Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Xalq yazıçısı Anarın ikicildliyi nəşr olunub.
Cildlərin tərtibçisi, tərcümələrin redaktoru və Ön söz müəllifi Betti Bleyrdir.
Birinci cildə "Dantenin yubileyi" povesti, "O gecənin səhəri", "Mən, sən, o və telefon", "Asılqanda işləyən qadının söhbəti", "Ürəyim ağrıyır", "Gürcü famili", "Keçən ilin son gecəsi" və "Yaxşı padşahın nağılı" hekayələri daxildir. Mətnləri Azərbaycan dilindən Jalə Qəribova, Aida Hüseynova, Sevinc Seyidova, Vəfa Məstanova, Fəridə Buyuran, Ülviyyə Məmmədova, Vəfa Talışlı çeviriblər. Birinci cildə yazdığı Önsözdə Betti Bleyr Xalq şairi Vaqif Səmədoğlunun Anar haqqında fikirlərindən də istifadə edib. V.Səmədoğludan sitatda qeyd olunur ki, Anarı 60 ildən çoxdur həm dost, həm də həmkar kimi tanıyır: "Anarın yeniyetməlik illərimizi formalaşdıran siyasi şərait haqqında dediyi bu sözlər yerinə düşür: "Bizim boya-başa çatdığımız - indi tarixin arxivinə verilmiş dövrün - müəyyən müsbət cəhətləri olsa da, biz həmin dövrün riyakarlıq, saxtakarlıq, yalan, biganəlik və anlaşılmazlıq mühitində nəfəs alırdıq, daha dəqiq desək nəfəs almağa çalışırdıq". V.Səmədoğlunun qənaətinə görə, əslində Anar fikirlərini Ezop dilində ifadə etməyi çox yaxşı bacarıb. Anar əlinə qələm aldığı ilk gündən onun əsərləri Azərbaycanla məhdudlaşmadı, bütün insanları ehtiva etdi. O, başqa millətlərdən olan oxucuların da başa düşəcəyi bir tərzdə yerli problemlərə müraciət edərkən qlobal gerçəkliklərdən söz açırdı. O, Azərbaycan ədəbiyyatına yeni dil üslubu gətirdi, oxuculara danışıq dilinin təbii nümunələrini daha çox əks etdirən, daha elastik bir dil təqdim etdi.
Daha sonra Betti Bleyr yazır: "Bu hekayələrdən oxuculara məlum olacaq ki, Anar çətin vəziyyətə düşən, zavallı və ya hörmət qazanmamış insanların obrazlarını əsrarəngiz şəkildə seçir və onları öz qəhrəmanlarına çevirir. Məhz belə obrazlar adi adamlara çevrilərək özümüzün özümüzə nəzər salmağımıza və öz şübhə və narahatlığımızı bu personajlarda tapmağa imkan verir. Anarın qələmi obrazı açmaq üçün ruhun dərinliklərinə enir. Obrazın inkişafda təqdim olunması Anarın yazıçı kimi gücüdür. Onun qəhrəmanları həyatın dəhşətli hadisələrinə qarşı durmurlar. Onun obrazları daha çox gündəlik yeknəsək həyatın kontektstində ömür sürürlər. Bu personajlar sizin hər an küçədə və ya evin həyətində qarşılaşdığınız qonşularınızdır, tanıdığınız insanlardır, bəlkə qohumlarınızdır. Anar tədricən onlarin daxili aləmlərini, narahatlıqlarını ustalıqla üzə çıxarır, onların insanlığına və böyüklüyünə işıq salır. Bu cilddəki hekayələr sovet dövründə, 1950-80 illər arasında yazılıb. Ancaq SSRİ-nin süqutundan sonra siyasi sistem çox fərqli olmasına rəğmən, bu əsərlər hələ də elə bugünkü cəmiyyətlə bağlı məsələlərdən və mövzulardan bəhs edir. Bu hekayələrdən yalnız ikisi birbaşa Sovet rejiminə aiddir: "O gecənin səhəri" hekayəsi gecə yarısı kabus kimi qapıların önündə dayanan qara maşınları - 37-ci ilin müdhiş reallığını əks etdirir. Totalitarizmi hədəfə alan "Yaxşı padşahın nağılı" hekayəsində isə zahirən guya ki xoş niyyətləri olan hökmdarın rəiyyətinin başına açdığı oyunlar təsvir edilir.
Ancaq ümumiyyətlə, Anarın əsərlərində sovet damğası yoxdur. Onun fikrincə, yazdığı əsərlər insanlar barəsindədir və insanlar kapitalizm, sosializm və ya hər hansı sistemdə yaşamasından asılı olmayaraq eynidirlər. Anar müəmma, sirr ab-havasını da ustalıqla şiddətləndirir və oxucunu daima maraq içərisində saxlayır. Müəllifin təqdim etdiyi heç bir təfərrüat yersiz deyil və mövzunun inkişafına xidmət edir. Anar həm də dialoq ustasıdır və onun bu kitabda ingilis dilinə tərcümə edilmiş hekayələrinin əksəriyyəti səhnələşdirilmiş və ekranlaşdırılmışdır. Sovet rejimində Azərbaycan yazıçıları üçün çox məşhur olmaq qeyri-mümkün idi. Moskva həmişə digər millətdən olan müəlliflərdən daha çox rus yazıçılarını, ya rus dilində yazanları irəli çəkirdi. Lakin bu gün Anarın əsərləri çoxsaylı oxucu kütləsinə çatdırılmalı və geniş yayılmalıdır.
Daha sonra Önsözdə Anar və ailəsi haqqında bioqrafik məlumat verilir.
İkinci cildə yazıçının "Otel otağı" və "Əlaqə" povestləri, "Qırmızı limuzin" hekayəsi daxil edilib. Bu cilddəki mətnləri Azərbaycan dilindən Jalə Qəribova, Aida Hüseynova və Sevinc Seyidova çeviriblər. Betti Bleyrin bu cildə yazdığı Önsözdə deyilir: "1960-80-ci illəri təsvir edən birinci cilddən fərqli olaraq, ikinci cild daha çox siyasi və tarixi mərhələlərin keçid dövründən bəhs edir. Bu əsərlər daha kədərlidir və daha çox təşviş doğurur. Burada daha çox narahatlıq, qeyri-müəyyənlik və çaşqınlıq duyulur və baş qəhrəmanın daxili düşüncələrindən, daxili monoloqlarından yaranmış bir şüur axını ortaya çıxır. "Otel otağı"nda və "Qırmızı limuzin"də Sovet İttifaqının süqutundan sonra (1991) ilk illərin acı həqiqətləri təsvir edilir. O dövr üçün faciəvi Qarabağ hadisələrindən doğan mənəvi təzyiq və məyusluq ovqatı səciyyəvi idi, eləcə də bu illər yoxsulluqdan əziyyət çəkən ziyalılar üçün həddən artıq ağır dövr idi. Anar bunu "Qırmızı limuzin" hekayəsində çox gözəl təsvir edir. Hekayənin qəhrəmanı yadlaşmış doğma şəhərində heç kəsi tanıya bilmir, sanki özgə, yabançı bir məkana düşüb.
İkinci cildə daxil edilmiş əsərlər oxucudan daha artıq səy tələb edir. Mərhum Vaqif Səmədoğlunun vaxtilə dediyi kimi, "Anara müdrik oxucu arzulamaq lazımdır, çünki elələri olacaq ki, onu oxuyub heç nə başa düşməyəcək". Vaqif Səmədoğlu Anarın dərin psixoloji proseslərin içində təsvir olunmuş obrazlarının oxucular tərəfindən anlaşılmasını istəyirdi. "Otel otağı", şübhəsiz, klassik əsərdir. Həm də Qarabağ faciəsini və onun erməni hərbi qüvvələri tərəfindən işğalını anlamağa çalışan hər bir şəxs üçün vacib əsərdir. Qəhrəmanın ürək ağrısı yalnız əyinlərində bir köynəklə qaçmağa məcbur olmuş yüz minlərlə insanın əzablarına görə deyil. Bu ağrı dərinlərə kök salmış xatirələrdən - səs, görüntü, qoxu, dağ bulaqlarının suyunun dadından doğan xatirələrin ağrısıdır. Bu həm də nəsildən-nəslə keçərək doğmalaşan torpağa sevginin yaratdığı nisgildir. Ən önəmlisi isə odur ki, "Otel otağı" kədərdən ölməyin həqiqətən mümkün olduğunu xatırladır.
Anarın əsərləri onların yaranmasına səbəb olan tarixi hadisələrin hüdudlarını aşır. Onun əsərləri bu gün - XXI əsrin burulğanında Xəzər sahillərindən çox-çox uzaqlarda olan oxucularçün də dərin məna kəsb edir".
ABŞ-dakı nəşr qaydalarına uyğun olaraq, cildlərə daxil olan hər əsərin əvvəlində Betti Bleyr tərəfindən yazılmış qısa icmal verilib. "Dantenin yubileyi" povesti əsasında (quruluşçu rejissorlar Anar və Gülbəniz Əzimzadə, baş rolda Həsən Turabov) Bakıda bədii film, Türkiyədə həmin əsər əsasında "Aktyorun əskisi" adlı film çəkildiyi (rejissor Atilla Engin) göstərilib. Habelə, "Keçən ilin son gecəsi" əsasında rejissor Gülbəniz Əzimzadənin, "Gürcü familyası" əsasında rejissor Arif Babayevin "Gün keçdi" adlı və "Otel otağı" povesti əsasında rejissor Rasim Ocaqovun çəkdikləri filmlər qeyd olunub. Tərcüməçilərin yardımı və iştirakıyla Betti Bleyr hər əsərdən sonra o mətndə keçən adların və istilahların izahını verib. Beləliklə, ABŞ oxucusu həm də müəyyən şəxslər və istilahlarla tanış olur. Birinci cilddə ("Dantenin yubileyi" povestindən sonra) Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Əhməd Ağdamski, Abbas Mirzə Şərifzadə, Vsevolod Meyerhold, Bertold Brext haqqında, ikinci cilddə ("Otel otağı"ı povestindən sonra) Nəriman Nərimanov, Xan Şuşinski, Zülfi Adıgözəlov, Nazım Hikmət, Nəcib Fazil Qısakürək, Orxan Vəli, Məhməd Fuad Köprülü, Əhməd Cəfəroğlu, Əhməd Haşim,Vasili Bartold, İosif Stalin, Mir Cəfər Bağırov, Üzeyir Hacıbəyli, Bülbül, Rəşid Behbudov, Mirzə Ələkbər Sabir, Yəhya Kamal Bayatlı, Xoca Əhməd Yasəvi, Əlibəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Molla Pənah Vaqif, Mir Möhsün Nəvvab, Məhəmməd Əmin Rəsulzadə, Cəfər Cabbarlı, Hacıbaba Hüseynov, Qədir Rüstəmov və başqaları haqqında məlumat verilir.
Oxucular "Dantenin yubileyi" povestindən sonra "Oqtay Eloğlu", "Aydın", "Şeyx Sənan", "Od gəlini" pyesləri haqqında, "Otel otağı" povestindən sonra Qarabağın coğrafi adları - Ağdam, Laçın, Qırxqız yaylaqları, Sarıbaba dağı, Qaragöl, Bağrıqan dağı, Cıdır düzü, İsa bulağı, Topxana meşəsi, Qırxpilləkan haqqında bilgilərlə məlumatlandırılır. Şuşa 1992-ci ildə ermənilər tərəfindən işğal olunmuş qədim Azərbaycan şəhəri, muğam konservatoriyası kimi, Xocalı 1992-ci ildə 366-cı rus motoatıcı alayının iştirakıyla erməni qəsbkarları tərəfindən yerlə-yeksan olunmuş əsgi Azərbaycan yurdu kimi təqdim olunur.
Novruz bayramı, muğam, şur, təsnif istilahlarıyla yanaşı, hətta mətndə adı keçən qırxbuğum, əvəlik, zəncəfil, oymadərən, qantəpər, quzuqulağı, dəlilboy, cincilim, dəvədabanı, pıtırğan, dağdağan, qaratikan kimi sözlərin də izahı və ingilscə qarşılığı verilmişdir.
Bütün bunlar həm tərtibçi-redaktorun, həm də tərcüməçilərin işlərinə nə qədər böyük məsuliyyətlə və mükəmməl yanaşmalarının göstəricisidir.
A.HEYDƏROVA