Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində “İmzalı görüş” layihəsinin növbəti tədbiri keçirilib.

 

Bu dəfə Fondda Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anarla müxtəlif ali məktəb tələbələrinin, ədəbiyyatsevərlərin “İmzalı görüş”ü təşkil olunub.

Tədbiri Bilik Fondunun icraçı direktoru Oktay Səmədov açaraq qonaqları salamlayıb, Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı haqqında ətraflı məlumat verib. İcraçı direktor müasir gənclərin mütaliəyə marağının gücləndirilməsi üçün belə görüşlərin əhəmiyyətini vurğulayıb. O.Səmədov Anarın yaradıcılığından bəhs edərək deyib: “Yaşlı nəsil Nigar Rəfibəylinin, Rəsul Rzanın əsərlərini oxuyaraq yetişib, gənc nəsil bu iki böyük şairin yetişdirdiyi Anarın əsərlərini oxuyur. Anar Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində böyük xidməti olan ziyalılarımızdandır”.

Bilik Fondunda təcrübə keçən tələbələrin yazıçının həyat yolu və yaradıcılıq uğurları ilə bağlı hazırladıqları videomaterialı iştirakçılar maraqla qarşılayıb.

Sonra şair Əjdər Ol xalq yazıçısının yaradıcılığından söhbət açıb. Anarın yaratdığı əsərlərin hər zaman oxunaqlı və aktual olduğunu vurğulayan şair onun həm də Azərbaycan xalqının tarixi, taleyi haqqında düşünən ziyalılarımızdan olduğunu deyib.

Professor Rahid Ulusel tələbələrə Xalq yazıçısı Anarın yaradıcılığı və fəaliyyəti ilə bağlı müfəssəl məlumat verib. Anarı zəmanəmizin və bütün dövrlərin yazıçısı kimi dəyərləndirən professor onun geniş təfəkkür sahibi kimi də milli varlığımızın ön sıralarında olduğunu, ədəbiyyatımızı, mədəniyyətimizi şərəflə təmsil etdiyini diqqətə çatdırıb.

Səmimi mühitdə keçən görüşdə Xalq yazıçısı Anar ona verilən sualları ətraflı cavablandırıb, müəllifi olduğu əsərlərin müzakirəsi maraqlı məqamlarla yadda qalıb.

Sonda gənclərə Xalq yazıçısı Anarın imzalı kitabları paylanıb.



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə