“Mənim əsərlərimi oxusanız, tarix imtahanından rahatlıqla keçə bilərsiniz”.
Yazıçı Elçin Hüseynbəyli öz yaradıcılığı haqqında danışarkən bu fikri özünəməxsus bir əminliklə söyləyir. Səbəb isə onun təkcə tarixi romanlar müəllifi olmasında deyil. E. Hüseynbəyli informasiyaya meylli yazıçıdır. Ancaq bir məsələ də var ki, informasiyanı ədəbi fakta çevirmək, onu bədii elementlərlə zənginləşdirmək lazımdır, bu isə E. Hüseynbəyli yaradıcılığının əsas özəlliklərindəndir. Hətta yazıçının fikrincə, həyatla ədəbi fakt arasındakı sərhədlər o dərəcə gözdən itməlidir ki, müəllifin özü belə nəql etdiyi hadisələrin real yoxsa xəyal olduğunu anlaya bilməsin.
Dekabrın 28-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Gənc Ədiblər Məktəbinin üzvlərilə görüşə bir az gecikən yazıçı zala “əsərlərinin ilk redaktoru” adlandırdığı həyat yoldaşı Dürdanə xanımla birgə daxil oldu. Beləliklə, gənc ədiblər münasibəti səmimi, söhbəti şirin və özünü bütün təbiiliyi ilə ifadə edən gerçək yazıçı obrazı ilə qarşılaşdı.
Tədbiri Birliyin katibi, GƏM-in rəhbəri Rəşad Məcid açaraq yazıçı barədə ümumi məlumat verdi: “Elçinin 55 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edirəm. Elçin çox maraqlı yazıçıdır. Bununla yanaşı o publisist və dramaturq kimi də uğurlu əsərlərin, köşə yazılarının müəllifidir. Fərdi üslubu, axıcı təhkiyəsi ilə oxucuların diqqətini cəlb edən yazıçının fikirləri, ədəbi yanaşmaları, inanıram ki, sizin üçün də çox maraqlı olacaq”.
Tədbir söhbət və fikir mübadiləsi şəklində quruldu. Görüşün aparıcısı şair Qulu Ağsəs E. Hüseynbəylinin əsərlərinin məziyyətlərindən danışdı: “Elçin ən yaxşı hekayə ustalarımızdan biridir. Xüsusilə, bunu qeyd etmək istəyirəm ki, o, istənilən hadisəni hekayəyə çevirə bilir. Yaradıcılığına sözlə oynamaq, plastika, qorxusuzluq sindromu və sair özəlliklər xasdır. Onda, demək olar ki, müsbət qəhrəman yoxdur, yəni xarakterik obrazlar əvəzinə situativ qəhrəmanlar yaradır. Başqa sözlə, heç kimi ideallaşdırmır. Hekayələrindəki ən gözəl cəhətlərdən biri onlardakı gözlənilməzlik, sonluğu ehtimal etməyin çətinliyidir. Düzdür, peşəkarlar, bəzən isə erudusiyalı oxucular üçün sonluğu əvvəlcədən tapmaq mümkün ola bilər. Ancaq mən deyərdim ki, Elçindəki bu gözlənilməzlik hətta onlar üçün də çətinlik yaradır. Elçinin “Gözünə gün düşür”ü Qarabağ haqqında yazılmış ən yaxşı hekayələrdən biridir. Yəni, biz onu əminliklə dünyaya çıxara bilərik. Qarabağ mövzusunda yazılan əsərlərin əksəriyyətində sünilik, hətta saxtakarlıq hiss olunur. Elçinin hekayəsi isə gerçək sənət əsəridir. O, oxucuları inandıra bilib ki, qəhrəmanını Qarabağa aparan sevgi bir ağac sevgisi qədər təbiidir”.
Yazıçının “Don Juan”, “Yenə iki od arasında” romanları ətrafında da müzakirə aparıldı. E. Hüseynbəylinin tarixi faktlara istinadı, onları bədiiləşdirməsi, əvvəldə də qeyd etdiyim kimi, yazıçının informasiyaya olan marağının ifadəsidir. Ancaq nəzərə almaq lazımdır ki, informasiya deyərkən, təhtəlşüurdan, tarixi-mədəni informasiyadan və dünyagörüşdən söhbət gedir. E. Hüseynbəyli bildirir ki, hər cür informasiya ədəbiyyata gətirilə bilməz. “Yay ayları Bakıda havaların isti keçməsi” nə yazıçı, nə də oxucu üçün yeni məlumat məzmunu kəsb etmir. Bu mənada ancaq yararlı, gərəkli və uyğun informasiya ədəbi mətndə yer almalıdır. Yazıçı əlavə edir ki, onun bəzi əsərləri sırf xəyal məhsuludur. Misal üçün, müəllifi olduğu “Dezodorant qız”, “Çıxılmazlıq” hekayələri və bir sıra köşə yazıları buna nümunədir.
E. Hüseynbəylinin təsirləndiyi sənətkarlar arasında Platonov, Selincer, Bekket, Prust, Apdayk və başqaları var. Öz üslubunu tapana qədər başqa yazıçılardan bəhrələnməyi məqbul hesab edir. Deyir ki, yazıçı istedadlıdırsa, ilk yazılarında yaxşı mənada təsirlənir. Ancaq yavaş-yavaş öz üslubunu tapır. Üslubunu tapmaq isə o deməkdir ki, artıq nə yazmaq istəyirsənsə, o, sənsən.
Mütaliəyə marağın azalması ilə bağlı çıxış edən yazıçı deyir ki, bunun əsas səbəblərindən biri sosial şəbəkələrdir: “İnsanlar tənbəlləşib. Mənəvi qida ki var, bir növ onu unudublar. Həm də kitab çapı mədəniyyətimiz Avropadan xeyli geridədir”.
Yazıçı dramaturgiya, teatr sənəti, tarixi roman və nəsrin texnikası barədə də fikirlərini bölüşdü, gənc ədiblərin müxtəlif mövzularla bağlı suallarını cavablandırdı.
AYB.az