İLESAM RƏHBƏRİ MEHMET NURİ PARMAKSIZ BƏXTİYAR VAHABZADƏ ADINA MÜKAFATA LAYİQ GÖRÜLÜB
Azərbaycan Yazıçılar Birliyində (AYB) “Türk şeirində eşq” almanaxının təqdimat mərasimi keçirilib.
Tədbirdə AYB rəhbərliyi, tanınmış yazarlar, ziyalılar, media nümayəndələri iştirak ediblər.
AYB sədri, Xalq yazıçısı Anar almanax haqqında geniş məlumat verib. Bu kitabın Türkiyə-Azərbaycan ədəbi əlaqələrinin inkişafında önəmli addım olduğuna inandığını deyən Anar, İLESAM-ın fəaliyyəti haqqında da söz açıb. Sonra AYB sədri İLESAM rəhbəri Mehmet Nuri Parmaksızı Türk dünyası ədəbiyyatının inkişafındakı xidmətlərinə görə Bəxtiyar Vahabzadə adına Mükafatla təltif edib və ona yeni uğurlar arzulayıb.
Professor Tofiq Məlikli Azərbaycan-Türkiyə ədəbi əlaqələrindən danışıb, AYB və İLESAM-ın birgə fəaliyyəti nəticəsində bu əlaqələrin daha da möhkəmlənəcəyinə inamını ifadə edib.
AYB katibi Rəşad Məcid “Türk şeirində eşq” almanaxının Azərbaycanla bərabər, Türkiyədə də maraqla qaşılanan bir nəşr olduğunu vurğulayıb. İLESAM-ın geniş miqyaslı fəaliyyətindən danışan R.Məcid bu baxımdan M.N.Parmaksızın xidmətlərini yüksək dəyərləndirib. Onu Bəxtiyar Vahabzadə Mükafatına layiq görülməsi münasibətilə təbrik edən R.Məcid daha öncə bu mükafatı alan simaları da xatırlayıb: “AYB-in təsis etdiyi Bəxtiyar Vahabzadə Mükafatı Türk dünyası ədəbi əlaqələrinin inkişafında müstəsna xidmətləri olmuş yazarlara təqdim edilib. Bu zamana qədər həmin mükafata dörd nəfər layiq görülüb: Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, “Kardeş kalemler” jurnalının baş redaktoru Ali Akbaş, tərcüməçi-yazar İmdad Avşar, Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş mədəniyyət müşaviri Seyid Əhməd Arslan. İndi isə İLESAM-ın rəhbəri Mehmet Nuri Parmaksızın bu mükafata layiq görülməsi çox sevindirici haldır”.
“Türk şeirində eşq” kitabının redaktoru, şair Qəşəm Nəcəfzadə kitabın adına diqqət çəkib: “Çox zaman eşq deyəndə qarşı cinsə olan sevgi başa düşülür. Amma buradakı eşq insanı Tanrıya qovuşduran İlahi eşqdir”.
Türkiyə şairlərinin şeirlərini Azərbaycan dilinə uyğunlaşdıran şair Nuranə Nur tərcümə prosesindən mənəvi zövq aldığını deyib: “Düşünürəm ki, bu almanax bütün türk dünyası üçün böyük töhfədir”.
Bəxtiyar Vahabzadənin oğlu Azər Vahabzadə almanaxın ərsəyə gəlməsində əziyyəti olan hər kəsə təşəkkür edib. O, atasının adına mükafat təsis olunduğu üçün AYB rəhbərliyinə xüsusi minnətdarlıq bildirib.
AYB-nin mətbuat xidmətinin rəhbəri, İLESAM-ın Azərbaycan üzrə nümayəndəsi Xəyal Rza çıxışında qurumun fəaliyyətindən danışıb: “İLESAM-ın türk dünyasında bu qədər tanınmasının əsas səbəbkarı Mehmet Nuri bəydir. Bu işdə onun müstəsna zəhməti var. Heç təsadüfi deyil ki, “Türk şeirində eşq” kitabında 330 İLESAM üzvünün şeirləri yer alıb”.
Yazar Təranə Vahid, ədəbiyyatşünas Esmira Fuad, şairlər Nəcibə İlkin, Güləmayıl Murad və başqaları almanax haqqında fikirlərini bölüşüb, mükafatçını təbrik ediblər.
M.N.Parmaksız, başda sədr Anar olmaqla, bütün AYB rəhbərliyinə, tədbir iştirakçılarına təşəkkürünü bildirib. Layiq görüldüyü mükafata görə sevinc hissi keçirdiyini deyən M.N.Barmaqsız bundan sonra da ümumtürk ədəbiyyatı üçün çalışacağını deyib: “Mənim soyadımdan fərqli olaraq, gördüyüm işlər, kitablar, mükafatlar mənim barmaqlarımdır. Mən çalışacağam ki, bu barmaqlar çoxalıb vahid Türk ədəbiyyatını bir yumruq şəklində birləşdirsin. Mükafatlar könlümüzü xoş edər, amma bununla bərabər məsuliyyətimizi də artırar”.
Almanaxın Türkiyədə də çap olunduğunu deyən İLESAM rəhbəri gələcək fəaliyyət planlarından da söz açıb: “Kitab burada çap olunandan bir həftə sonra Türkiyədə nəşr edildi və oradakı müəlliflərə, kitabı əldə etmək istəyən hər kəsə təqdim olundu. Bu yaxınlarda bu layihənin davamı kimi hekayələr almanaxı da hazırlamağı düşünürük. Bu ilin sonuna kimi Türkiyədə çap olunmuş 15 min kitabı Azərbaycanın müxtəlif şəhər və rayonlarının kitabxanalarına hədiyyə edəcəyik. Eyni zamanda Anarın 80 illik yubileyi ilə bağlı Türkliyədə onunla bağlı məqalələr toplanıb biblioqrafıyası ilə birgə çap olunacaq”.
Sonda M.N.Parmaksız İLESAM-ın yeni üzvlərinə vəsiqələrini təqdim edib.
AYB.az