Fevralın 21-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Novruz mühazirələri”nə başlanılıb.
İçərişəhərdə - “Muğam klub”da keçirilən “Novruz mühazirələri”nin ilk görüşündə Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev “Sözün təbiət və ədəbiyyat şəkli: zamanın gerisində, yoxsa...” mövzusundan bəhs edib.
Ç.Abdullayev həyatının və yaradıcılığının maraqlı məqamlarından, illərlə qazandığı təcrübədən söz açıb, Azərbaycan və dünya ədəbiyyatından sitatlar gətirib, gəncləri bədii ədəbiyyat oxumağa dəvət edib. Müasir dünyada texnologiyaların sürətlə inkişaf etdiyini deyən yazıçı insanda dünyagörüşün formalaşmasında, savadlı gənclərin yetişməsində xarici dil öyrənməyin və mütaliənin vacibliyini vurğulayıb. Görkəmli yazıçı, həmçinin tələbələrə tövsiyələrini verib, onların suallarını cavablandırıb.
Tədbirdə məlumat verilib ki, Təhsil Nazirliyi ötən ildən başlayaraq, “Novruz mühazirələri” təşkil edir. “Novruz mühazirələri”nin keçirilməsinin əsas məqsədi təhsilin və elmin müxtəlif sahələrinə dair mövzuların gündəmə gətirilməsi və populyar dildə təqdim olunmasıdır. Mühazirələrdə tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri davamlı inkişaf, startaplar üçün ən yaxşı təcrübələr, Azərbaycan iqtisadiyyatının uğurları, biliyin qiymətləndirilməsi fəlsəfəsi, səriştə əsaslı təhsil, Novruz bayramının tarixi kökləri, ölkəmizdə informasiya texnologiyaları sahəsinin inkişafı mövzularından bəhs ediblər.
AYB.az