Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilmiş Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anarın həyat və yaradıcılığından bəhs edən sənədli film təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Xalq Yazıçısının 80 illik yubileyi münasibətilə hazırlanmış “Ardı yaşanılır” adlı sənədli filmin təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış elm, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər. Filmin ssenari müəllifi Günel Anarqızıdır.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək çağdaş Azərbaycan ədəbiyyatının canlı klassiki Anarın ədəbiyyatımızın inkişafındakı müstəsna xidmətlərindən söz açıb: “Azərbaycan ədəbiyyatının “60-cılar” adlanan ədəbi nəslinə mənsub nümayəndələrindən biri də Anardır. O, ədəbiyyatımızda nasir, dramaturq, publisist, alim, ictimai xadim və eyni zamanda şair kimi tanınır. Onun təkcə əsərlərinin adları çəksək, uzun bir siyahı alınar. Onun əsərləri nəyinki Azərbaycanda, həm də xarici ölkələrdə böyük maraqla oxunur”.
Bildirilib ki, Anarın yaradıcılığı, onun fəaliyyəti çoxşaxəlidir. Anar təkcə Azərbaycan ədəbiyyatında deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin həyatında bir hadisədir. Onun filmləri, yaradıcılığı, əsərləri bizim ədəbiyyatımızın, kinomuzun inciləridir.
Filmin ərsəyə gəlməsində zəhməti olanlara minnətdarlığını bildirən nazir görkəmli söz adamına həsr olunmuş ekran əsərinin böyük maraq doğuracağına inamını ifadə edib.
“Film yazıçı Anarla musiqişünas, akademik Zemfira Səfərovanın sevgi münasibətləri, 55 illik birgə ailə həyatı və bu gün də davam edən ömür yolundan bəhs edir. Yazıçının ailəsi ölkəmizin mədəniyyət və incəsənət tarixinə böyük töhfə verib. Onların yaradıcılıq mühiti, əsərləri, kitabları, elmi araşdırmaları bizim ədəbi mühitin formalaşmasında mühüm rol oynayıb. Yaradıcı cütlüyün qarşılıqlı hörmətə əsaslanan ailə həyatı gənc nəsil üçün örnəkdir”, - deyə Ə.Qarayev vurğulayıb.
Fikrini Lev Tolstoyun “Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin isə hərəsi bir cürə bədbəxtdir” sözləri ilə başlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, heç də bütün xoşbəxt ailələr bir-birinə bənzəmir. Hər bir xoşbəxt ailə özünəməxsusluğu ilə seçilir. Deyirlər ki, ailənin təməlinin əsası düzgün həyat yoldaşı seçməkdən başlayır, ancaq ailədə sədaqət, fədakarlıq, inam, hörmət, düzgünlük, sevgi yoxdursa, o ailədə xoşbəxtlikdən danışmaq olmaz. Bu mənada, yazıçı Anar və Zemfira xanımın özünəməxsus ailə platforması var: “Daim axtarışda olan, yazıb-yaradan, aktiv fəaliyyət göstərən cütlük qarşılıqlı sevgi və hörmət əsasında uzun illərdir ki, xoşbəxt həyat sürüblər. Əlbəttə ki, burada ailə kökləri, gen yaddaşı böyük rol oynayır. Onlar yüksək və zəngin ənənələrə malik ziyalı nəslinin davamçılarıdır. Onların ailə prioritetləri sadiqlik, dostluq, bir-birinin fikrinə hörmətlə yanaşmaq, uşaqlarının tərbiyəsində ortaq fikirlərə sahib olmaq prinsipinə söykənir. Bu mühitdə böyüyüb-başa çatan uşaqlar, əlbəttə ki, valideynlərinə layiq olmalıdırlar. Biz bunu cütlüyün tərbiyə etdikləri övladlarının nümunəsində görürük. Bir-birinə mənəvi dəstək olan bu insanların övladları xalqımızın tanınmış şəxsiyyətlərindəndir. Buna görə də gənc yazıçı, publisist Günel xanımın təqdim etdiyi sənədli film iki məna daşıyır. Birincisi, valideynləri qarşısında mənəvi borcu yerinə yetirmək, ikincisi isə gələcək nəsilləri örnək ailələrlə tanış etməkdir. Bu yerdə ümummilli lider Heydər Əliyevin fikirlərini xatırlamaq istərdim: “Nigar Rəfibəyli öz həyat yoldaşı Rəsul Rza ilə birgə Azərbaycan ədəbiyyatının inkişafında xüsusi rol oynayıb. Məmnunam ki, onların övladı, Xalq Yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar valideynlərinin işini davam etdirir, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına öz xidmətlərini göstərir”. Anar müəllimin ömür-gün yoldaşı Zemfira xanım elmi fəaliyyətlə yanaşı, ölkənin ictimai həyatında fəal iştirak edir. O, gözəl insan, səmimi dost, maraqlı həmsöhbətdir. Anar müəllimin, sözün əsl mənasında, sirdaşı, arxası, ona ilham verən xanımdır”.
Sonra “Ardı yaşanılır” sənədli filmi nümayiş olunub. Film tamaşaçılar tərəfindən böyük maraqla izlənilib.
AYB.az