Azərbaycan Yazıçılar Birliyinin(AYB) “Natəvan” klubunda ədəbiyyatşünas alim Arif Əmrahoğluya həsr olunmuş “Hər kəs üçün yaxşı Arif Əmrahoğlu” kitabının təqdimatı keçirilib.
Tədbiri AYB katibi Rəşad Məcid açaraq alimin elmi-ədəbi fəaliyyətindən danışıb: “Bu gün əziz dostumuz Arif Əmrahoğlunun doğum günüdür. Eyni zamanda yaxınlarının və ziyalıların xatirələrindən ibarət yeni bir kitab işıq üzü görüb. Bu kitab onun ruhuna böyük bir hədiyyədir və xatirəsinə olan qayğı və diqqətin ifadəsidir. Mən Ariflə bir neçə il bir yerdə işləmişəm və onun xasiyyətinə, həssaslığına yaxşı bələdəm. Arif Əmrahoğlunun həm tənqidçi, ədəbiyyatşünas, həm Yazıçılar Birliyinin katibi və həm də yaxın bir dost kimi üstün keyfiyyətlərinə şahid olmuşam. O, dəyərli və undulmaz bir ziyalıdır”.
AYB sədri, Xalq yazıçısı Anar alimi Azərbaycan ədəbiyyatında önəmli bir fenomen kimi dəyərləndirib: “Çox istərdik ki, Arifin ad gününü onunla birlikdə keçirək. Ancaq, əlbəttə, həyat amansızdır. Arif öz-özünü yaradan bir insan idi. O, öz istedadı, iradəsi, əzmi ilə Azərbaycan ədəbiyyatında Arif Əmrahoğlu fenomeni yarada bildi. O, Yazıçılar Birliyinə yeni bir ruh, nəfəs gətirdi. Arif həyatda rast gəldiyim ən saf, təmizqəlbli inanlardan biri idi”.
AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanov Arif Əmrahoğlunun şəxsiyyət və tədqiqatçı kimi yüksək məziyyətlərindən söz açıb: “O, deyirdi ki, mən elə bir ömür yaşamamışam ki, dostlarım, yaxınlarım xəcalət çəksinlər. Bunu bütün tanışları təsdiq edə bilər. Arifin yazılarına, auditoriyadakı çıxışlarına diqqətlə fikir verən hər kəsə bəllidir ki, Arif zay ədəbiyyat haqqında bir kəlmə də xoş söz deməyib. O, bu həqiqəti çox yaxşı dərk eləmişdi ki, gerçək ziyalı öz zəhməti, əziyyəti, alın təri ilə özünü təsdiq etməlidi.”
Şair Çingiz Əlioğlu A. Əmrahoğlunun ləyaqətli bir tənqidçi kimi xatırlayıb: “Arif son dərəcə unikal, hər cür konyukturadan uzaq, daxilən zəngin və nəhəng bir insan idi. O, hər hansı bir qələm əhlini cəmiyyətdə tutduğu mövqeyinə, nüfuzuna görə yox, ədəbi dəyərlərinə görə qiymətləndirən ləyaqətli bir tənqidçi idi. Arif Əmrahoğlu poeziyanı çox yaxşı bilirdi və fikir verilməyən, dərininə gedilməyən ədəbi mətləbləri su üzərinə çıxarırdı”.
Professor Nizami Cəfərov ədəbiyyatşünas alimdən yaxın bir dost olaraq söhbət açıb: “Ariflə biz tələbə yoldaşı olmuşuq. O, çoxlu konfranslar, məruzələr təşkil edirdi. Elə həmin günlərdən dostlaşdıq. Sonradan o, akademiyada işləməyə başladı, daha sonra Prezident Administrasiyası və Yazıçılar Birliyində fəaliyyət göstərdi. Həm ictimai fəaiyyətində, həm də bir tənqidçi alim kimi işlədiyi bütün yerlərdə uğur qazandı. Onun elmi yaradıcılığı, xüsusilə, diqqətəlayiqdir. Arif Əmrahoğlu XIX əsr ədəbiyyatının hələ də ən yaxşı tədqiqatçılarından biridir”.
“Xan” nəşriyyatının direktoru Şamil Sadiq nəşriyyatın “xatirə ədəbi silsələsindən” söz açaraq bildirib ki, “Hər kəs üçün yaxşı Arif Əmrahoğlu” seriyanın iyirmi səkkizinci kitabıdır. AYB əməkdaşı Arzu Mahmdova kitabın hazırlanması prosesindən danışıb.
Şairlər Sabir Sarvan və İlham Qəhrəman Arif Əmrahoğluya həsr etdikləri şeirlərini səsləndirib.
AYB-nin Birinci katibi, Xalq şairi Fikrət Qoca, yazıçı Əli Abbas, ədəbiyyatşünas alim Paşa Əlioğlu, tənqidçi Zaman Əsgərli, filologiya elmləri doktoru Baba Babayev, şair Fərqanə Mehdiyeva və başqaları da çıxış edərək Arif Əmrahoğlu ilə bağlı xatirələrini dilə gətiriblər.
Sonda A. Əmrahoğlunun qızı Günel Məmmədova söz alaraq tədbir təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.