Martın 28-də Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev və Mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza Beyləqan rayonuna səfər ediblər.
Qonaqlar Beyləqan yazarlarının bir qrup üzvləri ilə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül qoyub öz ehtiramlarını bildiriblər. Sonra AYB Beyləqan bölməsinin təşkilatçılığı ilə H.Əliyev mərkəzində Beyləqan ziyalıları, qələm adamları ilə görüş keçirilib. Tədbiri AYB-nin Beyləqan bölməsinin sədri, yazıçı Asif Cəfərli açaraq dünya şöhrətli yazıçısı Çingiz Abdullayev və şair Xəyal Rzanı Beyləqanda görməkdən məmnun olduqlarını bildirib. Asif Cəfərli Çingiz Abdullayevin həyat və yaradıcılığı haqqında görüş iştirakçılarına geniş məlumat verib: “Çingiz Abdullayevin milyonlarla oxucusu var. Çingiz müəllim dünyanın hər yerindən görünən yazıçıdır. Biz xoşbəxt insanlarıq ki, bu gün onunla bir yerdəyik”. Daha sonra söz xalq yazıçısı Çingiz Abdullayevə verilib. Çingiz Abdullayev çıxışı zamanı Qarabağ problemindən, şəhidlərimizdən, Milli Qəhrəmanlarımızdan söz açıb: “Bura gələrkən yolda diqqətimizi bir məqam çəkdi. Yol kənarında Xocavəndə burdan 10 km qaldığı yazılmışdı. Siz düşmənlə bu qədər yaxın məsafədə, hər an baş verə biləcək təhlükə altında yaşayırsınız. Qarabağ bizim ən ciddi problemimizdir. Biz mütləq Qarabağı işğaldan azad edəcəyik. Ancaq unutmamalıyıq ki, itirdiklərimizi geri qaytarmağın yolu təhsildən, elmdən, kitabdan, kitab oxumaqdan keçir”. Çıxışından sonra xalq yazıçısı tədbir iştirakçılarının suallarını cavablandırıb. Sonra söz Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rzaya verilib. Xəyal Rza görüşün təşkil edilməsi, ümmumən aktiv fəaliyyətləri, müntəzəm olaraq təşkil etdikləri tədbirlərə görə AYB Beyləqan bölməsinə təşəkkür edib. X.Rza müəllifi olduğu “Qırmızı” şeirini səsləndirib.
Sonda görüş iştirakçıları ilə xatirə şəkilləri çəkilib.
AYB.az