Dünən Azərbaycan Yazıçılar Birliyində (AYB) görkəmli Kolumbiya yazıçısı və ədəbiyyat tədqiqatçısı, Markes irsinin bilicisi Konrado Zuluaga ilə görüş keçirilib. 


K.Zuluaga V Bakı Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində Kolumbiyanın Azərbaycandakı səfırliyinin dəstəyi ilə Bakıya səfər edib.

AYB-dəki görüş Birliyin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Görüşdə Birliyin sədri, Xalq yazıçısı Anar, Kolumbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili xanım Marta Qalindo Pena, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu, AYB katibi İlqar Fəhmi, "Qobustan" toplusunun baş redaktoru Vaqif Əlixanlı, Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza, "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru Seyfəddin Hüseynli, yazıçı Elçin Hüseynbəyli və başqaları iştirak ediblər. Azərbaycan-Kolumbiya ədəbi əlaqələrinin inkişafı ilə bağlı məsələlərin diqqət mərkəzində olduğu görüşdə Xalq yazıçısı Anar qonaqlara Azərbaycanın tarixi keçmişi və bu günü, Qarabağ həqiqətləri, Xocalı soyqırımı barədə ətraflı məlumat verib. Sonra Anar Xocalı soyqırımıyla bağlı ingiliscə hazırlanmış sanballı nəşri və özünün Amerikada çap olunmuş kitablarını K.Zuluaqaya təqdim edib.

Səlim Babullaoğlu iki ölkənin ədəbi əlaqələrinin, tərcümə sahəsində əməkdaşlığının real imkanlarından, perspektivlərindən danışıb, ortaq layihələr haqda düşüncələrini, təkliflərini paylaşıb. Görüş zamanı gələcəkdə bu sahədə həyata keçiriləcək yaradıcılıq layihələri barədə ilkin razılıq əldə olunub.

Diplomat xanım Marta Qalindo Pena ədəbi mübadilənin əhəmiyyətini qeyd edib, Kolumbiya ədəbiyyatının Azərbaycanda, bizim ədiblərin əsərlərinin isə onun ölkəsində tərcüməsinin və nəşrinin vacibliyini vurğulayıb. O, bu istiqamətdə    

AYB və konkret olaraq Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə əməkdaşlığın faydalı olacağına inandığını bildirib.

Bakıya səfərindən, Azərbaycan ədəbiyyatçılarıyla görüşdən məmnunluq duyduğunu ifadə edən K.Zuluaqa Kolumbiya ədəbiyyatının, Markes yaradıcılığının tədqiqinin hazırkı durumu barədə fikirlərini diqqətə çatdırıb. Peşəkar fəaliyyətinin böyük hissəsini Markes irsinin öyrənilməsinə həsr etdiyini deyən qonaq, son zamanlar böyük ədibin yazı dili ilə bağlı "Söz sehrbazı" adlı kitab üzərində işlədiyini bildirib.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə