Martın 14-də Qırğızıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Bakıt Yusupov Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anara Qırğızıstanın Baş naziri Sapar İsakovun təbrik məktubunu təqdim edib.
Məktubda deyilir: “Hörmətli Anar Rəsul oğlu, 80 illik yubileyiniz münasibəti ilə mənim ürəkdən və səmimi təbriklərimi qəbul edin.
Sizin dostluq və qarşılıqlı yardımı öyrədən, mənəvi ruhu qidalandıran möhtəşəm kitablarınızla bizim ölkələrimizin bir neçə nəsli böyüyüb.
Əsl sənətkarın əmək və istedadı sayəsində ərsəyə gələn “Beş mərtəbəli binanın altıncı mərtəbəsi”, “Dantenin yubileyi” və bir çox digər əsərləriniz Azərbaycan ədəbiyyatının klassikasına çevrilmişdir.
Sevindirici haldır ki, siz bu gün də fəal şəkildə yaradıcılıq, ictimai fəaliyyətlə məşğul olursunuz. Eləcə də ən çox tələb olunan və sevimli yazıçılardan biri olaraq qalırsınız.
Bizim ölkəmizdə də xeyli sayda sizin həqiqi oxucunuz var. Siz ədəbiyyatın inkişafında, xalqlarımızın yaxınlaşmasında böyük rol oynamısınız.
Bu möhtəşəm gündə sizə möhkəm can sağlığı, xoşbəxtlik və bitməyən enerji arzu edirəm”.
Mərasimdə “Azərbaycan Müəllifləri” İctimai Birliyinin sədri İsmayıl Məmmədkərimov da iştirak edib. Yubilyarı təbrik edən nümayəndələr ona uzun ömür, can sağlığı arzu ediblər.
AYB.az