Yanvarın 30-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda şair Sabir Sarvanın 60 illik yubileyinə həsr edilmiş tədbir təşkil olunub. Tədbiri giriş sözüylə Birliyin katibi Rəşad Məcid açaraq S. Sarvanın poeziyasından danışıb: “Sabir şeirləri ilə insan təbiətini saflaşdıran, duruldan bir şairdir. O, bədii yaradıcılıqla yanaşı ictimai fəaliyyətlə də məşğuldur. Yazıçılar Birliyinin ən yaxşı fəaliyyət göstərən qurumlarından biri Sumqayıt şöbəsidir. Bu, heç şübhəsiz, Sabirin əməyi, əzmi, iradəsi və təşkilatçılığı ilə başa gəlir”.

 

Tədbirin aparıcısı şair Əjdər Ol Sabir arvan yaradıcılığının ilk dönəmlərindən söz açıb: “Sabir 40 ildir ki, yaradıcılıqla məşğuldur. O, poetik yaradıcılıqda son dərəcə vasvası və tələbkar adamdır. Bütün şeirlərini hər misranın üzərində əsə-əsə, böyük qayğıkeşliklə yaradıb. Sabir yaradıcılığının ilk illərindən gözəl ifadənin, yatımlı, axıcı dilin tərəfdarı olub. Həmin illərdə kimlərsə daha ardıcıl fəaliyyət göstərib, daha çox çap olunub bəlkə. Sabir Sarvan isə o qədər də fəal deyildi. Ancaq az yazsa da, onları ölçüb-biçir, poeziyaya xüsusi ciddiyətlə yanaşırdı. Nəticədə çox dəyərli şeirlər müəllifi kimi bu gün də sevilməkdədir... Onun öz poetik dünyası var. Azərbaycan ədəbiyyatında nəsrdə hünər gösstərmək bəlkə də asandır, ancaq şeirdə bunu bacarmaq olduqca çətindir. Çünki o qədər keçilmiş yollar var ki, təzə şeir yazmaq, təzə söz demək şairdən qeyri-adi istedad tələb edir. Bu mənada Sabir də öz istedadı ilə həmin hünər sahibi şairlərdəndir”.

AYB-nin Birinci katibi, Xalq şairi Fikrət Qoca yubilyarla bağlı müsbət fikirlərini bölüşüb: “Biz Sabirlə tez-tez görüşürük və xətri də mənim üçün əzizdir. O, gözəl insan və istedadlı söz adamıdır”.

Ofelya Babayevanın nəzərində Sabir Sarvan tale şairi və unikal insandır: “Ümumiyyətlə, heç kəs ədəbiyyata xoşbəxtliklə gəlmir. Kimisi uğursuz sevgidən, kimisi keçilməz burulğanlardan çıxıb. O cümlədən, Sabir də çətinliklər yaşayıb. O, çox unikal bir şəxsiyyətdir”.

AYB katibi İlqar Fəhmi yubilyarla bağlı bir xatirəsinə əsaslanaraq sözə başlayıb: “Sabir müəllimin şəxsiyyətindən, xarakterindən danışanda onun Sumqayıtda keçirilən bir başqa yubileyini xatırlayıram. Tədbir zamanı insanların xoş, təbii münasibəti, sevgisi indi də yaddaşımdadır. Onun oxucuları tədbirlərdə həvəslə iştirak edirlər. Bu, onun saflığı, təmizliyi və səmimiyyətinin ifadəsidir”.

Tənqidçi İlham Abbasov Sabir Sarvanın ictimai fəaliyyətini vurğulayıb: “Bu günlər həm də Yazıçılar Birliyinin Sumqayıt şöbəsinin 20 illik yubiley ərəfəsidir. O Birliyi təşkil edən, ədəbi mühiti yaradan, nizama salan, əlbəttə, Sabir Sarvandır. O, Sumqayıtda üzdə olan, tanınan qələm adamlarını bir araya topladı. Hazırda Birliyin 80-ə yaxın üzvü var. Bu, sözsüz ki, Sabirin əsəridir”.

Tənqidçi Vaqif Yusifli Sabir Sarvanı səksənincilər nəslinin əsas nümayəndələrindən biri kimi xarakterizə edib: “Mən “Bir uzun küçə” adlı məqaləmdə səksənincilərdən olan bir neçə şairin yaradıcılığından yazmışam. Onlar arasında Sabir Sarvan da var. Mən onun şeirlərində həyatın özünü, reallığı görürəm”.

Jurnalist İlqar Həsənov şairin şeirlərini mümkün qədər təbliğ etdiyini və bundan məmnunluğunu bildirib. Sonra isə Sabir Sarvanın “Hara aparırsan bu gözəlliyi?” şeirini oxuyub.

“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, filologiya üzrə elmlər doktoru Kamil Bəşirov, jurnalist İttifaq Mirzəbəyli, şairlər Adil Cəmil, Rəfiqə Şəms, Tahir Talıblı, Əkbər Qoşalı, Ehtiram və filoloq Firudin Qurbansoy da çıxış edərək Sabir Sarvan poeziyası haqda düşüncələrini paylaşıblar.

Əməkdar artist Ağalar Bayramov şairin yaradıcılığından nümunələr səsləndirib.

Sonda yubilyar söz alaraq AYB rəhbərliyinə, tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə