Aprelin 6-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “BORXES: Estetik bir hadisə kimi söz” adlı konfrans və argentinalı yazıçı Silvia Zimermannla görüş keçirilib.

 

Tədbiri Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar açaraq qonaqları salamlayıb və Borxeslə bağlı fikirlərini bölüşüb: “Borxes mənim sevdiyim yazıçılardan biridir. Mən onu Azərbaycan dilinə tərcümə etmişəm. Borxeslə yanaşı Latın Amrekasının başqa görkəmli ədibləri də Azərbaycan oxucusu tərəfindən sevilərək oxunur. Ümumiyyətlə Latın Amerikası dünya ədəbiyyatına böyük töhvə verib. Amma əfsuslar olsun ki, Latın Amerikasında Azərbaycan yazıçıları, şairləri çox az təbliğ olunurlar. Mənim Kubada bir kitabım çıxıb, bu yaxınlarda yazıçı Kamal Abdullanın kitabının Braziliyada çap olunmasını da böyük sevinclə qarşıladıq. İstərdik ki, bizim digər yazıçılarımızın əsərləri də ispan və portuqal dilinə tərcümə edilərək dünyanın böyük hissəsini əhatə edən Latın Amerikasında yayılsın. Gəlin elə bu görüşü bu işin başlanğıcı hesab edək”.

Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Rika bildirib ki, Silvia Zimmermann məşhur argentinalı yazıçı Xorxe Luis Borxesin tələbəsi olub və onunla uzun illər bərabər çalışıb.

Silvia Zimmermann Azərbaycana səfər etməkdən olduqca məmnun olduğunu, belə bir görüşün təşkil edildiyi üçün Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə minnətdarlıq hissini bəyan edib: “Çox sağ olun ki, ədəbiyyat vasitəsilə mədəni əlaqələri yaxınlaşdırırsınız”. Sonra yazıçı Borxes haqqında xatirələrini bölüşüb. O, Borxesin bir neçə əsərini onun diktəsilə qələmə aldığını bildirib: “Borxes heç vaxt düşünmürdü ki, əsərlər yenidən yaranır. Onun üçün əsərlər təkrarlanan idi. Ona görə də Borxes əsərlərin yazılmasından çox oxunmasına üstünlük verirdi. Hər zaman deyirdi ki, ən yaxşı yazıçı oxuduqlarını yenidən yaza bilən yazıçıdır. Borxes yazdıqları ilə deyil, oxuduqları ilə fəxr edirdi. O, sözə yüksək dəyər verən bir yazıçı idi. Borxes bir sözün yaranmasını belə estetik hadisə kimi qiymətləndirirdi”. Silviz Zimmermann çıxışı zamanı Bakıya aşiq olduğunu, heyran qaldığını da dilə gətirib: “Çox xoşbəxtəm ki, Azərbaycana Novruz bayramı ərəfəsində gəldim. Borxes Azərbaycana Novruz bayamı günlərində səfər etmiş olsaydı, mütləq bu gözəlliyə, bu bayrama bir neçə əsər həsr edərdi”.  

Tədbirdə şair Səlim Babullaoğlu, yazıçı Natiq Rəsulzadə, professor Hamlet İsaxanlı və başqaları çıxış edərək Borxesin dünya ədəbiyyatna ciddi təsir göstərmiş bir ədib olduğunu qeyd ediblər,  onun Azərbaycan oxucusu üçün də dəyərli yazıçı olmasından söz açıblar.

 

AYB.az 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə