Mayın 23-də Türkiyədə Kırşehir Kitab Sərgisi açılıb. Kırşəhər Kitab günlərində Azərbaycanlı şair və yazıçıları da iştirak edirlər.

 

Mayın 24-də Azərbaycan nümayəndə heyətinin Kırşehir bələdiyyə başqanı Yaşar Bahçeçi ilə görüşü baş tutub.

Bələdiyyə başqanı Kırşehirlilərin kitab sərgisinə marağından danışıb, ilk dəfə təşkil olunan bu kitab bayramının hər il keçiriləcəyini, həmçinin, Azərbaycan yazıçılarının kitablarının burda təqdim olunmasının ədəbi əlaqələrin qurulması baxımından faydalı olduğunu söyləyib.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Türkdilli Ölkələr Yazarlar Birliyinin rəhbəri, Xalq yazıçısı Anar Azərbaycan miniatürləri əks olunmuş hədiyyəni bələdiyyə başqanına təqdim edib.

Söhbət əsnasında Kırşehir ziyalıları, yazıçıları ilə Azərbaycan yazıçılarının birgə tədbirlərinin Bakıda və Kırşehirdə görüşləri planlaşdırılıb.

Görüşdən sonra yazıçı-tərcüməçi İmdat Avşarın moderatorluğu ilə "Azərbaycan ədəbiyyatında nəsillərarası əlaqələr" mövzusunda Xalq yazıçısı Anarın, AYB katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin və yazıçı Pərvinin iştirakı ilə müzakirələr olub.

Azərbaycan yazıçılarını oxuculara təqdim edən İmdat Avşar ədəbiyyatın sərhədlər tanımamasını söyləyib, eyni zamanda, hər bir qələm adamı üçün özündən əvvəlki nəsli öyrənməyin vacib olduğunu diqqətə çatdırıb, Azərbaycan ədəbiyyatından etdiyi tərcümələrdən danışıb:

"Azərbaycan ədəbiyyatının bir çox incilərini türkcəyə çevirmişəm. Mirzə Fətəli Axundzadənin, Mirzə Cəlilin, Rəsul Rzanın, Nigar Rəfibəylinin, Mövlud Süleymanlının, Anarın, Rəşad Məcidin, gənc yazıçılardan Günel Anarqızının, Pərvinin və başqalarının kitablarını tərcümə edəndə unudulmaz hisslər keçirmişəm. Bu gün bu yazıçılardan üçü sizlərin görüşünə gəlib. Bu, burada iştirak edən tələbələr, gənclər üçün xüsusi fürsətdir".

Sonra Anar Azərbaycan və türk ədəbiyyatı haqqında geniş çıxış edib. Ortaq türk abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanının bədii özəlliklərindən danışıb:

"Bunu hər zaman söyləyirəm ki, türk dünyasında ingilislərin Şekspiri səviyyəsində dramaturq, ispanların Servantesi, fransızların Balzakı, rusların Tolstoyu, Dostoyevskisi səviyyəsində romançılar yoxdur, amma bu saydığım millətlərin heç birində “Kitabi Dədə Qorqud” möhtəşəmliyində ədəbi abidə yoxdur".

Daha sonra Rəşad Məcid 60-cı illər Azərbaycan nəsrinin sonrakı nəsilə təsirindən söz açıb:

"Bilirsiz ki, Sovetlər dönəmində ədəbiyyat da ideologiyaya xidmət edirdi. Amma 60-cı illərdə mülayimləşmə dövründə yeni ədəbiyyat yarandı, Anar müəllim də həmin ədəbi nəsilə aiddir. Bizim və bizdən sonrakı nəsillərin tərbiyəsində məhz 60-cıların xidməti danılmazdır".

Pərvin çağdaş Azərbaycan ədəbi gəncliyinin əvvəlki nəsillərlə əlaqələrindən danışıb:

"Azərbaycan Yazıçılar Birliyində gənclər üçün fəaliyyət göstərən ədəbi məktəblər bizə son dərəcə faydalı olub. Burda keçirilən görüşlərin gənclərin ədəbi bilgilərinin artırılmasında, yazı vərdişlərinin itilənməsində xüsusu rolu var".

Sonra yazıçılar oxucuların suallarını cavablandırıb, Anar "Yaşamaq haqqı", Rəşad Məcid "Bir daha gəlməyəcək", Pərvin "Balerin" kitablarını oxucular üçün imzalayıblar.

Kitab günləri çərçivəsində unudulmaz, oxucular üçün xüsusi maraqlı görüşlərdən biri də əslən Kırşehirli yazıçı İmdat Avşarın "Ədəbiyyatda çöl" mövzusunda görüşü olub.

İmdat Avşar "Çiydəmləri solan Bozqır", "Soyuq röya" kitablarını oxuculara təqdim edib, əsərlərinin yazılma tarixçələrindən danışıb:

"Mənim əsərlərimin qəhrəmanları Kırşehirdə küçələrdə dolaşan, hamınızın gündəlik gördüyünüz, bir az fərqli, bir az qəribə adamlardır. Məqsədim insan mənzərələrini yumorla yumşaldaraq oxucuya çatdırmaqdır".

İ.Avşarın qarşılaşdığı fərqli adamlar barədə gülməli əhvalatlar danışması kırşehirlilərin xüsusi coşqusuyla qarşılanıb.
 
Sonra yazıçı oxucularla polemikalar edib, kitablarını imzalayıb.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə