Dünən Azərbaycan Yazıçılar Birliyində (AYB) görkəmli tənqidçi, ədəbiyyatşünas Vaqif Yusiflinin 70 illik yubileyi münasibətilə tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə açan AYB-nin sədri, Xalq yazıçısı Anar Vaqif Yusiflinin zəngin yaradıcılıq yolundan, yüksək insani keyfiyyətlərindən söz açıb. 

Anar deyib ki, Vaqif Yusiflinin yubiley tədbirinin daha böyük zallarda keçirilməsi təklif olunsa da, yubilyar özü təvazökarlıqla buna razı olmayıb. Bu da onun xarakterindəki sadəlikdən irəli gəlir. AYB sədri çıxışında, həmçinin, tənqidçinin zəhmətkeşliyindən, çoxşaxəli fəaliyyətindən söz açıb, onun gənclər üçün bir örnək olduğunu deyib.

Çıxışından sonra yazıçı AYB kollektivi adından yubilyara hədiyyələrini təqdim edib.

"Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə V.Yusifli ilə tanışlığından söz açıb. Deyib ki, birgə çalışdıqları 18 il ərzində hələ onun kiminsə könlünə dəyməyini görməyib. Bu da, təbii ki, onun mülayim xarakterindən irəli gəlir.

Yubilyarı yeni yaşı münasibətilə təbrik edən Milli Məclisin deputatı Elmira Axundova çıxışında V.Yusiflinin böyük şöhrət sahibi tənqidçi, ədəbiyyatşünas olmağına baxmayaraq, bir o qədər də sadə, təvazökar insan olduğunu, xüsusən, gənc yazarlara hər zaman dəstəyilə seçildiyini vurğulayıb.

AYB-nin Birinci katibi, Xalq şairi Fikrət Qoca yubilyarla tanışlığından, illərə söykənən möhkəm dostluğundan söz açıb, onu yeni yaşı münasibətilə təbrik edib.

"Azərbaycan" jurnalının baş redaktor müavini Südabə Ağabalayeva çıxışında V.Yusiflini həm tənqidçi, həm də insan kimi xarakterizə edib: "Vaqif müəllim bütün ömrü boyunca tənqidçi qələmini heç nəyə dəyişmədi. O, hər sözdə bir işıq axtarır. Onun heç bir yazısında tənqidçi ədası yoxdur. Vaqif müəllim ən çətin məqamlarında belə özü özünü sözlə sağaltmağı bacarır. Ən əsas cəhəti odur ki, o, ruhunu sağlam saxlayıb".

Hələ ilk yazılarından son romanına qədər V.Yusiflinin diqqətini hiss etdiyini deyən yazıçı Elçin Hüseynbəyliyə görə, o, həmişə əsərlərə, ədəbi hadisələrə obyektiv münasibətilə seçilir. Onu ədəbi prosesi ən yaxından izləyən biri kimi dəyərləndirən natiq tənqidçinin xarakterindəki humanistliyin əsərlərə münasibətində də özünü göstərdiyini vurğulayıb.

"Ulduz" jurnalının baş redaktoru, şair Qulu Ağsəsin fikrincə, V.Yusifli həmişə yazıların və insanların yaxşı cəhətini axtarıb tapır. Onun çox gözəl yaddaşı var. İstənilən mövzu haqqında ətraflı məlumat sahibidir. Bu da ondan irəli gəlir ki, Vaqif müəllim hər zaman axtarışdadır.

Tənqidçi Cavanşir Yusifli özünün ta uşaqlıqdan ədəbiyyata münasibətinin formalaşmasında V.Yusiflinin rolundan bəhs edib.

Daha sonra Firuzə Məmmədli, Məmməd Oruc, Qəşəm Nəcəfzadə və başqaları V.Yusiflinin Azərbaycan ədəbi mühitindəki rolundan söz açıb, onu yubileyi münasibətilə təbrik edərək can sağlığı və yaradıcılıq uğurları diləyiblər.

Sonda yubilyar çıxış edərək ona göstərilən diqqət və qayğıya görə, başda AYB-nin sədri Anar olmaqla, rəhbərliyə, kollektivə öz təşəkkürünü bildirib.

Şahanə MÜŞFİQ

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə