Martın 9-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” dərgisi “Oman ədəbiyyatı xüsusi sayı”nın təqdimatı olub. Təqdimat mərasimində Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu, dərginin baş redaktoru Seyfəddin Hüseynli, AMEA Nizami adına Ədəbiyyat İnstitunundan prof.İmamverdi Həmidov, prof.Cavanşir Yusifli, prof.Bədirxan Əhmədov və yazıçı Məqsəd Nur çıxış ediblər. Natiqlər Azərbaycan-Oman ədəbi əlaqələrinin vacibliyini, “Dünya ədəbiyyatı” dərgisi “Oman ədəbiyyatı xüsusi sayı”nın bu mənada çox ciddi hadisə və addım olduğunu vurğulayıblar.
Bildirilib ki, cari ilin fevral ayının 27-i – mart ayının 2-i tarixləri arasında Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu və mərkəzin ərəb ədəbiyyatı üzrə məsləhətçisi, AMEA Ədəbiyyat İnstitutu “Qədim dövr Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri professor İmamverdi Həmidov Oman Sultanlığı Mədəniyyət Klubunun rəhbəri doktor Aişə əd-Dərməkinin dəvəti ilə Omanda səfərdə olmuş, 22-ci Məsqət Beynəlxalq Kitab Sərgisində, sərgi çərçivəsində “Dünya ədəbiyyatı” dərgisi “Oman ədəbiyyatı xüsusi sayı”nın təqdimatında iştirak ediblər. Səfərboyu Omanın İnformasiya naziri cənab Əbdülmonam Al-Həsəni, Oman Dövlət Televiziyasının rəhbəri cənab Abdulla Al-Harrasi, “Nizva” ədəbiyyat dərgisinin baş redaktoru Talib Əl-Maammari, o cümlədən Bəhreyn, Küveyt və Livan kimi ölkələrin yazarları, ədəbiyyat adamları ilə müxtəlif görüşlər keçirilmişdir. Həmçinin Omanın Birinci kanalı, Mədəniyyət kanalı ilə geniş reportaj və müsahibələr təşkil edilib.
Eyni zamanda Oman Sultanlığı Mədəniyyət Klubunun rəhbəri doktor Aişə əd-Dərməki Oman-Azərbaycan ədəbi əlaqələrinə verdiyi töhfəyə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin Fəxri diplomu ilə təltif edilib.
Səlim Babullaoğlu Oman Sultanlığı Mədəniyyət Klubunun rəhbəri doktor Aişə əd-Dərməkiyə təşəkkür edib və bildirib ki, “İslam həmrəyliyi ili” çərçivəsində xüsusən əlamətdar olan bu nəşr ilk işdir və bir çox məziyyətlərinə görə Azərbaycan-Oman ədəbi-mədəni əməkdaşlığının ciddi tərkib hissəsi olaraq qalacaq, gəlcək işlər üçün təkan rolunu oynayacaq.
Qeyd edək ki, dərginin bu sayına klassik və müasir dövr Oman şairlərinin şeirləri, roman, hekayə, dram və esse janrına aid bütövlükdə 60-a yaxın omanlı müəllifin əsərləri daxil edilmişdir.
AYB.az