Yaxın aylarda Oman və Azərbaycan arasında ədəbi mübadilə gerçəkləşəcək.
Oman Sultanlığı Mədəniyyət Klubunun rəhbəri doktor Aişə əd-Dərməki ilə ilə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu arasında Əməkdaşlıq Memorandumu imzalanıb. İmzalanan bu sənəd hər iki xalqın klassik və müasir ədəbiyyatlarının qarşı tərəfin dilinə tərcüməsini, xüsusi buraxılışlar və ya kitablar, antоlogiyalar şəklində nəşrini, nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün resursların axtarılması işində koordinasiyanı, ümumiyyətlə ədəbi proseslərin uzlaşdırılmasını, peşəkar mübadilənin mütəmadi xarakter almasını, səfərlərin, görüşlərin, mühazirələrin təşkilini nəzərdə tutur.
Memorandumda deyilir: “Hesab edirik ki, xalqlarımızın ümumislam mədəniyyətinə aidliyi, oxşarlığı və bu günü bizim klassik və müasir ədəbiyyatların yaxınlaşması, bir-birinə tanıdılması işini daha da aktuallaşadırır, başqa tərəfdən bu Oman və Azərbaycan xalqlarının tarixinə hörmətdir, onun inkişafının davamlı olmasını, dərinləşməsini labüd edir...”
Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu eksklüziv açıqlamasında bildirib ki, bu əməkdaşlıq bir çox tərəfdən əhəmiyyətli olacaq : “Əvvəla bizim müxtəlif xalqların ədəbiyyatlarını öyrənmək və tanımaq baxımından ciddi boşluqlarımız var. Odur ki, biz artıq Mərkəzin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin “Oman ədəbiyyatı” xüsusi sayını hazırlayırıq. Yəqin yaxın aylarda işıq üzü görər. Ümumiyyətlə zəngin ərəb ədəbiyyatının bir hissəsi olan Oman ədəbiyyatını bir-iki ədəbi imza içində ya tanıyırıq, ya da heç tanımırıq. Daha çox tanımırıq. Tanıyanlar isə yəqin bəzi mütəxəssislərdir. Ona görə də biz birinci növbədə Oman ədəbiyyatını ilk dəfə və əsaslı olaraq tanıtmaq qərarı vermişik. İlk layihəmizdə XIX və XX əsr, xüsusən XX əsr Oman ədəbiyyatının 60-dan artıq ədibinin- Əbu Sufi Səid əl-Omani, Əllamə Məhəmməd əl-Məuli, Raşid əl-Həbsi, Əl-Qeysəri kimi klassiklərindən başlayaraq Yaqub əl-Xənbəşi, Abdullah İbn Mübarək Əl-Battaşi, Aminə ər-Rabi, Əzhar Əhməd əl Harisi, Rahmə əl-Muğeyzəvi, Əli əl-Maməri, Yəhya Salam əl-Munziri, Numeyr bin Salim əs-Səid, Talib əl-Məmari, Süleyman əl-Məmari, Məhəmməd ət-Tavil, Məhəmməd əl-Yəhyayi, İbrahim Səid, Məhəmməd Seyf ər-Rahbi, Xəlifə bin Sultan əl-Abri, Əbdüləziz əl-Farsi, Coxa əl-Harisi, Hamud Suud, Bədr əş-Şidi, Buşra Xəlfan, əl-Xəttab əl-Məzrui, Hamud əş-Şukeyli, Huda Məhəmməd, Hilal əl-Badi, Nasir Saleh, Azizə əl-Tai, Həmid bin Amir əl-Hicri, Seyf əl-Rahbi, Fatimə əş-Şidi, Əhməd əl-Fəllahi, Adil əl-Kəlbani, Abdullah əl-Bəluşi, Muhəmməd əl-Harisi, Məhəmməd əl-Xədrəmi, Hilal əl-Busəidi, Yunis əl-Busəidi, Səidə Əl-farisi, Zahil əs-Salimi, Yəhya əl-Lezami, Mahmud Həmid, Hilal əl-Həcəri, Abdullah Həbib, Aişə əs-Seyfi, Həsən əl-Mətruşi kimi ədiblərinin roman, hekayə, esse, şeir və ədəbiyyatşünaslıq məqalələrini tərcümə və təqdim etmək qərarı vermişik. Bu prosesə bizim tərəfimizdən müxtəlif nəsilləri təmsil edən nüfuzlu və gənc alimlərimiz, tərcüməçilərimiz – professor-doktor İmamverdi Həmidov, Aytəkin Qocayeva, Rəşad Həsənov, Mahir Həmidov, İsmayıl Hüseynov cəlb olunublar. Artıq tərcümələr bitib. “Dünya ədəbiyyatı” dərgisinin “Oman ədəbiyyatı” xüsusi sayının hazırlanmasında yaxından əməkdaşlığına və dəstəyinə görə mən Oman Sultanlığı Mədəniyyət Klubuna və onun rəhbəri xanım Aişə əd-Dərməkiyə dərin təşəkkürümü bildirirəm... Bizim Oman ədəbiyyatı və Oman Sultanlığının mədəniyyəti ilə bağlı düşüncələrimiz bununla bitmir, inanıram ki, əməkdaşlığımız davamlı olacaq, gördüyümüz işlər, hazırladığımız nəşrlər oxucuların və peşəkarların diqqətini çəkəcək.
AYB.az