Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda tanınmış yazıçı və ictimai xadim, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aranın 65 illik yubileyi və "Sazaq" kitabının təqdimat mərasimi keçirilib. 

Tədbirdə AYB rəhbərliyi, yazıçının qələm dostları, tanınmış mədəniyyət işçiləri, yazarlar, media nümayəndələri və ədibin doğmaları iştirak ediblər.

 AYB katibi Rəşad Məcid giriş nitqində Səyyad Aranın şəxsiyyəti, ədəbi yaradıcılığı, ictimai fəaliyyəti barədə fikirlərini bölüşüb. Yubilyarın əmək fəaliyyətinə ədəbiyyat müəllimi kimi başladığını deyən R.Məcid ədibin bioqrafiyası ilə bağlı maraqlı məqamlara toxunub. Onu hər zaman yaradıcılıq axtarışında olan yazıçı kimi xarakterizə edib:  "Səyyad Aran ömrü boyu Azərbaycan ədəbiyyatına xidmət edən yazıçılardan biridir. O, ədəbi yaradıcılığa şeirlə başlasa da, sonradan nəsrə keçib və nasir kimi öz imzasını tanıdıb. 1981-ci ildə yazdığı "Körpü" adlı ilk hekayəsi "Ulduz" jurnalında çap olunub və müəllifinə böyük rəğbət qazandırıb".

Yubilyarı təbrik edən R.Məcid ona çoxşaxəli fəaliyyətində yeni uğurlar arzulayıb.

AYB-nin sədri, Xalq yazıçısı Anar S.Aranla tanışlığından söz açıb, onun ədəbi və ictimai fəaliyyətini yüksək qiymətləndirib: "Səyyad Aran gözəl yazıçı olmaqdan da öncə çox dəyərli insandır. Elə onun yüksək insani keyfiyyətlərinin nəticəsidir ki, əsərləri rəngarəng, oxunaqlı və xalqın ruhuna daha yaxındır. O, yazıçı, alim, müəllim, jurnalist və siyasi xadim kimi bütün ömrü boyu Azərbaycan xalqına vicdanla xidmət edib".

S.Aranı təbrik edərək ona xoş arzularını bildirən Anar yubilyara AYB adından hədiyyə təqdim edib.

AMEA-nın müxbir üzvü, Millət vəkili N.Cəfərov deyib ki, S.Aran ədəbiyyatı dərindən bilən yazıçılardandır: "Onun yazıçı kimi ən yüksək cəhətlərindən biri də ən zərif hissləri belə təmkinlə, müdrikliklə əks etdirməyi bacarmasıdır. O, şəxsiyyəti ilə həm ədəbiyyata, həm siyasətə hörmət gətirən insandır. Düşünürəm ki, siyasət aləmində ədəbiyyat adamları nə qədər çox olarsa, bir o qədər faydalı olar".

Millət vəkili Jalə Əliyeva S.Aran yaradıcılığına dərindən bələd olduğunu və onun bütün qəhrəmanlarında az və ya çox dərəcədə öz şəxsiyyətindən hansısa keyfiyyətlərin sezildiyini vurğulayıb.

Xalq yazıçısı Mövlud Süleymanlı S.Aranın yazıçı kimi özünəməxsus üslubundan söz açıb və onun yaradıcılığının xalq ədəbiyyatı ənənələrinə söykəndiyini qeyd edib.

Tənqidçi Əsəd Cahangir yubilyar haqqında çıxışında onun "Sazaq" kitabında yer alan hekayələrə xüsusi yer ayırıb və onları yığcam təhlil edib.

Professorlar Buludxan Xəlilov və Elçin İsgəndərzadə, yazıçılar Seyran Səxavət, Aqil Abbas, Pərvin, tənqidçi Bəsti Əlibəyli, Qafqaz Müsəlmanları Ruhani İdarəsindən Fuad Nurullayev və Şahin Həsənli, YAP-ın nümayəndəsi Sadiq Qurbanov, şair Qəşəm Nəcəfzadə və başqaları da S.Aran haqqında fikirlərini dilə gətirib, yubileyi münasibətilə onu təbrik ediblər.

Şairlər Oqtay Rza və Dayandur Sevgin yubilyara həsr etdikləri şeirləri oxuyublar.

Səyyad Aran AYB-nin rəhbərliyinə, tədbirin təşkilatçılarına və iştirakçılarına, haqqında çıxış edənlərə  minnətdarlığını bildirib, bundan sonra da Azərbaycan ədəbiyyatına böyük həvəslə xidmət edəcəyini söyləyib.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə