Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda AYB-nin Cəfər Cabbarlı komissiyasının, Aqra Elmin İnkişafına Dəstək İctimai Birliyinin təşəbbüsü ilə alim, publisist, şair Əjdər Fərzəlinin 80 illik yubileyi keçirilib. Tədbirdə görkəmli elm xadimləri, ədəbiyyatşünas alimlər, mərhumun ailə üzvləri və media nümayəndələri iştirak ediblər.

 

            Tədbiri giriş sözü ilə açan AYB-nin katibi, şair Rəşad Məcid Ə.Fərzəlinin həyat və yaradıcılığı haqqında məlumat verib, onunla ilk tanışlığından söz açıb: “Əjdər müəllimin mənim yaradıcılığımda çox böyük rolu olubdur. M            ənim ilk yazılarımı, şeirlərimi ilk dəfə o,  “Azərbaycan gəncləri” qəzetində çap edib. Mən hər zaman onu təvazökar, məsuliyyətli, səmimi bir insan kimi xatırlayıram. Bu gün Ə.Fərzəlinin adının Ağcabədi rayonun ən böyük küçələrindən birinə verilməsi çox sevindirici bir haldır. Bunun üçün mən şəxsən Ağcabədi RİH başçısı Şahin Məmmədova öz təşəkkürümü bildirirəm. Düşünürəm ki, Əjdər müəllimi xatırlamaq, onun xatirəsini əbədiləşdirmək hər birimizin mənəvi borcudur”.

            Tədbirin aparıcısı Filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli “Əjdər Fərzəlinin elmi və bədii yaradıcılığı” adlı məruzəsi ilə çıxış edib. O, Ə.Fərzəlinin yeni çapdan çıxmış “Gəmiqaya- Qobustan mədəniyyəti” kitabını tədbir iştirakçılarına təqdim edərək, qeyd edib ki, bu gün həm də bu kitabın təqdimat mərasimi hesab oluna bilər: “Ə.Fərzəli ən yüksək diqqətə layiq bir ziyalıdır. Onun yeni çapdan çıxmış “Gəmiqaya- Qobustan mədəniyyəti” kitabı da bugünkli yubileyinə bir töhfədir. Əjdər nmüəllimin elmi fəaliyyəti bütün dünya tədqiqatçılarının diqqət mərkəzindədir. Onun yubileyi ilə əlaqədar olaraq, mənim şəxsi poçtuma xarici ölkələrdən bir sıra tanınmış alimlər Ə.Fərzəli haqqında fikirlərini, məqalələrini göndərirlər. Onun elmi araşdırmaları, fəaliyyəti, poeziyası hər zaman diqqət mərkəzində olub. İndiki ədəbiyyatımız, dilçiliyimiz də Əjdər müəllimin vaxtilə gəldiyi qənaətlərə yaxınlaşmaq, qəbul etmək mərhələsinə daxil olur”.

            Ə.Fərzəlinin elmdə ən böyük kəöşfinin Gəmiqaya-Qobustan əlifbası olduğunu deyən A.Rüstəmli, qeyd edib ki, məhz bu araşdırmalar nəticəsində həmin abidənin üstündə “Tanrı” (Tenqri) yazısı həkk olunduğu məlum olmuşdur.

            Millət vəkili, yazıçı Aqil Abbas da mərhumla tanışlığından söz açıb, onun zamanında üzləşdiyi bir sıra çətinliklərə diqqət çəkib: “Əjdər müəllimin əvvəl atamla, sonra isə mənimlə dostluğu olub. Bəzi insanlar var ki, öz ömrünü qarşılıq gözləmədən millətə, elmə fəad edirlər. Əjdər müəllim də onlardan biridir. O, sağlığında bir sıra çətinliklərlə üzləşdi. Bəzən onun yazıları, araşdırmaları ciddi qəbul edilmirdi. Amma o, buna baxmayaraq, yazırdı, yaradırdı. Bu yaxınlarda onun yubileyi Ağcabədi rayonunda da qeyd ediləcək. Mən yaradıcı insanlara “rəhmətlik” deyilməsini qəbul etmirəm. Əjdər Fərzəli kimi yaradıcı insanlar heç zaman ölmür”.

            Akademik, AMEA Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu çıxışında Ə.Fərzəlinin Azərbaycan və ümumən türk dünyasının dilçilik elmində gördüyü əvəzsiz xidmətlərdən danışıb: “Dil xalqın özünü təsdiqidir, milli sərvətidir. Ana südü bədənion mayası olduğu kimi, ananın dili də ruhun qidasıdır. Buna görə də düşünürəm ki, dilçiliklə məşğul olan insanlar millətin sərvətidir. Ə.Fərzəli də belə sərvətlərdən biridir. Mən onu görməsəm də, əsərləri, fəaliyyəti ilə yaxşı tanışam. Düşünürəm ki, onun ən dəyərli əsəri “Gəmiqaya- Qobustan mədəniyyəti” kitabıdır. Bu abidənin dünyaya tanıdılmasında Əjdər müəllimin rolu çox böyükdür. O, Gəmiqaya və Qobustan kimi iki qədim abidələr arasındakı əlaqələri öz araşdırmalarında sübut edir. Bu kitabın daha bir önəmi də ondan ibarətdir ki, burada Ə.Fərzəli bu abidələri “Orxon-Yenisey” abidələri ilə müqayisəli şəkildə təqdim edir. Mən istərdim ki, onun əsasını qoyduğu bu iş gələcəkdə də davam etdirilsin, bu kitab ingilis dilinə tərcümə olunaraq, dünyaya tanıdılsın. Biz bu cür abidələrimizə vaxtında sahib çıxmalıyıq. Buna görə də təbliğat düngün qurulmalıdır. İnsandan sonra bu dünyada yalnız gördüyü işlər qalır. Bu mənada Əjdər Fərzəli xoşbəxt insan hesab edilə bilər”.

            Milli Kitabxananın direktoru Kərim Tahirli çıxışında “Gəmiqaya- Qobustan mədəniyyəti” kitabının çapı haqqında tədbir iştirakçılarına məlumat verib: “Əjdər Fərzəli dünyada tanınan və dəyər görən bir ziyalıdır. O, bizim əlifbamızın tarixini araşdırmış bir alimdir. Biz “Gəmiqaya- Qobustan mədəniyyəti” kitabını çap etdirmək istəyəndə akademik İsa Həbibbəyli böyük məmnuniyyətlə ön söz yazmağa razılıq verdi. Mədəniyyət və Turizm nazirimiz Əbülfəz Qarayev isə kitabın mahiyyətini bilən kimi dəstəyini əsirgəmədi. Bu kitab Əjdər müəllimin ruhuna həsr olunmuş böyük abidədir”.

            Yazıçı Seyran Səxavət öz çıxışında Ə.Fərzəlinin insani keyfiyyətlərindən söz açıb: “Mənim 16 yaşımda “Sarmaşıq” adlı şeirimi ilk dəfə Əjdər müəllim qəzetdə çap edib. O, çox səmimi insan idi. Hər kəs onun haqqında bir elm adamı, alim kimi danışır. Mən isə onun şəxsi keyfiyyətlərindən danışmaq istəyirəm. Əjdər müəllim çox abırlı, təvazökar insan idi. Onun adının əbədiləşdirilməsi üçün çox işlər görülməlidir. Əjdər müəllim çox unikal insan idi”.

            Professor Buludxan Xəlilov Əjdər Fərzəlini qeyri-adi düşüncə sahibi kimi dəyərləndirib: “Mən onun ilk dəfə Dədə Qorqudla bağlı yazılarını oxumuşdum. Belə düşünürdüm ki, o, qeyri-adi düşüncə sahibi insandır. Onunla şəxsən tanışlıqdan sonra bu fikrimi özülüyümdə təsdiqləmiş oldum. Həyatın yazılmamış qanunu budur ki, fərqli insanlar cəmiyyət tərəfindən ya qəbul olunmur, ya da gec qəbul olunur. Çünki belə insanları anlamaq üçün özün də fərqli düşüncə sahibi olmalısan. Ancaq belə insanlar çox zaman hər kəsdən daha çox yaşayırlar. Fiziki olaraq, deyə bilmərəm, amma mənəvi olaraq ölümsüzlüyə qovuşurlar. Əjdər müəllim də məhz bu cür fərqli insanlardan biridir”. “Gəmiqaya- Qobustan mədəniyyəti” kitabından söz açan B.Xəlilov qeyd edib ki, Ə.Fərzəli özündən əvvəlki araşdırmaçılardan fərqli olaraq, bu daş təsvirlərə rəsm kimi yox, bir yazı kimi yanaşıb. Bununla da o, Azərbaycan türklərinin qədim tarixini faktlarla sübut edib: “Əjdər müəllim bu kitabda gözəl bir sual verir “niyə biz Heredotun fikrini “Quran” ayəsi kimi qəbul edirik, ancaq öz tədqiqatçılarımızın fikirlərinə şübhə ilə yanaşırıq?” Onun bu sözlərini elə özünə də aid edə bilərik. Əjdər müəllimin tədqiqatları bizim siyasətimiz üçün də çox lazımlıdır. Bu tədqiqatlar Azərbaycan həqiqətlərini dünyaya qəbul etdirmək yolunda dövlət başçımıza çox böyük kömək edəcəkdir”.

            Daha sonra tədbirin aparıcısı, professor Asif Rüstəmli Türk dilləri tədqiqatçısı Süleyman Kan Yalçının teleqramını tədbir iştirakçılarının diüqqətinə çatdırıb. Teleqramda deyilir: “Əjdər Fərzəli Gəmiqaya- Qobustan abidələrini tədqiq edərək dünyanın ən qədim əlifbalarının bu abidələrdən qaynaqlandığını təsdiqləməyə çalışmışdır. O, bununla ən qədim əlifbanın da türklərə məxsus olduğunu sübut etmişdir”.

            Professor Bayram Allahverdiyev Ə.Fərzəlinin layiq olduğu dəyəri görmədiyindən gileylənib: “O, çox zəngin biliyə malik insan idi. Onunla söhbət keçmişə səyahət təsiri bağışlayırdı. O, tədqiqatlarında deyir ki, türklər dünyanın ən qədim mədəniyyətə malik millətidir. Mən onun saatlarla bir daşın üzərində apardığı araşdırmanın şahidiyəm. O, tədqaiqatlarını təkcə Bakıda, Qobustanda deyil, Cənubi Azərbaycan, Kəlbəcər, Gəncə, Mingəçevir də daxil olmaqla bütün Azərbaycanda aparmış və hər yerdə eyni işarələrə rast gəlmişdir. Əjdər müəllimin gördüyü işi rus, ingilis, fransız alimi aparsaydı, indi bütün beynəlxalq aləm ondan danışırdı. Bəşər tarixinin ən böyük kəşfi yazıdır və Əjdər müəllim bu kəşfin Azərbaycanda Azərbaycan türkləri tərəfindən edildiyini sübut edibdir”.

            Professor Abbas Seyidov Ə.Fərzəli ilə birgə fəaliyyətini xatırlayıb: “Biz Gəmiqayada onunla birgə işləmişik. Onun hər abidəyə, daşa necə ürəklə can yandırdığının şahidiyəm. O, səhhətindəki problemlərə baxmayaraq, tədqiqatlarından qalmırdı. O, sübut etdi ki, Azərbaycan xalqının kökündə dayanan xalqlar hələ 6-8 min il öncə əlifbanın yaradıcısı adlandırılan finikiyalılara əlifba dərsi keçibdir. Onun həm də çox gözəl poeziyası, lirikası var”.

            Ağcabədi RİH nümayəndəsi Təyyar Hacıyev başçı Şahin Məmmədovun adından tədbir işrirakçılarını salamlayıb və Ə.Fərzəli haqqında fikirlərini bölüşüb: “Ağcabədi tarix boyunca çox böyük ziyalılar, alimlər, yazıçılar bəxş etmişdir. Onlardan biri də Ə.Fərzəlidir. Ağcabədi RİH başçısının 2 senytabr 2016-cı ildə 110 saylı sərəncamına əsasən Ağcabədi rayonunun ən böyük küçələrindən birinə Əjdər Fərzəlinin adı verilmişdir. Düşünürəm ki, onun adının əbədiləşdirilməsi üçün hələ çox işlər görülməlidir”.

Tədbir iştirakçılarından Abdulla Yusifli Ə.Fərzəli ilə xatirələrini bölüşüb, onu həm də lirik bir şair kimi yad edib: “Əjdər müəllimlə ilk tanışlıqdan onun necə sadə, zəngin bilik sahibi insane olduğunun şahidi oldum. Onun kitablarını, əsdərlərini oxuduqca görürsən ki, hər misrasında ürəyi, dərin duyğuları var. Düşünürəm ki, onun elmi tədqiqatları ilə bərabər, lirikası, poeziyası da araşdırılmalıdır. Tədqiqatlarının əsasında duran məsələlər gələcəkdə bir sıra elmi işlərin mövzusunu təşkil edəcəkdir. Onun bütün yaradıcılığının əsasını vətənpərvərlik ideyaları tyəşkil edir. Əjdər müəllim layiq olduğu dəyərə hələ bundan sonra qovuşacaqdır”.

Sənətşünas Ziyadxan Əliyev, AQRA EİDİB İH sədri Mirələkbər Seyidov, Tahir Aydınoğlu və başqaları öz çıxışlarında Ə.Fərzəlini zəngin bilik sahibi dilçi alim, təvazökar insan kimi xatırlayıblar. T.Aydınoğlu qeyd edib ki, Ə.Fərzəlinin bütün yaradıclığını “Biz kimik?” sualı təşkil edir.

Daha sonra ADMİU tələbələrinin çıxışında Ə.Fərzəlinin şeirləri səsləndirilib. Muğam ifaçısı Mehranə Məmmədli onun qəzəlləri əsasında Muğam ifa edib.

Sonda Ə.Fərzəlinin nəvəsi Xaqani Məmmədov ailəsinin adından AYB rəhbərliyinə, tədbirin təşkilatçılarına və bütün çıxışçılara öz təşəkkürünü bildirib.

 

Şahanə MÜŞFİQ

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə