İyunun 14-də “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin təşəbbüsü ilə görkəmli ədəbiyyat və mətbuat xadimi, “Şöhrət” ordenli yazıçı Əli İldırımoğlunun 90 illik yubileyinə həsr edilən geniş tədbir keçirilib. 

Mərasimdə millət vəkilləri, akademiklər, ədəbiyyat və sənət adamları, media nümayəndələri iştirak ediblər. Tədbirdə həmçinin yazıçının 12 cildlik əsərləri də təqdim olunub.

Mərasimi giriş sözü ilə Mərkəzin direktoru Sabir Həsənov açıb. O, “Azərkitab”ın fəaliyyəti, məqsədi və gördüyü işlər barədə qısaca məlumat verib. Qeyd edib ki, mərkəz tez-tez tanınmış yazarlar, ziyalılarla oxucuların görüşünü təşkil edərək gənclərin kitaba, ədəbiyyata olan marağını artırmağa çalışır. Əli İldırımoğlunun yaradıcılığı ilə bağlı tədbirin keçirilməsi təşəbbüsünün də bu amala yönəldiyini vurğulayıb.

Sonra Əli İldırımoğlunun həyat və yaradıcılığına aid film nümayiş olunub. Filmdə yazıçının özünün fikirlərinə, xatirələrinə geniş yer verilib, həmçinin Azərbaycanın tanınmış alimləri və ədibləri, sənətkarları onun həm yaradıcılığı, həm də şəxsiyyəti barədə fikirlərini bölüşüblər.

Tədbirin aparıcısı professor Nizaməddin Şəmsizadə Əli İldırımoğlu haqqında düşüncələrini dilə gətirib, onun yaradıcılığını şərh edib: “Mən Əli müəllim haqqında beş məqalənin müəllifiyəm. Onun əsərlərinə yaxşı bələd olan biri kimi deyə bilərəm ki, Əli müəllimin bir çox romanları bioqrafikdir. O, özünü, ailəsini, yaşadığı mühiti qələmə alır. Onun əsərlərində sanki yazıçının mənəviyyat gözü açılır və o, hadisələrə məhz bu gözlə baxır. Əli müəllim həm də ustad jurnalistdir. O, uzun illər Azərbaycanın, SSRİ-nin ən sayılıb-seçilən, önəmli informasiya qaynağı olan “Kommunist” qəzetində çalışıb. Elə buna görə də bədii yaradıcılığa nisbətən gec, 40 yaşından sonra başlayıb. 1980-ci illərdə onun bədii əsərləri çap olunub. Bəlkə də onun əsərlərinin bu qədər poetik və oxunaqlı olmasına bir səbəb də məhz bu yubanmadır. Çünki o jurnalist kimi artıq uzun illər çalışmışdı, ana dilimizin imkanlarına, sözə, sözün sehrinə, gücünə dərindən bələd olmuşdu. Əli müəllimin bir başqa yüksək keyfiyyəti də ondaki güclü müşahidə qabiliyyətidir. Onun əsərlərində Azərbaycan kəndinin, insan talelərinin elə nüansları, detalları öz əksini tapır ki, bunu hər kəs görə bilmir. Mən bunu da onun jurnalistik fəaliyyətinə bağlayıram. Çünki o, bu fəaliyyəti dönəmində Azərbaycanı qarış-qarış gəzmişdi, hər yeri yaxından öyrənə bilmişdi. Əli İldırımoğlunun bütün yaradıcılığını belə ifadə etmək olar: Ata kultu, Vətən əxlaqı”.

Xalq yazıçısı Sabir Rüstəmxanlı Əli İbrahimoğlu kimi bir yazarın yaradıcılığına xüsusi tədbir həsr etdiyi üçün “Azərkitab”a təşəkkürünü bildirib. Ə.İldırımoğlu ilə tanışlığından, uzun illəri əhatə edən dostluğundan danışan S.Rüstəmxanlı onu həqiqətə sadiq bir ziyalı kimi tanıdığını deyib: “Əli müəllim Azərbaycan həyatının çox mürəkkəb dövrünü qələmə alıb. Öz əsərlərində Qarabağın, Qubadlının çox dəyərli ziyalılarının obrazını dəqiqliklə yaradıb. Bu dərd, bu ağrı onun əsərlərini izləyir. Hələ bu əsərlər çox uzun zaman sevilərək oxunacaq”.

Əli İldırımoğlunu yazılarından, əsərlərindən tanıdığını deyən AMEA-nın həqiqi üzvü Misir Mərdanov onun həyat və yaradıcılıq yolunun nəsillərə nümunə olduğunu qeyd edib.

Millət vəkili, yazıçı-dramaturq Hüseynbala Mirələmov Azərbaycan oxucusunun Əli İldırımoğlu kimi yazıçının əsərlərinə hər zaman ehtiyac duyduğunu vurğulayaraq, ona gələcəkdə yeni-yeni gözəl əsərlər yazmağı arzu edib.

Şair Ramiz Rövşən Ə.İldırımoğlu yaradıcılığının xüsusiyyətlərindən söz açaraq deyib: “Yazı nəyisə saxlamaq, itməyə, getməyə qoymamaqdır. Əli müəllim bu mənada doğrudan da gedənləri, itənləri itməyə qoymayan yazıçıdır. Əli müəllim haçansa yaşadığı o yerləri də öz əsərlərində dirildir və yaşadır. O, eyni zamanda bizim dilimizi də yaşadır. Çünki biz təkcə torpaqlarımızı deyil, dilimizi də itirmişik. O, dilimizin yaddaşını özünə qaytarır”.

Millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Əli İldırımoğlunu ustad yazıçı və publisist, milli jurnalistikanın ağsaqqalı, yüksək mənada nəzarətçisi kimi qiymətləndirib: “Əli müəllimin bütün əsərləri həyata baxışının təcəssümüdür. Bu əsərlər nəinki jurnalistikanın, Azərbaycan cəmiyyətinin 50-ci illərdən bugünümüzə qədərki ensiklopediyasıdır. Həyat müxtəlif səpkidə bu əsərlərdə öz əksini tapır. Əli müəllim jurnalistdir, yazıçıdır, şəxsiyyətdir. O, heç nə yazmasaydı da, bu sənətlərin sahibi olmasaydı da biz onun şəxsiyyətinə görə bu tədbiri keçirə bilərdik. O bizim hamımıza nümunədir”.

Professor Qəzənfər Paşayev Əli İldırımoğlunun zəngin dünyagörüşündən, yorulmadan yazıb-yaratmaq eşqindən, nümunəvi publisistikasından, əsərlərinin təmiz, saf dilindən söz açıb. Onun yaradıcılığının tədqiqata cəlb edilməsi, gələcəkdə ali məktəb tələbələrinə dissertasiya mövzusu kimi verilməsi təklifini irəli sürüb.

Əli İldırımoğlunun zəngin mənəviyyata sahib olduğunu deyən millət vəkili Arif Rəhimzadə məhz bu insani keyfiyyətlərin əsərlərinə, romanlarına təsir etdiyini vurğulayıb. Ədibin 1987-ci ildə “Kommunist” qəzetində Quba rayonunun Xınalıq kəndi haqqında çıxan məqaləsinin o kəndin həyatında mühüm rol oynadığını qeyd edib.

Millət vəkili, yazıçı Aqil Abbas Ə.İldırımoğlunun örnək həyat və yaradıcılıq yolu keçdiyini, çox dəyərli əsərlər yaratdığını,  müasir yazıçıların və jurnalistlərin  ondan öyrəndiklərini bildirib.

Akademik Rafiq Əliyev, şair Rüstəm Behrudi, şərqşünas-yazıçı Fazil Güney və başqaları Ə.İldırımoğlunu yubileyi və kitablarının təqdimatı münasibəti ilə təbrik edib, ona xoş arzularını çatdırıblar.

Əli İldırımoğlu tədbirdə iştirak edən, onun haqqında düşüncələrini bölüşən, əsərləri barədə fikir söyləyən hər kəsə təşəkkürünü bildirib. Bütün bunları yaşadığı ömrə və yazdığı əsərlərə yüksək diqqət kimi qiymətləndirən ədib ümumən kitaba, ədəbiyyata həsr edilən tədbirlərin böyük əhəmiyyətini vurğulayıb.

Sonda Sabir Həsənov “Azərkitab” adından Əli İldırımoğluna “Qurani-Kərim” hədiyyə edib.

Şahanə MÜŞFİQ

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə