Atatürk Mərkəzində keçirilən təqdimat və imza mərasimində millət vəkilləri,tanınmış yazarlar, QHT, KİV təmsilçiləri, gənclər iştirak edirdi
Atatürk Mərkəzində millət vəkili Qənirə Paşayevanın, "Qənirə Paşayeva ilə addım-addım QAQAUZ YERİ” kitabının təqdimatı keçirildi. Tədbiri girş sözü ilə açan Mərkəzin müdiri, millət vəkili prof.dr. Nizami Cəfərov, Türk Dünyası ünvanlı kitabların yazılmasını və Atatürkün adını daşıyan elm-mədəniyyət ocağında təqdimatının, müzakirəsinin keçirilməsini təqdirəlayiq hal olaraq qiymətləndirdi. "Üstəlik, əgər bu kitab müstəqil dövləti olmayan, nisbətən azsaylı türk xalqına aidsə, habelə Türk Dünyasını doğrudan da addım-addım gəzən, öyrənən bir millət vəkili tərəfindən yazılıbsa bu fakt, görülən işin dəyərini daha da artırır.” Kitabın yazılma səbəbi haqqında danışan müəllif Q.Paşayeva, Qaqauz Yerinin Azərbaycandan min kilometrlərlə uzaqda yerləşməsinə, qaqauzların başqa dinidünyagörüşünə sahib olmalarına baxmayaraq, bizi birləşdirən saysız-hesabsız ortaq dəyərlərin olduğuna diqqət çəkdi: "İstərdim, Azərbaycan oxucusu, özəlliklə gənclərimiz Qaquz Yerinin Türk Dünyasının bir parçası olduğunu, qaqauzların dili, mədəniyyəti, məişəti və s. ilə bizim insanımız olduğunu bilsinlər. Mən Qaqauz Yerini doğrudan da addım-addım gəzmişəm, o coğrafiyanı, qaqauz ruhunu duhumla duymuşam və gücüm çatan qədər yazıya almağa çalışmışam. Özü də, bu kitab bir akademik nəşr deyil, elmi üslubda yazılmayıb və deyə bilərəm ki, məqsədyönülü olaraq, mövcud format və üslub seçilib – yəni, hər kəsin oxuya, anlaya biləcəyi bir masaüstü kitab olsun, deyə düşünmüşük. Mən çox şadam ki, Qaquz Yerində olarkən Ümummilli Liderimizin xatirəsinin əbədiləşdirildiyini gördüm. Ümumiyyətcə, Qaqauz Yerinin Azərbaycanla, qardaş Türkiyə ilə bağları həm tarixi baxımdan, həm də çağdaş dövrümüzdə diqqətəlayiqdir. Bizlər də, belə kitablarla, yeni layihələrlə, bir sözlə, ortaq düşüncə və əməli çalışmalar hesabına, bağları daha da möhkəmlətməli, işbirliyini genişləndirməliyik. Gələcəkdə Komratda da "Addım-addım Azərbaycan” kitabının nəşri planlaşdırılır; Bakıda Qaqauz Mədəniyyət Günlərinin keçirilməsini düşünürük və s. Bağlarımızın möhkəmləndirilməsi üönündə bir başqa istinadgah isə tələbə mübadiləsidir ki, hesab edirəm, universitetlərimiz bəlli bir kvota çərçivəsində bu işi daha da genişləndirə bilərlər. Fürsəytdən istifadə edib, kitaba, Qaqauz Yeri ilə bağlı mövzulara diqqət göstərdiyiniz və bugün bura gəldiyiniz üçün sizə səmimi minnətdarlığımı çatdırıram”
Sonra millət vəkillləri Ülviyyə Ağayeva, Sona Əliyeva, Dilarə Cəbrayılova, Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin başçısı İbrahim Yıldırım, yazarlardan Əkbər Qoşalı, Şəmil Sadiq, İlqar İlkin, Sərvaz Hüseyinoğlu, tanınmış jurnalistlər Zərifə Bəşirqızı, Telli Pənahqızı, Aqil Camal, Əziz Əzizbəyli, QHT başçıları İlqar Oruc, Çingiz Bayramlı, Həbib Misir, eləcə də, Orxan Həsənoğlu, Aida Bəndəliyeva, Gülnarə Xəlilova, Esmira Fuad, Səidə Ömər, Yazgül Abdiyeva, Munisə Məmmədova və başqa kitabsevərlər, türkoloqlar, ictimai fəallar, oxucular "Qənirə Paşayeva ilə addım-addım QAQAUZ YERİ”nin məziyyətləri, müəllifin mövzuya yanaşma tərzi, bundan öncəki kitabları və ümumən yaradıcılıq yolu haqqında fikirlərini bölüşdülər.
Qeyd olundu ki, kitab, təxminən, 250 min qaqauzun – xristian türklərinin yaşadığı doğma Qaqauz Yeri, onların tarixi, mədəniyyəti, məişəti, duyğu-düşüncələri haqqında yığcam bir topludur. Qaqauz Yerinin fəxri vətəndaşı və yüksək dövlət ödülü ilə təltif edilmiş Q.Paşayevanın qaqauzlara vəfa borcunu layiqincə qiymətləndirməsi kimi şərh olunan yeni nəşr, həm də, müəllifin Türk Dünyası mövzusuna ardıcıl müraciəti, münasibəti kimi təqdir olundu.
Sonda müəllif kitabı oxucular üçün imzaladı.
AYB.az