Fevralın 7-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda yazıçı-publisist Pərvinin “Qadın olmaq” və “Sevdim səni” kitablarının təqdimat mərasimi keçirilib.

 

Tədbiri Birliyin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açaraq müəllifin yaradıcılığı, üslubu, daha çox müraciət etdiyi mövzular barədə danışıb:  

“Yəqin ki, çoxlarınız Pərvinin bu yazıları ilə tanışsınız. Həm “Qadın olmaq”, həm də “Sevdim səni” kitabındakı esselərin əksəriyyəti “525-ci qəzet”in şənbə saylarında işıq üzü görüb. Ümumiyyətlə sevgi şeirləri ilə bağlı belə layihələr olur. Məsələn, Türkiyədə hər şair özünün ən sevilən şeirlərinin antologiyasını çap edir, yaxud ən unudulmaz sevgi, eşq şeirlərindən ibarət almanaxlar ərsəyə gətirilir”.

R.Məcid bildirib ki, Pərvinin “Sevdim səni” kitabındakı esselər əvvəlkilərdən tam fərqlidir: 

“Ədəbiyyatda bu mövzuda şeirlərdən ibarət antologiya tərtib etmək təcrübəsi var. Yadımdadır ki, Hamlet İsaxanlı 4 cilddə sevgi şeirləri çap etdirib. Amma şeirlərə esselərin yazılması və hər yazıda sevginin müxtəlif yönlərinin, müəllifin hisslərinin, həyəcanlarının işıqlandırılması birinci dəfədir. Kitab daha öncə Türkiyədə “Tulpars” yayın evində işıq üzü görüb. Fikrimcə, həm Türkiyədə, həm Azərbaycanda maraqla qarşılanacaq. Poeziyanın, ədəbiyyatın təbliği, xüsusən, gənc nəslə aşılanması baxımından da bu kitabın böyük rolu var”.

Birliyin katibi hesab edir ki, nəşr həm bu şeirlərin təqdimatı, həm də mütaliəyə marağın artması yönündən əhəmiyyətli hesab edilə bilər: 

“Kitabda İzzəddin Həsənoğludan tutmuş müasirlərimiz olan şairlərə qədər onlarla şeir barədə esselər yer alıb. Bəzi müəlliflərdən bir neçə şeir verilib. Məsələn, Xalq şairi Fikrət Qocanı, İlqar Fəhmini buna misal göstərmək olar”.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili, akademik İsa Həbibbəyli vurğulayıb ki, təqdimat bir çox cəhətdən əlamətdardır: 

“Hazırda ədəbiyyatda canlanma hökm sürür, qələm sahiblərinin sayı xeyli artıb. Amma onlardan nə qədəri ciddi şəkildə yaradıcılıqla məşğuldur? Eşidəndə ki, Pərvinin kitablarının təqdimatı olacaq, məmnuniyyətlə iştirak etmək, söz demək üçün özümü borclu saydım. Çünki bundan əvvəl Pərvin ciddi yazılarla özünü təqdim etməyi bacarıb. Ona cəmiyyətin, elmi ictimaiyyətin, ədəbi mühitin münasibətini görürəm. Pərvinin tamam yeni təfəkkürə malik olan, ədəbiyyat havasında yaşayan, düşüncələrində, baxışlarında orijinallıq nümayiş etdirən, heç kəsə bənzəməyən, yeni nəslin ən aparıcı nümayəndələrindən biri kimi qəbul edirəm”.

Akademik gənc yazıçının mətbuatdakı roluna, publisistik fəaliyyətinə də toxunub: 

“Pərvinin ardıcıl “525-ci qəzet”də, ara-sıra “Azərbaycan” jurnalında yayımlanan, ən müxtəlif sahələrə həsr olunan məqalələri onun elmi ictimaiyyətdə professional ədəbiyyatşünas kimi qəbul olunmasına əsas verir. “525-ci qəzet” məktəb yaratmış qəzetdir, belə mətbuat orqanları çox deyil. “525-cilər”in, Rəşad Məcidin rəhbərlik etdiyi bu məktəbin əsas simalarından biri də Pərvindir”.

İ.Həbibbəylinin fikrincə, Pərvinin yazdıqları yaşını qabaqlayır: 

“Əlbəttə yanaşmalarında, təhlillərində həyatla ədəbiyyat arasındakı ünsiyyətlərdən bəhs edəcək məqamlarda yaşı görmək mümkün olur, amma dəyərləndirmələrində, ümumiləşdirmələrində təcrübəli adamın, kifayət qədər yetkin ədəbiyyatşünasın, elm, hətta bəzən ictimai fikir adamının qənaətləri səviyyəsində olan fikirlərini qəbul etmək lazım gəlir. Pərvinin həm ədəbiyyat, həm teatr haqqında məqalələrində bu, açıq şəkildə hiss olunur. Qadınlar  haqqında yazdığı bu kitabda ictimai baxışının həyata, cəmiyyətə, dünyaya, insana, ən mürəkkəb vəziyyətlərə, ən müxtəlif ölkələrə, ən böyük şəxsiyyətlərə şəxsi yanaşmalarını da, bu yanaşmalardakı obyektivliyini də, orijinallığını da əks etdirə bilir”.

Akademikin sözlərinə görə, Pərvin yalnız ədəbiyyatşünas deyil, həm də Azərbaycan ictimai fikrində öz mövqeyi olan müəllifdir: “Qadın olmaq” kitabı da elə bunun ifadəsidir. Sözügedən kitabın məhəbbət lirikasının nümunəsi olan kitabla bir yerdə olması ayrı-ayrı müəlliflərin deyil, bir adamın qoşa qənaəti, bir adamı tamamlayan amillər kimi qəbul edilə bilər. Bu, bütün yönləri ilə Pərvindir”.

İ.Həbibbəyli “Sevdim səni” kitabının mühüm bir cığır açmasından da bəhs edib: 

“Bayaq Rəşad Məcid də dedi, ədəbi mühitimizdə hələ ki, sevgi şeirlərindən ibarət antologiya çap olunmayıb. Ona görə də “Sevdim səni” kitabının dəyəri ikiqat artır”.

Görkəmli alimin fikrincə, Pərvin insandakı bütövlüyü, sədaqəti, dərin mənəviyyatı böyük sevginin simasında göstərir: 

“İztirabları, ağrıları, nisgili, nikbin məqamları ustalıqla oxucuya çatdırır. Pərvin hər şairdən, onun fərdi üslubundan, hər şeirindən fərqli yazılar yazıb. Yazıları hər şairin dəsti-xəttini ayrıca ifadə edir. Yanaşmaların hamısında Pərvin səmimidir, professionaldır. Bir məsələni də qeyd edim ki, Pərvin bu kitablarının birində “ardı var” yazıb. Məncə, ikinci kitabın da ardı olacaq”.

İ.Həbibbəyli deyib ki, Pərvin perspektivli, çalışqan, ədəbiyyatı öz taleyi hesab edən fəal ədəbiyyatşünasdır, Azərbaycan ziyalısıdır: 

“Məncə, Pərvinin Anar müəllimin yaradıcılığına müraciətinin, onu bu qədər dərindən öyrənməyinin bir böyük səbəbi də Anarın hər iki baxımdan dərin fəlsəfəsinin, azərbaycançılıq ideyasının qabarıq olmasındadır. İstər Anar haqqında yazdığı sanballı kitabı ilə, istərsə də bu əsərləri ilə Pərvin nə qədər dərin, tükənməz bir təfəkkürə malik olduğunu göstərir. Ona görə çıxışımın sonunda demək istəyirəm ki, ümumiyyətlə elə Pərvinin özünün də “ardı var”.

Xalq şairi Nəriman Həsənzadə yeni uğurları münasibətilə müəllifi təbrik edib və sevgi şeirlərindən, sevginin fəlsəfəsindən söz açıb: 

“Min illər əvvəl Budda deyib ki, həyat iztirabdır. Yaxşı bəs məhəbbət nədir? Anar müəllim “Sevdim səni” kitabının müqəddiməsində yazır, “məhəbbət qəlbin bayramı, başın bəlasıdır”. Bayramla bəla bu gün birləşir. Onları müzakirə etməyə yox, eşitməyə gəlmişik. Pərvinin böyük cəsarətinə heyran qaldım: Füzulini təhlil edir. Bax bu böyük cəsarətdir. Bundan başqa qadın, qadınlıq haqqında yazır... Qadın olmaq qədər çətin nə var?! Qadınlığın poetikasını açır, qadınlar üçün simfoniya yazır. Qadın qadınlıq  haqqında yazır, qadını sevdirir. O qadınlar  ki, kişiləri idarə edir. Belə bir deyim var: “Dünyanı kişilər idarə edir, kişiləri isə qadınlar”. Məhəbbət olan yerdə qadın idarəçidir”.

Daha sonra Xalq şairi özünün kitabda yer alan, haqqında esse yazılmış “Nərdivan” şeirini oxuyub.

Yazıçı Seyran Səxavət Pərvinin ədəbiyyata, sözə yanaşma tərzini, onun yaradıcılığını, əzmkarlığını təqdir edib və kitabda təhlil olunan “Sevirəm” şeirini oxuyub.

AYB-nin katibi, yazıçı İlqar Fəhmiyə görə, “Sevdim səni” kitabında ən maraqlı cəhət odur ki, hər şeirin öz ekspressiyası var, hisslərin uğurlu təqdimatı verilib: 

"İnsan hisslərinin maraqlı cəhəti ondadır ki, duyğu aləmini heç vaxt qabaqcadan bilmək olmur. Hansı şeir səndə nə hiss yaradacaq, bunu bilmək olmur. Eyni şeir insanda heç vaxt eyni ekspressiyanı iki dəfə yaratmır. Şeirin gözəlliyi də ondadır ki, bir dəfə oxuyarsan bir hiss yaradar, növbəti dəfə başqa. Böyük şeirin insan ruhu ilə əbədi həmdəm olmasının da səbəbi odur. Pərvin də o anda yaranan duyğularını, assosiasiyalarını qələmə alıb. Arzu edərdim ki, Pərvin bir neçə ildən sonra bu şeirlərə yenidən qayıtsın. İsa müəllim dediyi kimi, bu kitabların ardını yazsın". 

Çıxışından sonra İlqar Fəhmi kitaba düşmüş “O qızın” şeirini oxuyub.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Pərvinin yaradıcılığa ciddi, məsuliyyətli münasibətini önə çəkib: 

“4 il əvvəl Pərvinin ilk hekayələr kitabının təqdimatı keçiriləndə xeyli haqlı təriflər səsləndirilmişdi. Onda demişdim ki, güman edirəm, bu təriflərdən Pərvinin başı gicəllənməyəcək, bunu avans kimi qəbul edəcək. Bu 4 il sübut etdi ki, Pərvinin uğurdan başı gicəllənmir, əksinə, o, daha əzmlə irəliyə can atır. Bu kitablara gəldikdə birini əlyazma şəklində oxumuşdum, ikincisini kitab şəklində.Yəni ayrı-ayrı yazıları “525-ci qəzet”də oxuyurdum. Amma kitab çıxandan sonra “Qadın olmaq”ı kitab şəklində də oxudum. Pərvinin xahişi ilə “Sevdim səni”yə önsöz yazdım. Türkiyədə də elə bu önsözlə çıxıb. Bu kitabı mən dastan adlandırıram, çünki dastanlarımızda həm şeir, həm nəsr olur. Bu kitabda da esselər şeirləri, şeirlər də esseləri tamamlayır, bütöv halda sevgi dastanı təsiri bağışlayır. Bəzi şeirlər var ki, onun haqqında yazılan esseni oxuyan şair, yəqin, həmin şeiri ya təzədən yazmaq, ya da dərinləşdirmək istəyərdi. Çünki təhlili, yozumu o qədər maraqlıdır ki, təzə bir şeirə mövzu ola bilər. Bu kitabda çox şeir haqqında qiymətli fikirlər var. İki şeir haqqında esselər daha çox diqqətimi çəkdi. Birincisi, Nazım Hikmətin həbsxanadan həyat yoldaşına yazdığı “Pirayəyə məktub” şeiridir. Pərvin o şeirin hər misrasını incələyərək, hər misrasından bir nəticə çıxararaq çox maraqlı şəkildə təhlil edib. İkincisi də, Vaqif Səmədoğlunun “Özünlə apar” şeiridir. Bu şeiri Vaqif mahnı mətni kimi yazmışdı, heç kitablarına da salmırdı. Pərvin şeir haqqında o qədər təsirli bir esse yazdı ki, sanki şeirə ikinci həyat verdi”.

Anar çıxışının sonunda özünün kitabda yer alan “Ən gözəl əsərimsən!” şeirini oxuyub.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Himalay Qasımov Pərvini istedadlı yazıçı, peşəkar ədəbiyyatşünas kimi dəyərləndirib. 

Qeyd edib ki, “Sevdim səni” kitabını oxumaqla Azərbaycan ədəbiyyatındakı romantizm cərəyanı, sevgi mövzusuna yanaşma tərzi barədə kifayət qədər dolğun məlumat almaq olar.

Professor vurğulayıb ki, Pərvin sözdə, mətndə, insana münasibətdə də əsasən batinə nəzər salır. Zahiri görünüş onu bir o qədər də maraqlandırmır. Sətiraltı mənalar, sözün arxasında dayanan mesaj Pərvin üçün daha vacibdir.

Tanınmış rejissor Ramiz Həsənoğlu gənc yazıçını təbrik edib və YUĞ Teatrında Pərvinin əsərinin tamaşaya qoyulduğunu bildirib: 

“Bu tamaşanın ərsəyə gəlməsində Pərvinin esseləri böyük rol oynayıb. Üslub, yanaşma tərzi oxucuda maraq oyada bilir. Sevinirəm ki, biz birgə işlədik və çox böyük maraqla qarşılanan “Sonuncu” adlı tamaşa araya-ərsəyə gəldi”.

Yazıçı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran qeyd edib ki, Pərvinin yaradıcılığında əsas diqqətçəkən tərəf orijinallığıdır: 

“Bütün böyük yaradıcı adamlarda olduğu kimi, Pərvin də batindəki mənanı görə bilir. Əsl orijinal qələm əhlinə məxsus keyfiyyətdir bu. Pərvin həm də fədakardır, dəqiqdir, çalışqandır, hər hansı hadisəyə tamam başqa aspektdən baxır. Bu kitabları nəfis tərtibatda çap elətdirib, arxasına da "Cehiz üçün" yazdırmaq olar. Çünki kitabda, hamımızı yaşadan, dünyanın yaradılışından bu günə qədər davam edən, həyatı davam etdirən məhəbbət məsələsinin maraqlı, orijinal təhlili və təqdimatı var”.

Şair Paşa Qəlbinur qeyd edib ki, bəzi imzaları görəndə mütləq o yazını axıra qədər oxuyur və o imzaların içində Pərvinin də imzası var:

"Mənə elə gəlir ki, yaradıcı adamların öz ürəklərinin əlində qalan zamanları olur. Belə məqamlarda yazılan bütün yazılar birmənalı olaraq uğurlu alınır, bu kitabda da yer alan yazıları "ürəyin əlində qalan zamanda yazılan yazılar"a aid etmək olar".

Daha sonra şair Vaqif Bəhmənli, tənqidçi Vaqif Yusifli, ədəbiyyatşünas Təranə Əzimova çıxış edib, Pərvinin yazılarının məziyyətlərindən, özünün yüksək şəxsi keyfiyyətlərindən söz açıblar.

Tədbirin yekununda söz verilən Pərvin həm mərasim iştirakçılarına, haqqında çıxış edənlərə, həm də yaradıcılıq yolunda dəstək gördüyü insanlara minnətdarlıq məzmunu daşıyan  geniş, təsirli bir çıxış edib: 

“Təşəkkür etməli o qədər çox adam var, heç bilmirəm, necə deyim ki, heç kəs yaddan çıxmasın. Hər şeydən əvvəl onu demək istəyirəm ki, mən bu günümün qədrini bilirəm. Gənc yazıçı üçün ölkədə ədəbiyyata aid iki böyük qurumun – Yazıçılar Birliyinin və Ədəbiyyat İnstitutunun rəhbərlərinin yanında əyləşməsi və haqqında bu cür sözlər deyilməsi fantastikadır.

Bu iki layihə haqqında isə deyim ki, mən bunları  paralel aparırdım. Daha öncə “Qadınlar” layihəsi başlandı, ardınca "Yüz gözəl sevgi şeiri" layihəsi gəldi. Sevgi şeirlərilə bağlı layihəyə başlayanda zövqünə çox inandığım, mütaliəli, poeziya barədə dərin biliyə sahib bir şəxsə ideyalarımdan danışdım. Cavab verdi ki, bu mövzuda ardıcıl heç iki esse də yazmaq  olmaz. Layihə müddətində həmişə içimdə narahatlıq hissi var idi ki, yenə yaza, davam edə biləcəyəmmi?! Bir məqamı da qeyd edim ki, “Sevdim səni” kitabının ərsəyə gəlməsi, bir layihə kimi alınması, bu mövzuda bu qədər esse yazılması poeziyamızın zənginliyindən irəli gələn məsələdir. Məhz bu zənginlik imkan verdi ki, bir kitab həcmində sevgi essesi yazım. Ona görə bizimlə birgə, həyatda olan şairlərə bu gözəl lirikanı yaratdıqlarına görə təşəkkürümü bildirir, dünyasını dəyişənlər üçünsə ruhları şad olsun deyirəm. Onlardan birinin – böyük şairimiz Vaqif Səmədoğlunun xanımı Nüşabə Vəkilova  buradadır. Vaqif Səmədoğlu haqqında yazılan esselər yaradıcılığımda xüsusi hadisəydi.Vaqif müəllimin mənə zəngini də yaxşı xatırlayıram. Mənim üçün əlamətdar bir məqam idi. Bu sevincimi hər kəslə paylaşırdım. Nüşabə xanıma burada iştirakına görə, Vaqif müəllimin nurunu, poeziyasının ətrini bizə gətirdiyinə görə öz minnətdarlığımı bildirirəm.

Etiraf edirəm ki, bu layihələri davam etdirmək asan deyildi. Ciddi filoloji savada, biliyə ehtiyac vardı. 11 illik filoloji təhsilimin 11 ili də Pedaqoji Universitetlə bağlıdır. Burada universitetin prorektoru, müəllimlərim əyləşiblər. Mənə verdikləri filoloji biliklərə görə onlara təşəkkür edirəm.

Xalq yazıçısı Anara xüsusi təşəkkürüm var. Bu layihələrlə eyni vaxtda Anar müəllimin əsərlərini araşdırırdım, təhlil edirdim. Anarın qəhrəmanları, onların hissləri, düşüncələri mənə o qədər mənəvi qida verirdi ki, oradan aldığım enerjini, ruhu həm də bu layihələrə yönəldirdim. Eyni zamanda Anar müəllim "Sevdim səni" kitabının önsözünün müəllifi və redaktorudur”.

Gənc yazıçı uzun illərdən bəri çalışdığı “525-ci qəzet”ə də minnətdarlıq ünvanlayıb: 

“Yer üzündə çoxlu zövqlər və səadətlər var. Bunlardan biri də “525-ci qəzet”in şənbə nömrəsində çap olunmaq zövqüdür.  Bu, artıq illərdir ki, həyatımda xüsusi hadisəyə çevrilib. Bu işdə hər zaman köməklik gördüyüm Yusif müəllimə və Seyfəddin müəllimə təşəkkürümü bildirirəm.

Bəzən mənə zarafatla sual verənlər olur ki, axı sən harda yetişdin belə? Mən də eyni tonla, amma xeyli dərəcədə ciddi şəkildə cavab verirəm ki, “525-ci qəzet”də! Bu cavabım heç vaxt dəyişməyəcək, Rəşad müəllim. Sizə, redaksiya heyətimizə təşəkkür edirəm.

Mən bu kitabları yazmağın çətinliyindən danışdım. Amma daha böyük məsələ ondan ibarətdir ki, bu kitabları yazmaq üçün sevmək lazımdır. Sadəcə sevgi haqqında oxumaqla, bu şeirlərdən təsirlənməklə, şeirlər ətrafında düşünməklə sevgi haqqında yazmaq mümkün deyil. Məncə, sevgi təkcə Allahın qisməti, tale deyil. Sevgi eyni zamanda tərbiyədir. Çox sərt qaydaları, ciddi tərbiyə mexanizmi olan ailədə böyümüşəm. Deyəsən, bu müddətdə heç atamla anamı yanaşı oturan görməmişəm, ancaq aralarında çox böyük sevginin olduğunu, bir-birilə nəfəs aldıqlarını həmişə hiss etmişəm. Məni bu sevgi yetişdirib, mənə sevmək tərbiyəsini məhz onlar veriblər. Bu tərbiyəmə görə onlara həmişə minnətdaram. Və sonda demək istəyirəm ki, sevgi gözəl hissdir, sevgidən yazmaq da əladır, amma sevilmək bunların hamısından daha gözəldir. Artıq 10 ildir ki, sevginin özü ilə bir damın altında yaşayıram. Ona görə də sevginin özünə - həyat yoldaşım Ülvi və onun vasitəsilə mənə qadınlığın, sevginin daha ali mərtəbəsini yaşadan 2 yaşlı oğluma öz minnətdarlığımı bildirirəm”.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə