Oktyabrın 26-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında akademik Nizami Cəfərovun Xalq yazıçısı Elçinin həyat və yaradıcılığına həsr etdiyi “Elçin. Yazıçının yaradıcılıq yolu” kitabının təqdimat mərasimi keçirilib.

 

Mədəniyyət və Turizm Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ölkənin tanınmış elm, mədəniyyət və ictimai xadimləri, media nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları kitabxananın nəzdində “Açıq kitabxana”da elektron kitab köşkü ilə tanış olublar.

Tədbiri giriş nitqi ilə açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov N.Cəfərovun elmi yaradıcılığının önəmindən danışıb, bu kitabın mükəmməl bir tədqiqat əsəri olduğunu bildirib. K.Tahirov çağdaş nəsrimizin və dramaturgiyamızın görkəmli nümayəndəsi olan Xalq yazıçısı Elçinin əsərlərinin təkcə Azərbaycanda deyil, həm də dünya ədəbiyyatında xüsusi yer tutduğunu, yaradıcılığının xalqın dərin məhəbbətini qazandığını bildirib: “Ötən əsrin 60-70-ci illərində Elçinin dadlı-duzlu, real həyatdan qaynaqlanan hekayələri necə maraqla oxunurdusa, bu gün onun yazdığı hekayələr, xüsusilə də tarixi romanlar eyni həvəslə oxucular tərəfindən mütaliə edilir, sevilir. Onun bədii yaradıcılığının janr müxtəlifliyi də ümumi yaradıcılıq istedadının çoxşaxəliliyi qədər diqqəti cəlb edir: hekayə, povest, roman, dram və bu müxtəliflikdə aydın görünən bir özünəməxsusluq meyarı. Ədəbiyyata hekayəçi kimi gəlmiş Elçin 1960-70-ci illərdə bu janrın böyük ustası kimi tanınaraq sonrakı onilliklərdə də hekayə yaradıcılığını yüksələn xətlə davam etdirib. Lakin 70-ci illərdə povest, 80-ci illərdə roman, 90-cı illərdə isə dram onun bədii təfəkküründə hekayə ilə ciddi rəqabətə girməklə daha çox önə çıxa bilib”.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışının əvvəlində son zamanlar Milli Kitabxanada keçirilən tədbirlərdən söz açıb, qeyd edib ki, bu məkanda reallaşan kitab təqdimatları xüsusi əhəmiyyətə malikdir. Daha sonra nazir yeni nəşrin bədii-poetik, nəzəri məziyyətlərindən, hər iki qələm adamının yaradıcılığının özünəməxsus keyfiyyətlərindən söz açıb: “Böyük bir alimin - Nizami Cəfərovun Xalq yazıçısı Elçin haqqında yazdığı bu kitab görkəmli ədibin fəaliyyətinə yüksək diqqət və qiymətin göstəricisidir. Müəllif burada yazıçının yaradıcılığını geniş şəkildə, ədəbi dolğunluqla təqdim edir. Elçinin Azərbaycan xalqının, dövlətinin tarixində özünəməxsus yer tutması ilk növbədə ədəbi fəaliyyəti ilə bağlıdır. Onun əsərləri öz dəyərini itirmir və yaratdığı obrazlar da  hər dövr üçün aktualdır. Nizami Cəfərovun yazdığı bu kitab bir daha bizə Elçinin ədəbi fəaliyyətini təhlil etmək və onun yaradıcılığı haqqında düşünmək üçün istiqamət verir. Elçinin yaradıcılığı hələ uzun zaman çoxsaylı tədqiqatların mövzusu olacaq”.

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Tehran Əlişanoğlunun Xalq yazıçısı Elçinin yaradıcılığı haqqında və yeni kitabla bağlı geniş məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, Elçin ədəbiyyatımızın canlı klassiklərindəndir, onun haqqında yazmaq, həm də müasir, çağdaş ədəbiyyat haqqında yazmaq deməkdir: “Nizami Cəfərov bu kitabında yazıçının bütün yaradıcılığını təhlil edib, ona yeni kontekstdə yanaşıb”.

AYB-nin Birinci katibi, Xalq şairi Fikrət Qoca Elçinin yaradıcılığına yaxından bələd olduğunu bildirərək, onun əsərləri barədə yüksək fikirlər söyləyib. Yazıçının peşəkar ədəbiyyatçı kimi də davamlı çalışdığını deyən F.Qoca  Elçinin çoxşaxəli fəaliyyətinin onu heç zaman yaradıcılıq axtarışlarından uzaqlaşdırmadığını diqqətə çatdırıb.

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rəhbəri, yazıçı Afaq Məsudun fikrincə, belə bir kitabın ərsəyə gəlməsi ölkəmizin ədəbi mühitində çox əlamətdar hadisədir: “Bu kitabı ədəbi nəzəriyyəçilik və ədəbi dilin işlədilməsi baxımından mühüm bir hadisə kimi qiymətləndirirəm. Kitab akademik üslubdan uzaq yaradıcı yanaşmanın məhsuludur. Elçin müəllimin yaradıcılığı haqqında çox danışılıb. Onun əsərləri kodlarla, sirlərlə doludur. Hansı ki, bu, böyük kütlə üçün müəmmadır. Buna görə də onun yaradıcılığı sonsuza qədər müraciət edilməli və tədqiq olunmalı mənbədir. Bu kitab, eyni zamanda, onun yaradıcılığının ümumi mənzərəsini əks etdirir, yeni yanaşmada təqdim edir”.

Xalq şairi Nəriman Həsənzadə bildirib ki, Elçin təkcə ədəbiyyatşünas, böyük alim kimi deyil, həm də ictimai xadim kimi qaynar fəaliyyəti olan ziyalıdır. Elçinin dünya səviyyəli bir yazıçı olduğuna diqqət çəkən N.Həsənzadə bildirib ki, onun yaradıcılıq aləminin sərhədləri sonsuzdur və burada hər bir tədqiqatçının faydalana biləcəyi kifayət qədər zəngin material var: “Əsas mənbə onun bənzərsiz, mükəmməl və tükənməz istedadıdır”.

Çıxışında Elçinin son illərdəki əsərlərinə, xüsusən “Baş” romanına xüsusi diqqət ayıran professor Təhsin Mütəllimov deyib ki, bu roman müasir Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrindəndir: “Elçin müəllim yazıçıya vacib olan iki xüsusiyyətə - cəsarət və səmimiyyətə sahibdir. Onun nəsrinin bir mühüm məziyyəti də qeyri-adi təhkiyəsidir. Bu haqda da Nizami Cəfərov öz kitabında ətraflı bəhs edir. Elçin müəllim mənəviyyata böyük önəm verən, insanı yüksək amallara səsləyən sənətkardır”.

Kitabın həm obyekti, həm də müəllifi baxımından ona doğma olduğunu deyən professor Cahangir Məmmədli vurğulayıb ki, Elçin Azərbaycanda ədəbiyyatı ən çətin zamanlarda qürurla yaşadan görkəmli söz və qələm adamıdır.

Tanınmış ədəbiyyatçılardan Buludxan Xəlilov, Rüstəm Kamal, Azər Turan, İntiqam Qasımzadə, Nərgiz Cabbarova, Misirin ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi çıxış edərək kitabın məziyyətləri, Elçinin yaradıcılığı, yeni nəşrin elmi-tədqiqat mənbəyi kimi mükəmməlliyi barədə fikirlərini bölüşüblər.

Elçinin yarım əsrdən artıq bir dövrü əhatə edən zəngin yaradıcılıq yolundan söz açan natiqlər görkəmli yazıçını müasir Azərbaycan ədəbiyyatının parlaq nümayəndəsi kimi xarakterizə ediblər. Onun ayrı-ayrı əsərlərinə, yaradıcılıq yolunun fərqli dövr və ya mərhələlərinə, eləcə də, ümumən yaradıcılığına nəzər salan çıxışçılar bu yeni kitabı da həmin nöqteyi-nəzərdən yüksək dəyərləndiriblər. İndiyədək Elçin haqqında yüzlərlə kitabın, tədqiqat əsərinin işıq üzü gördüyünü söyləyən natiqlər bildiriblər ki, N.Cəfərov bütün keçilmiş yola yeni nəzər salmaqla yazıçını əksəriyyətin başa düşəcəyi dildə təqdim etməyi bacarıb.

Bütün iştirakçılara və dəyərli fikirlərə görə çıxışçılara minnətdarlığını bildirən müəllif - akademik Nizami Cəfərov deyib ki, kitab hazırlanarkən Elçinin bütün əsərlərini yenidən mütaliə edib. Müəllif böyük ədibi müasir ədəbiyyatda bir fenomen hesab etdiyini, onun ədəbi istedadının arxasında zəngin, mənalı, mükəmməl bir həyat yolunun olduğunu söyləyərək bunu yazıçının çox kiçik yaşlarından qaynar söz mühitində olması ilə əlaqələndirib: “Kitab yazıçı Elçin haqqındadır. Elçin heç yerdə əsərlərini təhlil etmir, dövrü, əhval-ruhiyyəsi haqqında danışır. Mənim üçün maraqlı idi ki, görüm yazıçı özü haqqında nə deyib. Elçin Azərbaycanı dünya miqyasında təmsil edəcək ədiblərdəndir. O, ədəbiyyatın yaradıcısı, araşdırıcısı olduğu qədər də təəssübkeşidir. Ədəbiyyatımızın təəssübkeşi olan bu böyük yazıçı ilə bağlı hələ çox əsərlər yazılacaq, dissertasiyalar müdafiə ediləcək. Ədəbiyyatımızın buna ehtiyacı var”.

Akademikə minnətdarlığını bildirən Xalq yazıçısı Elçin qeyd edib ki, bu kitab ədəbiyyatşünaslıqla tənqidin kəsişdiyi məqamın ifadəsidir: “Bu iki məfhumun yaxınlığı haqqında müxtəlif fikirlər səslənsə də, düşünürəm ki, yeni nəşr o nöqtəni göstərən əyani vəsaitdir. Burada həm ədəbiyyatşünas tədqiqatına, həm də ədəbi tənqidə yer verilib. Ədəbiyyatşünaslığın tədqiqinə və ədəbi tənqidə biganə olmayan biri kimi müəllifə xüsusi minnətdarlığımı bildirir və təbrik edirəm”.

Nazir Ə.Qarayevə və Milli Kitabxananın direktoru K.Tahirova xüsusi təşəkkür edən yazıçı deyib ki, Mədəniyyət Nazirliyinin ədəbiyyata olan diqqəti və sevgisi təqdirəlayiqdir: “Nazirlik ən çətin zamanlarda belə, ədəbiyyatın yanında yer alır, yaxşı kitabların çapına xüsusi dəstək göstərir. Bu diqqətə görə Milli Kitabxananın rəhbərliyinə də təşəkkür edirəm. Onlar da hər zaman ədəbiyyatımızın inkişafına çalışırlar. Mən arzu edərdim ki, bu cür dəyərli əsərlər tez-tez yazılsın və biz də gəlib burada ədəbiyyat haqqında söhbətlər edək”.

Sonda iştirakçılar Xalq yazıçısı Elçinin kitablarından ibarət sərgiyə baxıblar.

Şahanə MÜŞFİQ

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə