Martın 11-də AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anara həsr olunmuş, professor Yeganə İsmayılovanın yazdığı "Anarın Dədə Qorqud yaradıcılığı" kitabının təqdimatını keçirib. 

Tədbirdə AMEA və AYB-nin rəhbərliyi, millət vəkilləri, akademik ictimaiyyət, incəsənət xadimləri və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli yazıçının yaradıcılığından, onun ədəbiyyatımıza, mədəniyyətimizə, eləcə də kinomuza gətirdiyi yeniliklərdən danışıb. Bildirib ki, Anarın əsərləri təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində sevilir. Ədəbiyyatımızdakı "60-cılar" nəslindən söz açan İ.Həbibbəyli Anarı həmin nəslin liderlərindən biri adlandırıb.

O, təqdim olunan kitab haqqında danışarkən deyib ki, Y.İsmayılovanın qələmə aldığı kitab Anarın yaradıcılığındakı Dədə Qorqud istiqamətlərini bütün parametrləri ilə açıb göstərir.

Bakı Yunis Əmrə İnstitutunun direktoru Cihan Özdəmir çıxışında Anarın təkcə Azərbaycanda deyil, eləcə də Türkiyədə akademik səviyyədə öyrənildiyini, araşdırıldığını və haqqında dissertasiyalar, kitablar yazıldığını deyib.

Professor Cahangir Məmmədli Anarın Azərbaycan ədəbiyyatındakı müstəsna mövqeyini - Dədə Qorqud ağsaqqallığını, Dədə Qorqud müdrikliyini xüsusi qeyd edib.

Anarın yaradıcılığından geniş söhbət açan professor Himayal Qasımlı və digər çıxış edənlər Xalq yazıçısının həyatının müxtəlif məqamlarından və əsərlərindən söz açıb, təqdim olunan kitabı önəmli hadisə adlandırıblar.

Anar çıxış edərək, yaradıcılığına göstərdiyi diqqətə görə Yeganə İsmayılovaya, tədbirə gələn qonaqlara və təşkilatçı qurum olan MEK-ə dərin təşəkkürünü bildirib.

Sonda BDU-nun professoru, kitabın müəllifi Yeganə İsmayılova "Anarın Dədə Qorqud yaradıcılığı" kitabı haqqında məlumat verib və tədbir iştirakçılarına minnətdarlığını ifadə edib.

525

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə