Mayın 15-də Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Bakı ofisində türk dünyasının böyük yazıçısı, görkəmli ictimai-siyasi xadim Çingiz Aytmatovun 90 illiyinə həsr edilmiş tədbir keçirilib.

Milli Məclisin deputatlarının, tanınmış ictimai-siyasi xadimlərin, elm və mədəniyyət adamlarının qatıldığı tədbirdə əvvəlcə Çingiz Aytmatova həsr olunmuş fotosərgiyə baxılıb.

AYB.az AZƏRTAC-a istinadən xəbər verir ki, TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. “Bildiyiniz kimi bütün türk dünyasının böyük yazıçısı Çingiz Aytamatovun 90 illiyi münasibətilə silsilə tədbirlər keçirilir. Görkəmli yazıçının xatirəsinə həsr edilmiş tədbirin təşkilatçılarından biri də TÜRKPA-dır. O, bütün əsərlərinə film çəkilmiş dünyanın bənzərsiz qələm adamlarındadır. Görkəmli yazıçı Azərbaycanın da böyük təəssübkeşi idi”, - deyə baş katib söyləyib.

Natiq deyib ki, 1952-ci ildən qırğız və rus dillərində ilk əsərləri çap olunsa da, onun imzasının oxucular arasında tanınması Moskva Ali Ədəbiyyat İnstitutunda təhsil almasından sonra başlayıb.

Bildirilib ki, ən yüksək fəxri adlara və mükafatlara layiq görülmüş Çingiz Aytmatov SSRİ ərazisində yaşayan bütün xalqların ən sevimli yazıçısı kimi tanınıb, rəğbət hissi ilə qarşılanıb. Onun əsərləri ötən əsrin 60-cı illərindən ömrünün sonunadək dünyanın hər yerində böyük sevgi və məhəbbətlə oxunmaqla yanaşı, 76 dilə tərcümə edilib. Prezident İlham Əliyev vaxtilə türk dünyasının böyük ədibini ölkəmizdə keçirilən bütün beynəlxalq forumlara dəvət edib. Çingiz Aytmatov Azərbaycanda baş verən intibahdan qürur duyduğunu dəfələrlə dilə gətirib, Prezident İlham Əliyevin rəhbərliyi altında görülən işləri türk dünyasının böyük nailiyyəti hesab edib.

Vurğulanıb ki, türk dünyası yaşadıqca Ç.Aytmatov dühasının yaratdığı söz körpüsü də əbədi olaraq yaşayacaq.

Sonra görkəmli yazıçının həyat və yaradıcılığına həsr edilmiş videoçarx nümayiş edilib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar yazıçının yaradıcılığından söz açıb. Dünyada qırğız mədəniyyətinin uğurlarından danışan Anar deyib ki, bu mədəniyyətin dünyaya bəxş etdiyi ən ali dəyərlərdən bir də Çingiz Aytmatov olub: “O, qırğız torpağının bütün gözəlliyidir. Onun vasitəsilə türk xalqlarının tarixini daha da yaxından tanıdıq. Bizi yaş fərqinə baxmayaraq, çox şeylər bağlayırdı. Çingiz Aytmatovun adına Bakıda bir küçə olsa daha yaxşı olar. Biz bunla bağlı TÜRKPA-nın adından müraciət qəbul edəcəyik”.

Qırğızıstanın ölkəmizdəki müvəqqəti işlər vəkili Bakıt Usupov yazıçının yaradıcılığı haqqında qonaqlara məlumat verib. Görkəmli yazıçının yaradıcılığının tamamilə fəlsəfi üstünlüklərindən danışan diplomat deyib: “Ç.Aytmatov zaman və insan haqqında elə tərzdə yazıb ki, onun təsirindən milyonlarla insan düşüncəsinin həmrəyliyi yaranıb. Yazıçını bəşəri problemlər düşündürsə də, yaratdığı obrazlar tarixi yaddaşın daşıyıcısı olub. Çingiz Aytmatov dünyanın ədəbi prosesinə təsir göstərə bilmiş bir şəxsiyyətdir. Onun əsərləri Azərbaycan dilinə tərcümə edilərək dəfələrlə çap olunub və ölkənin ali və orta təhsil müəssisələrinin tədris proqramına daxil edilib. Görkəmli yazıçı hər zaman Azərbaycana səfərindən xüsusi qürur hissi keçirib. Ümummilli lider Heydər Əliyev onun yaradıcılığını hələ ötən əsrin 60-cı illərindən başlayaraq yüksək qiymətləndirib. Çingiz Aytmatov isə ulu öndər Heydər Əliyevin türk dünyasının qüdrətli lideri olduğunu dəfələrlə yazılarında, müsahibələrində bildirib”.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli yazıçının türk dünyası ədəbiyyatına bəxş etdiyi töhfələrdən bəhs edib. “Çingiz Aytmatov Nobel mükafatı almasa da, bu mükafatı almış onlarla yazıçı onu heyranlıqla qarşılayırdı. Hesab edirəm ki, onun yaradıcılığı Nobel mükafatından da üstün idi. O, dünya ədəbiyyatının əbədi magikandırı. Azərbaycan xalqı Çingiz Aytmatovu özünün böyük yazıçısı hesab edir. Onun bir çox əsərləri Azərbaycan dilinə tərcümə olunub. Bu gün ölkəmizdə hər kəs Çingiz Aytmatovu mütaliə edir. Ulu Öndər deyirdi ki, Ç.Aytmatov bütün türk dünyasının böyük yazıçısıdır. O, hər zaman ədalətin keşiyində dayanan qələm adamlarından idi. Bir sıra doktorantlar Çingiz Aytmatovun yaradıcılığı əsasında dissertasiya edib. Onun irsi Azərbaycan ədəbiyyatı üçün də bir nümunədir. O, Cəlil Məmmədquluzadəni türk dünyasının yazarlarının müəllimi adlandırırdı. Ç.Aytmatov oxuduqca öyrəniləsi ədibdir, yazıçıdır. Təbii ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu da görkəmli yazıçı ilə bağlı müxtəlif tədbirlərin təşkilini planlaşdırır", - deyə akademik bildirib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva yazıçını dünya ədəbiyyatı tarixində sözünü demiş, imzasını təsdiqləmiş ədəbiyyat adamı kimi xarakterizə edib.

Bütün türk dünyasının onunla qurur duyduğunu deyən G.Əfəndiyeva söyləyib ki, Çingiz Aytmatovun əsərlərində həm millilik, həm də bəşərilik var. “Bizim təşkilat Çingiz Aytmatovun əsərlərini müxtəlif dillərə tərcümə etməklə onu dünyanın bir sıra ölkələrinə təqdim edəcək. Çingiz Aytmatovun əsərlərindən biri yaxın gələcəkdə Bakıdakı sənət ocaqlarından birində tamaşaya qoyulacaq. 2001-ci ildə İstanbulda konsulluqda işlədiyim zaman Çingiz Aytmatovla tanış olarkən onun böyüklüyünü bir daha hiss etdim. Türk dünyası, həm də Çingiz Aytamatovla qurur duyur. Təklif edirəm ki, türk dünyasının görkəmli yazıçıları ilə bağlı silsilə tədbirlər davamlı olsun”.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Milli Məclisin deputatı, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev, Xalq Şairi Sabir Rüstəmxanlı və digərləri çıxış edərək yazıçının həyat və yaradıcılığından, zəngin ədəbi irsindən, türk dünyası ədəbiyyatı tarixinə bəxş etdiyi töhfələrdən söz açıblar.

Görkəmli yazıçının ailəsi adından oğlu Askar Aytmatov çıxış edərək atasının xatirəsinə göstərilən ehtiramdan məmnunluğunu ifadə edib, tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Sonda TÜRKPA və AYB adından Azərbaycan Prezidentinə müraciət qəbul edilib.

 

AYB.az 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə