"Mütərcim" nəşriyyat evi "Müasir Azərbaycan şeiri" seriyasından olan növbəti kitabı ingilis dilində çap edib.
Bu dəfə müasir Azərbaycan ədəbiyyatının ən görkəmli qadın nümayəndələrindən biri, Xalq Şairi Nigar Rəfibəylinin "Baharın nəğməsi" (The Song of Spring) adlı şeirlər toplusu ingilis dilində işıq üzü görüb.
Layihənin formatına uyğun olaraq kitaba şairin 21 şeiri daxil edilib. Şeirləri ingiliscəyə filologiya üzrə fəlsəfə doktoru, yazıçı-tərcüməçi Kamran Nəzirli çevirib. Qeyd edək ki, şeir mətnlərinə Boston Universitetinin dil mütəxəssisləri rəy veriblər.
Kitabın “Ön söz”ündə tərcüməçi Nigar Rəfibəylinin həyat və yaradıcılığı barədə əcnəbi oxuculara geniş məlumat verib.
Qeyd edib ki, təqdim olunan şeir mətnləri Azərbaycanın müasir qadın şairlərinin ən layiqli nümayəndələrindən biri Nigar Rəfibəyliyə məxsusdur. Nigar xanımın həyat və yaradıcılığı bir örnəkdir, onun kitabına daxil edilən sevgiyə, təbiət mənzərələrinə, mənəvi zənginliyə, sülh və azadlıq ideyalarına, Vətənə həsr edilən şeirləri ibrətamizdir, müasir şeir texnikası və fəlsəfəsi baxımından çox önəmlidir. Şeir mətnlərində bəzi milli termin və ifadələrə izahatlar və şərhlər də verilib. Kitabda şairin "Ala gözlüm", "Durna", "Vətənim", "Ayrılıq", "Dağlar", "Düşüncələr", "Yuxuda güllər görürəm", "Dağları duman alanda", "Sən getdin", "Bahar nəğməsi" və s. lirik şeirləri ilə yanaşı, Dorian Rottenberqin tərcümə etdiyi "Mətbəx sətirləri" də yer alıb.
"Mütərcim" nəşriyyat evinin direktoru Əliş Ağamirzəyev AZƏRTAC-a bildirib ki, sürətli internet əsrində bu formatda kiçik həcmli kitabçaların nəşri daha əlverişlidir. Xarakterik cəhət bir də bundadır ki, onlar tez alınır və tez də oxunur. Artıq bu seriyadan bir neçə kitabın işıq üzü gördüyünü və xaricdə maraqla qarşılandığını bildirən naşir deyib:
"Növbəti ildə layihənin müəllifi Kamran Nəzirli ilə birlikdə Azərbaycanın bir çox tanınmış şair və yazıçıları - Söhrab Tahir, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Əli Kərim, Vaqif Səmədoğlu, Anar, Elçin və başqa qələm adamlarının əsərlərindən ən seçmə nümunələri ingilis dilində çap etdirmək fikrindəyik. Layihədə cavan, yeni nəslin nümayəndələrinin də seçmə əsərləri nəzərdə tutulub. Artıq layihə çərçivəsində bir neçə nümunə toplu hazırdır, onların nəşr xərclərinin qarşılanmasını öz üzərinə götürmək istəyən yerli və xarici xeyriyyəçi, qeyri-hökumət təşkilatları ilə danışıqlar aparılır. Belə kitabçaların sürətlə nəşr edilib xarici ölkələrdə yayılmasına dəstək vermək xeyirxah bir işdir və bu, həm də müstəqil Azərbaycanın müasir ədəbiyyatı, xalqımızın bədii məfkurə adamlarının yaradıcılığı ilə daha geniş oxucu kütləsinin tanış ola bilmək imkanlarını artıracaq”.