Dünya ədəbiyyatının haqlı olaraq ən böyük hadisələrindən hesab edilən Yazıçıların 2016-cı il Beynəlxalq Nyu-York Konfransı öz işini başa çatdırdı.
Müasir dünya ədəbiyyatında nəsrin yerini və perspektivlərini müzakirə edən, eləcə də yazıçıyla ədəbi agent və redaktor arasında körpü yaratmağa xidmət göstərən, rəsmən Writer`s Digest Annual Conference adlanan bu konfrans Nyu-Yorkun Hilton Midtown otelinin konfrans zalını bir neçə gün ərzində əsl ədəbiyyat aurasına bürüdü.
Burada Matyu Kuin Martin, Fil Seqston, Emili Libert, Qabriela Pereyra, Libbi Kadmor kimi tanınmış ədəbiyyat mütəxəssisləri tərəfindən «Tarixi roman üçün tədqiqat», «Dinamik xarakterlərin yaradılması», «Uğurlu müəllif olmağın sirləri», «Dram janrı müasir dönəmdə», «Xorror və detektiv ədəbiyyat bu gün», kimi olduqca maraqlı seminarlar keçirildi, «Müəlliflər üçün marketinq strategiyası» adlı çox faydalı təlim baş tutdu.
Şübhəsiz, konfrans çərçivəsində ən diqqətçəkən məqam pitçinq – uğur qazanacağı ehtimal edilən nəsr əsərlərinin ədəbi agentlər və redaktorlar üçün prezentasiyası oldu. Bu il ilk dəfə Nyu-York Konfransının pitçinq siyahısına MDB məkanını təmsil edən yazıçıların da əsərləri daxil edilmişdi: Aleksandr Qritsenko, Andrey Aksyonov, Nataliya İmpris, Simon Bebel, Saşa Kruqosvetov, Vladimir Şatakaşvili, Viktoriya Balaşova və həmyerlimiz Varis Yolçuyev.
Amerika ədəbi agentlərinə və redaktorlarına Varisin Bakıda və İstanbulda çap edilən, Moskvada çapa hazırlanan «Yetmiş yeddinci gün» romanı təqdim edildi.
Qeyd edək ki, pitçinq hüququ əldə edilmiş bütün sinopsislər Writer`s Digest Annual Conference 2016-nın rəsmi kataloquna salınaraq daha böyük arealda yayılmaq imkanı qazanır.
Konfransın MDB üzrə agenti Lyn Menkenin verdiyi açıqlamaya görə keçmiş Sovetlər Birliyi yazarlarının əsərləri fərqli təəssürat axtaran Amerika ədəbi agentlərinin və redaktorlarının böyük marağına səbəb oldu!
Xatırladaq ki, Varisin Amerikada debütü ötən il baş tutub, «Metamorfoz» romanı nəşriyyat hesabına çap edilərək satış şəbəkəsinə buraxılıb.
AYB.az