinin Naxçıvana gətirilməsində mühüm xidmətləri olan Həmid Cəfərov Heydər Əliyevin göstərişlərindən, o zamankı hadisələrdən danışıb: “Mən özümü ona görə xoşbəxt sanıram ki, 25 il o böyük insanın xidmətində çalışmışam.  Həmiçinin onun tapşırıqlarından irəli gələn bir sıra məsələlərin həyata keçirilməsində iştirak etdiyim üçün məmnunam. Bunlardan ən mühümü dahi Hüseyn Cavidin nəşinin 41 ildən sonra uzaq Sibirdən vətənə gətirilməsi olub. Heydər Əliyevin ədəbiyyatımıza, tariximizə, mədəniyyətimizə olan qayğısı, diqqəti o qədər yüksəkdir ki, bunların üzərindən yüzillər keçsə belə unudulmaz”.

AYB-nin I katibi, Xalq şairi Fikrət Qoca Heydər Əliyevin fenomenal yaddaşa sahib olduğunu, ədəbiyyat, incəsənət adamlarını heç vaxt unutmadığını, onun hər bir sahədə əvəzsiz biliyə malik olduğunu qeyd edib.

Tədbirdə AYB sədrinin müavini Nazim İbrahimov, Xalq yazıçısı Mövlud Süleymanlı və başqaları da çıxış edərək H.Əliyevin şəxsiyyətindən, siyasi-ictimai fəaliyyətindən danışıblar.

 

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə