Sentyabrın 16-da Atatürk Mərkəzində görkəmli alim, professor Qəzənfər Paşayevin 80 illik yubileyi münasibəti ilə Kərkükdə, Füzuli mətbəəsində işıq üzü görmüş "Kərkük sevdalısı Qəzənfər Paşayev" kitabının təqdimat mərasimi keçirilib.

 

"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin (ABAİ İB) təşkilatçılığı ilə keçirilən təqdimatda millət vəkilləri, ziyalılar, ədəbiyyatşünaslar, yazarlar və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ABAİ İB-nin rəhbəri, millət vəkili Qənirə Paşayeva qonaqları salamlayaraq "Kərkük sevdalısı Qəzənfər Paşayev" kitabının məziyyətlərindən danışıb. O, kitabda professorun həyatı və əsərləri haqqında statistik, biblioqrafik, habelə ensiklopedik bilgilərlə yanaşı, ürək sözlərinin də yer aldığını qeyd edib: "Yubileyinə "İraq bizə iraq deyil" dediyimiz ellərdə kitab yazılan professor Qəzənfər Paşayev yalnız Azərbaycanda deyil, İraqda, qardaş Türkiyədə, bir çox başqa ölkələrdə də ədəbiyyatşünas, folklorşünas, publisist, dilçi, tərcüməçi və xeyirxah ziyalı kimi tanınır. Bizim uşaq vaxtlarımızda Qəzənfər müəllim tərcüməçi olaraq çalışdığı İraqdan məzuniyyətə gəldiyi zamanlarda onun sirli-sehirli söhbətlərinin əsas dinləyicilərindən biri olardıq. Əmim Kərkük, Ərbil, Təlafər, Tuzhurmatudan, oraların sakinlərinin bizimlə eyni dildə, eyni üslubda danışdığını, bizim kimi istiqanlı, qonaqpərvər olduğunu deyirdi. Xeyli sonra, əmimin bu sirli ölkə haqqında kitablarını oxumağa başladıq. İlk növbədə, əfsanəvi "Altı il Dəclə-Fərat sahillərində", sonra "Kərkük bayatıları", "Kərkük ata sözləri" kitabları bizi də sevdalandırır, qanadlandırırdı. Hər halda təvafüqdən idi ki, mən və əmimqızları məktəb tədbirlərində məhz İraq-Türkman bayatıları söyləyirdik. O bayatılar bir çox incə mətləbləri düşüncələrə hopduran, bəlkə, açıq-açığına deyə bilmədiklərimizin Kərkük, İraq üzərindən ifadəsi idi. Məsələn,

Dilim dilim,
Kəs qovun dilim-dilim,
Mən dilimdə vaz keçməm,
Olursam dilim-dilim...

Biz, bax belə bir yanğı ilə, eşqlə yetişdik və müstəqilliyimizin bərpası illərində o sirli-soraqlı ellərdən evimizə tez-tez qonaqlar gəlməyə başladı. Qəzənfər əmim vasitəsilə onları yaxından tanımağa başladıq".

Müəlliflər Şəmsəddin Kuzəci və Mustafa Ziya dəyərli ziyalının hələ sovet dövründə İraqda çalışdığı illərdə Kərkükə necə ürəkdən bağlanmasından, Azərbaycan və Kərkük, ümumən İraq arasında ədəbi körpülər saldığını, model araşdırmalar apardığını və kitablaşdırdığını qeyd ediblər.

Bu gün də Azərbaycanın diqqətini, sevgisini yüksək qiymətləndirən iraqlı soydaşlarımız, Azərbaycanda hər görüşü, Bakıda hər söhbəti bir ziyarət saydıqlarını deyiblər. Onlar Ümummilli lider Heydər Əliyevin "Tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq türkmanları ilə bir bütövün parçalarıdır" fikrinin arxasında dayanan düşüncəni həmişə yüksək qiymətləndirdiklərini qeyd ediblər. Bildirilib ki, ziyalının ömür və yaradıcılıq yoluna həsr edilmiş bu kitab, onun 80 illik yubileyinə kərküklü soydaşlar adından bir ərmağandır.

Millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun başçısı İlham Məmmədov Q.Paşayevin Azərbaycan- İraq dostluğunun, doğmalığının yaranmasındakı əvəzsiz rolundan söz açıb: "Bizə İraq sevgisi Qəzənfər Paşayevin əməyi ilə aşılanıb. O, öz əsərlərində İraq xalqının, türkmənlərin həyatını, məişətini, adət-ənənələrini, dilini elə gözəl əks etdirib ki, oxuduqca elə bilirsən, onlarla bir yerdə yaşamısan. Qəzənfər müəllim ömrünün çox illərini türkmən folklorunun tədqiqinə həsr edib. Onlar da Qəzənfər müəllimin bu zəhmətini cavabsız qoymayıblar. Bu kitab onun böyük zəhmətlərinə kiçik töhfədir. Mən düşünürəm ki, bu yolda görüləsi işlər çoxdur. Allah Qəzənfər müəllimə uzun ömür versin ki, biz də onun yeni tədqiqat əsərlərini oxuyaq".

Q.Paşayevin həyat və yaradıcılığının ən ümdə məqamlarına diqqət çəkən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Şirindil Alışanlı AMEA Mərkəzi Kitabxanasında professorun yubileyi münasibəti ilə elmi sessiyanın planlaşdırıldığını, özünün də orada məruzəçi olacağını bildirib.

Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı alimin Kərkük sevgisinə diqqət çəkib: "Ömrü günü kitabxanada, kitabların içərisində keçən çox insanlar var ki, baxırsan zəhmətkeşdir, savadı, biliyi var, ancaq yenə də nəsə çatışmır. Mən düşünürəm ki, o çatışmayan məhz eşqdir. O eşq çatışmadığına görə o yazdıqları da zaman keçdikcə bir yerdə tozlanıb qalır. Mən hesab edirəm ki, Qəzənfər müəllimə bəslənən bu münasibət o universallıqdan irəli gəlir. Çünki o, həm sevdalıdır, həm də dərin adamdır. Mən Qəzənfər müəllimin yolunu davam etdirən bütün Kərkükşünaslara bu sevdanı, bu dərinliyi arzu edirəm".

Əməkdar jurnalist Azər Həsrət, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, şair Musa Ələkbərli, alim Qurban Bayramov, Əməkdar artist Aybəniz Haşımova, BDU Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal, fəal ictimaiyyətçi Aidə Bəndəliyeva, alimin qızı Təranə Paşayeva və başqaları çıxış edərək, həm yubilyarın yaradıcılığı, həm də Kərküklü müəlliflərin qədirşünaslığı haqqında yüksək fikilərini səsləndiriblər.

Tədbir iştirakçılarına və çıxışçılara minnətdarlığını bildirən professor Qəzənfər Paşayev Kərküklü müəlliflərə onun haqqında qiymətli kitab yazdıqları üçün ayrıca təşəkkür edib, İraqda çalışdığı illərlə bağlı xatirələrini bölüşüb.

Sonda Dr. Mustafa Ziya və Şəmsəddin Kuzəçi Qəzənfər Paşayevə və Qənirə Paşayevaya Türkmaneli Kültür Mərkəzi adından diplom təqdim ediblər.

Şahanə MÜŞFİQ



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə