Oktyabrın 16-da Beynəlxalq Muğam Mərkəzində "Türk dünyası şeir gecəsi" keçirilib.

Tədbirdən öncə Türkiyədə nəşr olunmuş "Azərbaycan Ədəbiyyat Antologiyası"nın təqdimat mərasimi keçirilib. 

Kitabda 100 azərbaycanlı gəncin şeir, esse və hekayələri toplanıb. 

Təqdimatda çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, AYB-nin mətbuat katibi Xəyal Rza, İLESAM-ın başqanı Mehmet Nuri Barmaqsız antologiya və ümumilikdə İLESAM, İLESAM Azərbaycanın fəaliyyəti haqqında geniş məlumat veriblər. Qeyd edilib ki, Antologiya İLESAM tərəfindən  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik münasibətilə Türkiyədə nəşr edilib.

Nəşri düzənləyən Fərid Hüseyn, Günel Şamilqızı, redaktoru isə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məciddir. Yazıları Türkiyə türkcəsinə Məhəmməd Rza uyğunlaşdırıb. Hazırda Türkiyədə satışda olan kitab ölkənin bütün kitabxanalarına paylanılacaq.

Tədbir çərçivəsində həmçinin, Cənubi azərbaycanlı şair Məhəmməd Çalğının Azərbaycan dilində çap olunmuş "Əlvida" kitabı və 75 türkiyəli yazarın əsərlərindən ibarət "Türk uşaq antologiyası" da təqdim olunub. Antologiyanı dilimizə Şahanə Müşfiq uyğunlaşdırıb. Redaktoru Sevinc Nuruqızıdır.

Daha sonra "Türk Dünyası şeir gecəsi" başlayıb. Gecədə Türkiyədən dəvət olunmuş  İLESAM üzvləri və Cənubi azərbaycanlı qonaqlar, eləcə də azərbaycanlı şairlər öz şeirlərini səsləndiriblər. Gecə bədii hissə ilə davam edib.

MEHRİ

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə