Oktyabrın 10-da Nizami adına Ədəbiyyat İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə tərtib edilərək nəşrə hazırlanan “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının  “Məhəmməd Əmin Rəsulzadə” cildinin təqdimat mərasimi keçirilib.

 

Akademik İsa Həbibbəyli tədbiri giriş sözü ilə açaraq“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası”nın nəşrini zəruri edən amillərə aydınlıq gətirib, bu kitablar seriyasının çoxcəhətli əhəmiyyətini izah edib.Mühacirət ədəbiyyatının obyektiv tədqiqini, Nizami adına Ədəbiyyat İnstitutunda bunun üçün əlverişli zəmin olan “Azərbaycan mühacirət ədəbiyyatı” şöbəsinin yaradılmasını da  milli müstəqilliyin  elmimiz qarşısında açdığı geniş imkanın təzahürü olduğunu söyləyib. Akademik İsa Həbibbəyli əvvəlcə son dövrlərdə institutda dərc olunan kitablardan da söz açaraq qeyd edib:“9 noyabr 2015-ci il tarixində AMEA-nın yaradılmasının 70 illik yubileyində söylədiyi nitqində ölkə Prezidenti cənab İlham Əliyev qarşıdan Azərbaycan Respublikasının dğvlət müstəqilliyinin 25-ci ildönümünün gəldiyini söyləyərək AMEA-nın bu münasibətlə bir kitab hazırlamasını tövsiyə etmişdi. Artıq AMEA bu 25 il ərzində Azərbaycanda iqtisadiyyatın, elmin, siyasətin və digər müxtəlif sahələrin inkişaf və irəliləyişlərindən bəhs edən “Müstəqillik yollarında” adlı kitabı milli müstəqilliyimizə hədiyyə edəcək. Nizami adına Ədəbiyyat İnstitutu da öz növbəsində milli müstəqilliyimizin 25-ci ildönümünə töhfə olaraq “Müstəqillik dövrü Azərbaycan Ədəbiyyatı” adlı iki cildlik kitab hazırlayıb”.

Sonra Azərbaycan mühacirət ədəbiyyatının özünəməxsus mühüm keyfiyyətlərindən bəhs edərək, bütün bunların öyrənilməsinin vacib olduğunu əsaslandıran akademik İsa Həbibbəyli böyük ictimai-siyasi xadim, ədib, alim və mütəfəkkir Məhəmməd Əmin Rəsulzadənin mühacirət dövründə yazdığı ədəbiyyatşünaslıq əsərlərini yüksək qiymətləndirib. Qeyd edib ki, bu gün oxuculara təqdim olunan kitablar seriyasının birinci cildi “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 2013-cü il tarixli Sərəncamına müvafiq olaraq nəşr edilib və bu kitabda Məhəmməd Əmin Rəsulzadənin mühacirət dövrü yaradıcılığı yer alıb.Akademik İsa Həbibbəyli söyləyib ki, Azərbaycanda siyasi publisistikanı formalaşdırmış, “Azərbaycan Cümhuriyyəti” əsəri ilə cəmiyyətşünaslığın təməllərini qoymuş Məhəmməd Əmin Rəsulzadənin ikinci mühacirət dövründə (1922-1955) yaratdığı zəngin və qiymətli irs çətin və mürəkkəb illərin məhsulu olduğu üçün, pərakəndə vəziyyətdə  yarandığı üçün toplanıb sistemli şəkildə ədəbi-elmi ictimaiyyətə təqdim olunmamış, tədqiq edilməmişdir. Bu cəhətdən, akademik İsa Həbibbəyli AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin hazırlayıb oxuculara ünvanladığı bu nəşrin həmin sahədə atılmış mühüm bir addım olduğunu söyləyib.

Daha sonra Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin müdiri, “Məhəmməd Əmin Rəsulzadə” cildinin məsul redaktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nikpur Cabbarlı birldirib ki, 2013-cü ildə “Mühacirət ədəbiyyatı şöbəsi”nin yaradılması bu kitablar seriyasının  nəşrini sürətləndirdi və həmin ildə AMEA Rəyasət Heyəti tərəfindən təşkil edilən redaksiya heytində Azərbaycanlı alimlərlə yanaşı Türkiyəli alimlər Yavuz Akpınar, Ömər Özcan da yer almışdır.Alim qeyd edib ki, bu kitablar seriyasının nəşrində əsas məqsədlərdən biri  mühacirət ədəbiyyatını geniş oxucu kütləsinə və elmi ictimaiyyətə təqdim etmək olsa da, digər əsas məqsəd mühacirət ədəbiyyatının tədqiqi üçün sanballı biblioqrfik baza yaratmaqdır. Kitabın məsul redakoru həm də Məhəmməd Əmin Rəsulzadənin mühacirətdə qələmə aldığı əsərlərinin yüksək ideya-estetik dəyərə malik olduğunu, Azərbaycan ədəbiyyat tarixçiliyi və ədəbi-nəzəri fikrinin konkret dövrdəki inkişafını əks etdirən mənbə kimi əhəmiyyət daşıdığını qeyd edərək əsərin ədəbiyyatşünaslığımız üçün digər faydalarından bəhs edib.

Türkiyəli alim, professor Yavuz Akpınar, Azərbaycan mühacirət irsinin tədqiqatçısı Ramiz Abutalıbov, filologiya üzrə fəlsəfə doktoruAbid Tahirli, filologiya üzrə fəlsəfə doktoru, professor Ədalət Tahirzadə, filologiya elmləri doktoru, professor Tehran Əlişanoğlu, filologiya üzrə fəlsəfə doktoru, dosent Şahbaz Şamıoğlu və digər alimlər “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının, o cümlədən,  “Məhəmməd Əmin Rəsulzadə” cildinin nəşrini təqdir edərək, bunu Nizami adına Ədəbiyyat İnstitutunun mühacirətşünaslığa böyük töhfəsi kimi qiymətləndiriblər.

AYB.az



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə