Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Mahmud Kaşqarlı Dördüncü Beynəlxalq hekayə müsabiqəsi Azərbaycan mərhələsinin qaliblərinə mükafatların təqdimetmə mərasimi keçirilib.
Tədbiri AYB katibi Rəşad Məcid açaraq, Avrasiya Yazarlar Birliyi ilə birlikdə artıq dördüncü dəfə Mahmud Kaşqarlı hekayə müsabiqəsinin keçirildiyini bildirib, müsabiqə haqda ətraflı məlumat verib.
2012-ci ildə Mahmud Kaşqarlı hekayə müsabiqəsinin ölkə və beynəlxalq mərhələsinin qalibi olmuş yazıçı Əjdər Ol Azərbaycan üzrə birinci yerin sahibinin beynəlxalq müsabiqədə də uğur qazanacağına ümid etdiyini deyib: “İkinci müsabiqənin qalibi kimi Ankarada olanda orada çox yüksək səviyyəli, təntənəli bir təqdimat mərasimi keçirildi. Bu il isə müsabiqənin beynəlxalq mərhələsi isə Almatıda olacaq. Builki qalibimizin Azərbaycanı orada uğurla təmsil edəcəyinə inanıram”.
Sonra qaliblər mükafatlandırılıb. Birinci yerə “Mən toz dənəsiyəm” hekayəsi ilə Təranə Vahid layiq görülüb. “Düşərgəyə adam gəlir” hekayəsi ilə Cavid Zeynallı ikinci, “Qara buludlar” hekayəsinə görə isə Rəşid Bərgüşadlı üçüncü yeri tutub. Qaliblərə diplom və pul mükafatları təqdim olunub.
Tədbirdə iştirak edən yazıçı-dramaturq Əli Əmirli hər bir müəllif haqda müsbət fikirdə olduğunu, xüsusilə, Təranə Vahidin hekayəsindən razı qaldığını bildirib: “Sevinirəm ki, Təranə Vahidi ədəbi mühitə mən təqdim etmişəm. Onun yazıları gözəl şeir kimidir, onlara dəfələrlə qayıtmaq olur. “Mən toz dənəsiyəm” hekayəsi onun yaradıcılığında böyük bir irəliləyiş, ciddi bir addımdır”.
Münsiflər çıxış edərək müsabiqənin əhəmiyyətindən və hekayə seçimlərindən söz açıblar. Sonda xatirə şəkilləri çəkdirilib.
AYB.az