19 fevral 2018-ci il tarixində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar və Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı, jurnalist Günel Anarqızı Polşaya səfər ediblər.
Səfər çərçivəsində Polşa Yazıçılar Birliyinin Varşava gərargahında görüş keçirilib. Görüşdə Polşa Yazıçılar Birliyinin sədri və üzvləri, səfir Həsən Həsənov da iştirak edib.
Görüşü giriş sözü ilə açan Polşa Yazıçılar Birliyinin sədri Marek Vavjkeviç tanınmış yazıçı Anarı və yazıçı, jurnalist Günel Anarqızını Polşada görməkdən məmunuluq duyduğunu bildirərək, Polşa Yazıçılar Birliyinin fəaliyyəti, üzvləri və nəşrləri haqqında məlumat verib. Daha sonra çıxış edən Polşa Yazıçılar Birliyinin sədr müavini Qjeqoj Vişnevski yazıçı Anarın Polşada tanındığını və bir neçə kitabının artıq polşalı oxuculara təqdim edildiyini vurğulayıb. Gjeqoj Vişnevski səfirliyin təşəbbüsü ilə nəşr edilən hekayələr toplusunun da tez bir zamanda oxucuların rəğbətini qazanacağına inandığını bildirib. Daha sonra çıxış edən səfir Həsən Həsənov Anarın XX-XXI əsr Azərbaycan ədəbiyyatında yeri, müəllifi olduğu əsərlərin aktuallığını itirmədiyini, Azərbaycan xalqının milli düşüncəsinin formalaşmasına təsiri, eyni zamanda rejissor və ssenarist kimi fəaliyyətindən geniş söhbət açıb.
Yazıçı Anar görüş təşkilatçılarına dərin təşəkkürünü bildirərək, Azərbaycan Yazıçılar Birliyinin fəaliyyəti, keçdiyi çətin yol və müstəqillik dövründə fəaliyyəti haqqında məlumat verib. Polşa oxucuları ilə əlaqələrin sıx olduğunu və artıq dördüncü kitabının polyak dilində işıq üzü görməsindən məmnunluq duyduğunu bildirən yazıçı Anar, həmçinin səfir Həsən Həsənova da göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Görüşdə həmçinin Polşa Yazıçılar Birliyinin rəyasət heyətinin katibi Yan Çixotski çıxış edərək Anarın “Əlaqə” əsərinə xüsusi diqqət ayırıb. Əsəri oxuduqdan sonra çox təsirləndiyini, hətta Tomas Mannın “Sehrli dağ” romanı ilə paralellər apardığını vurğulayan Yan Çixotski yazıçı Anarın əsərlərinin yüksək səviyyəli dəyəri olduğunu qeyd edib. Anarın əsərlərinə, ədəbi zövqünə valeh olduğunu bildirən Yan Çixotski belə dahi yazıçının əsərlərinin tərcüməsi ilə məşğul olmaqdan şərəf duyacağını dilə gətirib.
Görüşdə iştirak edən Günel Anarqızı da söz alaraq, tədbir iştirakçılarını salamlayaraq, tədbirdə iştirakından məmnunluq duyduğunu bildirib. Belə görüşlərin təcrübə bölgüsünə müsbət təsirini qeyd edən Günel xanım, həmçinin bu yaxınlarda Praqa şəhərində prezentasiyası olan və dünyanın 10 dilinə tərcümə edilən “Qarabağ nəğmələri” adlı kitabı haqqında məlumat verib. Azərbaycanın ən ağrılı tarixi olan Qarabağa həsr olunan və altı hekayədən ibarət olan kitabın gələcəkdə Polşada da təqdimatının keçirilməsi ilə bağlı Polşa Yazıçılar Birliyinin rəhbəri tərəfindən təklif irəli sürülüb. Cənab Marek Vavjkeviç həmçinin 2018-ci ilin oktyabr ayında Varşavada keçiriləcək “Varşava poetik payızı” adlı festivala da Azərbaycan Yazıçılar Birliyindən nümayəndələrin dəvət ediləcəyini qeyd edib.
Görüşün sonunda yazıçı Anar, yazıçı, jurnalist Günel Anarqızı və şair Marek Vavjkeviç Azərbaycan-Polşa diplomatik əlaqələrinin qurulmasının 540 və bərpasının 20 illiyini münasibətilə səfirlik tərəfindən təsis edilmiş xatirə nişanları ilə təltif ediliblər.
19 fevral tarixində həmçinin Varşava Universitetində Azərbaycan dili və mədəniyyəti fənni üzrə təhsil alan polşalı tələbələrlə də görüş keçirilib. Görüşdə Yunus Emre İnstitutunun direktoru, prof. Öztürk Əmiroğlu, “Azərbaycan Mədəniyyət Mərkəzi” Cəmiyyətinin sədri, Varşava Universitetinin əməkdaşı dr.Şəhla Kazımova, səfir Həsən Həsənov və universitet tələbələri iştirak ediblər. Görüşü giriş sözü ilə açan Şəhla Kazımova qonaqları salamlayaraq, 60-cı illər ədəbiyyatının əfsanəsi, yazıçı Anar haqqında tələbələrinə məlumat verib. Anarın Azərbaycan ədəbiyyatına damğasını vurmuş ədibləridən birini olduğunu qeyd edən Şəhla xanım həmçinin Anarın ssenarist olmasını da xüsusi vurğulayaraq, onun ssenarisi əsasında çəkilmiş “Dədə Qorqud” filminin yaranma tarixi haqqında tələbələrə məlumat verilməsini xahiş edib.
Öz növbəsində, yazıçı Anar tələbələri salamlayaraq onların Azərbaycan dili və mədəniyyətinə göstərdikləri marağa sevindiyini bildirib. Dədə Qorqud eposu ilə hələ 14-15 yaşlarında tanış olduğunu, eposu bir neçə dəfə oxuduğunu və hər dəfə də özü üçün yeniliklər əldə etdiyini bildirən Anar, eposu çox yüksək dəyərləndirdiyini qeyd edib. Dədə Qorqudun 1300 yubileyi ərəfəsində Filmin ssenarisinin hazırlandığını bildirən Anar, o dövrdə həmçinin Dədə Qorquda həsr edilmiş digər çoxsaylı nəşrlərin işıq üzü gördüyünü vurğulayıb. Anar qeyd edib ki, türk milli düşüncəsini əks edən Dədə Qorqud eposu Azərbaycanın qədim tarixini öyrənmək istəyənlər üçün çox dəyərli bir əsərdir.
Həmçinin 60-cı illər yaradıcılığından danışan Xalq yazıçısı o vaxt hakimiyyətin tələblərinə əks gedərək adi insanların həyatı, problemləri haqqında yazdığını, insanların gündəlik həyatını öz əsərlərində təsvir etməyə çalışdığını bildirib.
Eyni zamanda Polşa ədəbiyyatı və filmləri ilə də yaxından tanış olduğunu qeyd edən yazıçı Anar, Tadeuş Rujeviç, Çeslav Miloşun, Adam Mitskeviçin əsərlərinin Azərbaycan dilinə tərcümə olunduğunu bildirib.
Görüşün sonunda tələbələrlə xatirə şəkli çəkilib.
AYB.az