Dekabrın 14-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış şair Ramiz Rövşənin 70 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbiri AYB-nin sədri, Xalq yazıçısı Anar açaraq şairlə dostluğundan, onun yaradıcılığından danışıb: “Böyük şairimiz, əziz dostumuz Ramiz Rövşənin 70 yaşı tamam olur. Haqqında çox yazmış, çox danışmışam. Yenə də qeyd etmək istəyirəm ki, Ramiz Rövşənin ədəbiyyatımız üçün gördüyü işlər, etdiyi xidmətlər əvəzsizdir. Bir şair, nasir kimi də, dost kimi də xüsusi yeri olan, əziz insandır”.
Ardınca sədr yubiley münasibətilə AYB-nin, TÜRKSOY-un diplom, döş nişanı və hədiyyələrini yubilyara təqdim edib.
AYB-nin birinci katibi, Xalq şairi Fikrət Qoca yubilyarla bağlı düşüncələrini dilə gətirib: “Ramiz Rövşəni təkcə Azərbaycanda yox, onun sərhədlərindən kənarda da sevir, oxuyurlar”.
Yazıçı Kamal Abdulla şairlə qırılımaz dostluq münasibətlərindən söz açıb: “Ramizlə ünsiyyətimizin, dostluğumuzun əlli ilə yaxın tarixi var. Aradan nə qədər illər keçsə, zaman bizi belədən-elə, elədən-belə nə qədər qovsa da münasibətimiz yenə də qalmaqda, yaşamaqdadır”.
Yazıçı-publisist Səyyad Aran deyib ki, Ramiz Rövşənin şeirlərini gənclik illərindən oxuyur: “Onlar haqda düşüncələrim, həmin şeirlərin oyatdığı duyğular da yaşamaqdadır. Şeirlərindəki bədii manevrlər, xüsusi keçidlər, ümumiyyətlə, poetik atmosfer heyranedicidir. Heç kəs məhəbbəti onun qədər səmimi ifadə edə bilmir. Əbədi poetik xoşbəxtlik deyilən anlayış mövcuddur. Bu da şair xoşbəxtliyidir ki, bütün zamanlarda sevilməklə, oxunmaqla daim yaşayır. Ramiz Rövşən də o böyük şairlərdəndir”.
Tənqidçi Vaqif Yusifli R.Rövşənin şeirləri və özüylə tanışlığından söhbət açıb: “Ramiz Rövşəni universitetin birinci kursunda oxuyandan bəri tanıyıram. Filologiya fakülətəsində şeir yazanlar çox idi. Onlar arasında Ramiz Rövşən də var idi. Ancaq o, ilk şair idi ki, obrazı, səsi və sözüylə yaddaşıma həkk olundu. Əlbəttə, ədəbi aləmə yeni ayaq basanda onu alqışlayanlar da, tənqid edənlər də var idi. Amma Ramiz bir şair kimi çox tez etiraf və təsdiq olundu. O, Azərbaycan şeirinə təzə notlar gətirdi. XX əsr poeziyamızı onsuz təsəvvür etmək mümkün deyil”.
Tənqidçi Elnarə Akimova qeyd edib ki, Ramiz Rövşən yaradıcılığında dəyişməz qalan iki çalar var. Bunlardan biri heç cür tükənməyən yaradıcı ehtiras, digəri isə şeirlərinin ideoloji qatında hiss olunan etiraz ruhudur.
Professor Cəlil Nağıyev bildirib ki, Ramiz Rövşən yaradıcılığının tədqiqinə günümüzdə daha çox ehtiyac var: “Ramiz haqda çox yazılıb, hərtərəfli məqalələr dərc olunub. Ancaq istərdim ki, onunla bağlı samballı monoqrafiyalar da çap edilsin, dissertasiyalar yazılsın. Ümid edirəm, poeziyamızda yeni cığır açan bu böyük şairin yaradıcılığı daha ciddi, əsaslı təqdiqatların ünvanı olacaq”.
AYB-nin sədr müavini Nazim İbrahimov, kinorejissor Ramiz Həsənoğlu, AMEA-nın müxbir üzvü Rafiq Əliyev, “Qobustan” jurnalının baş redaktoru Vaqif Əlixanlı, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, tənqidçi Bəsti Əlibəyli, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, yazıçı Seyran Səxavət, yazıçı və ədəbiyyatşünas Pərvin, şairlər Əjdər Ol, Paşa Qəlbinur, Yusif Nəğməkar da şairin poeziyası və şəxsiyyəti haqda düşüncələrini bölüşüblər.
Tədbir iştirakçılarına və təşkilatçılara minnətdarlığını bildirən yubilyar yaradıcılıq təcrübəsindən, şeirə, poeziyaya baxışından danışıb: “Mənim üçün şeir və şair şablonları yoxdur. Burada “izm”lər, qaydalar, qanunlar əsaslı rol oyanmır. Onları özünə qata, içində əridə bilməyəndən necə şair ola bilər?” R.Rövşən qeyd edib ki, insan üçün ən önəmlisi öz vicdanına, daxilindəki ilahi səsə olan münasibətidir. Şair üçünsə hər şeydən əvvəl özünə səmimiyyətlə yanaşması gəlir, bu, hətta oxucuya səmiyyətindən də öndə dayanmalıdır.
Sonda yubilyar şeirlərini səsləndirib.
AYB.az