Hər il mayın 30-da layiqli şəkildə qeyd olunan "Sabir poeziya günləri"i bu il Xaçmazda keçirilib.
Bakıdan yola çıxmazdan əvvəl Sabir bağında şairin büstü önünə güllər qoyulub. Şairin ruhuna ehtiram göstərən nümayəndə heyəti Xaçmazda öncə Heydər Əliyevin abidəsini ziyarət edib.
Xatırladaq ki, "Sabir poeziya günləri" ilk dəfə Xalq şairi Rəsul Rzanın təşəbbüsü və təşkilatçılığı ilə 1966-cı ildə keçirilməyə başlanıb. R.Rza tədbirin təşkilat komitəsinə ömrünün sonunacan - 1981-ci ilə qədər rəhbərlik edib. Ayrı-ayrı vaxtlarda bu önəmli vəzifəni Abbas Zamanov, Qabil və Fikrət Sadıq daşıyıb. Təşkilat komitəsinin hazırkı sədri - tanınmış ədibimiz Əjdər Ol bu barədə açıqlamasında bildirib ki, Sabirin ildönümləri hər il yüksək səviyyədə keçirilir: "Adətən, biz şairin ata yurdu Şamaxıya yollanır, onun qəbrini ziyarət edirik. Ancaq hərdən, bəzi illərdə bu coğrafi miqyası genişləndiririk. İndiyəcən "Sabir poeziya günləri"ni Ağsu, İsmayıllı, Sabirabadda da keçirmişik. Bu il də "Sabir günləri"nin coğrafi miqyasını genişləndirmək üçün tədbirimizi Azərbaycanın şimal bölgələrindən olan Xaçmazda keçiririk".
Nümayəndə heyəti Xaçmazın görməli yerləri ilə tanış olublar. Şəxsiyyətlər parkında ədəbiyyat və sənət adamlarının büstləri, Rəsm Qalereyasında Azərbaycanın görkəmli rəssamlarının əsərləri qonaqlarda yüksək təəssürat oyadıb. Qalereyada Xalq şairi Sabir Rüstəmxanlı heyətin adından ürək sözlərini yazıb. Daha sonra qonaqlar Tarix Diyarşünaslıq Muzeyini gəziblər.
Əsas tədbir Heydər Əliyev adına Mədəniyyət Mərkəzində gerçəkləşib. Tədbirin aparıcısı Əjdər Ol "Sabir poeziya günləri"nin hər il böyük coşğunluqla keçirilməsini dövlətimizin, xalqımızın dahi şairə xüsusi münasibətinin göstəricisi kimi qiymətləndirib: "Bu gün buraya böyük Sabir ədəbiyyatına zaman ayırmaq, onun dünyasına, poeziyasına daha da yaxın olmaq üçün yığışmışıq".
AYB-nin sədri, Xalq yazıçısı Anar çıxışında "Sabir günlərinin" əhəmiyyətindən danışıb: "Bu gün dahi şairimiz Mirzə Ələkbər Sabirin işığına toplaşmışıq. Sabir Şamaxıda doğulub, yaşayıb və elə orada da dəfn olunub. Amma "Sabir poeziya günləri" Şamaxıyla bərabər, Azərbaycanın başqa- başqa şəhərlərində də keçirilir. Çünki Sabir təkcə Şamaxının, Şirvanın yox, Azərbaycanın, Şərqin, Türk dünyasının və ümumiyyətlə, dünyanın böyük şairidir. Sabir ağır, məşəqqətli bir həyat yaşayıb. Onun arzuları böyük olub. Millətini inkişaf etmiş, tərəqqi tapmış, dünya millətləri ilə yarışa girə biləcək bir millət kimi görmək istəyib. Və acı-acı yazıb ki: "Əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyiriz". Bu günü görsəydi, görərdi ki, kosmosda müstəqil Azərbaycanın peyki uçmaqdadır. Avtomobil minməyən millətimiz tıxaclardan əziyyət çəkir. Əlbəttə, "hər şey yaxşıdır" deməklə olmaz. Hər şeydən öncə Qarabağ adlı böyük bir problemimiz var. Bir sıra sosial-mədəni çətinliklərimiz var. Ancaq Azərbaycanın inkişafını görmək üçün Xaçmaza gəlməyin özü də kifayətdir. Bu gün biz fərəh hissi ilə bu şəhərdəki abadlıq işlərinin şahidi olduq. Çox sevindik ki, Azərbaycan elminin, mədəniyyətinin, ədəbiyyatının ən mümtaz simalarına qədirşünaslıqla heykəllər qoyub adlarını əbədiləşdirmisiniz. Bizim xalqda həmişə şeirə, ədəbiyyata maraq və sevgi olub. Bizi bu salona toplayan da elə bu sevgidir".
Xalq şairi Sabir Rüstəmxanlı poeziya tədbirlərinin daha tez-tez keçirilməsinin tərəfdarı olduğunu deyib: "Sabir poeziya günləri"nin Azərbaycanın bütün rayonlarında keçirilməsi vacibdir. Əvvəla, deyildiyi kimi, Sabir təkcə Şamaxının deyil, bütün millətin sərvətidir. Uşaqlarımız onun şeirləri ilə dil açırlar. Ədəbiyyatına, mədəniyyətinə, keçmişinə, tarixinə hörmət etməyən bir millətin gələcəyi ola bilməz. Söz və ədəbiyyat olmayan yerdə millət və onun ruhu yoxdur. Rusiyada Puşkin, Nekrasov, Yesenin günləri keçirilir. Bu görüşlərdə 20-30 min adam bir araya toplaşıb ədəbiyyatı, poeziyanı, şeiri dinləyirlər. Məncə, bizim şeir günlərimiz tədricən daha geniş auditoriyalara çıxmalıdır".
Akademik Teymur Kərimli Sabiri istiqlal şairi kimi xarakterizə edib: "Xalq şairi Xəlil Rza söyləyirdi ki, mən öləndən sonra ömrümün yüksək mərhələsi başlanmalıdır. Dahi şairimiz Mirzə Ələkbər Sabirin ömrünün yüksək mərhələsi isə artıq 105 ildir ki, başlanıb və davam edir. Bu illər ərzində Sabir haqda qalaq-qalaq əsərlər yazılıb, onunla bağlı cild-cild kitablar nəşr olunub. Sabir istiqlal şairidir və onun təkcə satirik yox, ciddi əsərlərində də bunun şahidi oluruq. O, istiqlalımızı hazırlayanlardan, müstəqilliyimizin yoluna daş döşəyənlərdən biridir. Sabir bu yolda tamamilə orijinal bir şəxsiyyət olub. Füzulidən sonra epiqonçuluq çox geniş vüsət almışdı. Ona görə ki, şairlər Füzuli zirvəsinə çatmağa çalışırdılar. Sabir bu yolla getmədi, öz zirvəsinin təməlini qoydu və onu ucaldaraq Füzuli zirvəsiylə yanaşı qaldırdı".
AYB katibi Rəşad Məcid şairin adıyla bağlı günləri nadir poeziya tədbirlərindən biri kimi səciyyələndirib: "Mən "Sabir poeziya günləri"nin ənənəsini xatırlatmaq istəyirəm. Bu, Azərbaycanda çox nadir, uzunömürlü poeziya günlərindəndir. Sabirin bir əsr əvvəl yazdıqlarını, onun düşüncələrini, ideyalarını yaşatmaq üçün bu, olduqca effektiv və təsirli vasitədir".
Şair Əhməd Qəşəmoğlu Sabirlə bağlı yeni elmi tədqiqatlara ehtiyac olduğunu deyib: "Sabirdə qeyri-adi bir enerji, quruculuq, yaradıcılıq, inkişaf potensialı vardı. Bizim ədəbiyyatımız müxtəlif yönlərdən inkişaf edir. Sabir isə ayrca bir xətti daha da qüvvətləndirdi və bununla da xalqımıza böyük bir faydası dəydi. Sabir Nəsimidən, Füzulidən gələn ədəbi nəfəsi gücləndirdi. O, bizim milli bəlalarımızı elə milli ruhla da müalicə etməyə çalışırdı".
Tənqidçi Rüstəm Kamal Sabir poeziyasının təsir gücündən danışıb: "Sabir məsləkini dəyişməyən, sözə, həqiqətə sadiq olan şairlərdən biridir. Ümumiyyətlə, XX əsrin əvvəllərində yaşamış sənətkarlarımızın əksəriyyətini səciyyələndirən ən mühüm cəhət onların böyük məslək və böyük məfkurə sahibləri olmasıdır. Biz o məfkurəyə, məsləkə minnətdarıq. Sabirin şeirlərindəki eyhamları, işarələri götürsək, ortada mistik mətnlər qalar. Onların gücü, energetikası da məhz elə həmin mistikadadır".
Şəhər icra başçısının müavini İlhamə Nəzərova Xaçmazda son illər görülən abadlaşdırma işlərindən söz açıb, şəhərin elm və mədəniyyət ocağına çevrildiyini bildirib.
Müxtəlif şeirlər - həm Sabirin, həm də digər şairlərimizin poeziyasından nümunələr səsləndirilib.
AYB-nin Birinci katibi, Xalq şairi Fikrət Qoca və Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin də iştirak etdiyi tədbirdə şairlər Paşa Qəlbinur, Sabir Sarvan, Ramiz Qusarçaylı, Yusif Nəğməkar, Sayman Aruz, tənqidçi Təyyar Salamoğlu, AYB-nin Şamaxı bölməsinin rəhbəri Seyfəddin Qəni, Sabir Fondunun sədri Sevda Tahirli fikirlərini bölüşüblər, Əməkdar artist Ağalar Bayramov şeirlər səsləndirib.
Müşfiq ŞÜKÜRLÜ