Noyabrın 10-da Azərbaycan Yazıçılar Birliyində Yunus Əmrə İnstitutu ilə Memorandum imzalandı. Bakı Yunus Əmrə İnstitunun müdiri İbrahim Yıldırım Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara Yunus Əmrə İnstitunun həyata keçirəcəyi yeni layihələrlə bağlı geniş məlumat verdi. AYB sədri iki ölkə arasında ədəbi-mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün, yeni və önəmli layihələrin həyata keçirilməsi üçün birgə fəaliyyətin, geniş əməkdaşlığın vacibliyini vurğuladı. Sonra Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin və aybKitab layihəsinin rəhbəri Xəyal Rza Yunus Əmrə İnstititu ilə əməkdaşlıq və nəzərdə tutulan birgə layihələrlə bağlı AYB sədrinə məlumat verdi. Qeyd olundu ki, Yunus Əmrə İnstitutu ilə həyata keçiriləcək bir çox önəmli layihələrlə yanaşı aybKitab layihəsinin inkişafı üçün də geniş əməkdaşlıq ediləcək. Çağdaş Azərbaycan ədəbiyyatının təbliğ olunması, kitaba olan marağın artırılması, gənc müəlliflərin imza günlərinin təşkil edilməsi istiqamətində görüləcək işlər də Memorandumda öz əksini tapıb. Bundan başqa Azərbaycan Yazıçılar Birliyinin elektron mətbuatı - ayb.az, aybkitab.az saytları da Yunus Əmrə İnstitutu ilə əməkdaşlığı genişləndirəcək, qarşılıqlı layihələr həyata keçirəcək. Daha sonra aybKİtab layihəsinin rəhbəri Xəyal Rza və Bakı Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım Memorandumu imzaladılar.
AYB.az