Martın 25-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetində (MDU)  "Universitetlər, cəmiyyət və bəşəriyyətin gələcəyi" mövzusunda beynəlxalq forum keçirilib. 1500-ə yaxın iştirakçı və qonağın - Rusiyanın və xarici ölkələrin aparıcı universitetlərinin rektorlarının və prezidentlərinin, elmi təşkilatların, akademik dairələrin, dövlət orqanları təmsilçilərinin, tanınmış alimlərin və ictimai xadimlərin iştirak etdikləri tədbirdə MDU-nun rektoru, akademik Viktor Antonoviç Sadovniçi,  Rusiya Rektorlar İttifaqının vitse-prezidenti, Privoljsk Federal Dairəsi Ali Məktəblər Şurasının sədri, N.İ.Lobaçevski adına Nijni Novqorod Dövlət Universitetinin prezidenti Roman Qriqoryeviç Strongin, Bolqarıstan Elmlər Akademiyasının sədri, Sofiya Universitetinin rektoru Blaqovest Sendov,  Yaponiyanın keçmiş Baş naziri, siyasətçi, fəlsəfə doktoru Yokio Xatoyama və digər nüfuzlu elm və təhsil adamları çıxış edib.

M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti, akademik Nərgiz Paşayevanın forumdakı plenar məruzəsi iştirakçılar tərəfindən maraq və rəğbətlə qarışılanıb.

Təhsil məsələləri çoxcəhətlidir, birmənalı deyil. İlk baxışdan belə görünür ki, tədris prosesinin idarə olunmasının bütün reseptləri artıq yaradılmışdır. Belə düşünmək olar ki, hər şey tamamilə aydındır və sadədir - biz bilikləri toplamalı, ötürməli və qiymətləndirməliyik. Bəs, əsas nəticəyə - qazanılan biliklərin insanın şüur və təfəkkürünü zənginləşdirdiyi və maarifləndirdiyi pozitiv dönüş nöqtəsinə  necə yetişməli? Axı, sonra məhz şüur aparıcı olacaq və yalnız o,  biliyi bu və ya digər yolla aparacaqdır. Başqa sözlə, sadəcə, yalnız konkret mütəxəssis hazırlamaq deyil,   mənəvi-əxlaqi prinsiplərə və  yüksək məziyyətlərə sahib  olmaq üçün insanı necə öyrətməli, necə savadlandırmalı? Bu məsələni tarix kontekstində nəzərdən keçirsək, tarixən  ilkin impulsun və bazanın yalnız bilik deyil, həm də səbatlı vicdan, dərrakənin gücü və əxlaqın olduğu proseslərin fərqini aydın görə bilərik.  

Sovet dönəmində bizlər - filoloqlar illərlə süni sosrealizm metodologiyasından istifadə etmişik. "Sovet ədəbiyyatının optimizmi" prinsipi nəinki saxta elmi formulu, doktrinanı ehtiva edirdi, həmçinin, bir çox hallarda bu ştamp gənc insanın beynini pozur, köhnə düşüncə sistemində yaşayan insanları barışmaz edirdi. O zamanlar fərqli düşünən və fərqli yazan insanların qarşısında hələ çox maneələr dururdu. Çünki təhrif edilmiş nəzəri biliklərin doğurduğu aləm ədəbiyyatşünaslıq dərslikləri ilə məhdudlaşmır, onlarla bitmirdi. Vaxtilə bu qəbildən olan biliklər milyonların şüurunu təhrif etmişdi və heç kimin poza bilmədiyi tarazlığı yalnız ideoloji ehkam, göstəriş və metodologiyalardan real şəkildə azad olan sələf alimlərin  həlledici təsiri bərqərar edirdi.

XXI əsrdə bilik və təhsil vasitəsilə kütlələrin şüurunu düzgün idarə edə biləcəyikmi? Heç də sadə olmayan bu sualın cavabı, şübhəsiz, müsbət olmalıdır. Əks halda, biliklər əsas missiyasından - cəmiyyətin ləyaqətini, asayişini, rifahını və inamını təmin etməkdən məhrum olacaqdır. Dünyanın cari durumunda skeptiklər bu ali prinsipləri sadəlövh və səmərəsiz adlandıra bilərlər. Sirr deyil ki, bəzən belə dayaz düşüncələr bütöv bir həmfikirlər ordusu toplaya bilir. Təhsil prosesində ən çətin məsələ müasir tədrisin dağıdıcı, etinasız praqmatizmə və praktisizmə yuvarlanmasına yol verməməkdir. Qəlb, insan təbiəti, şəxsiyyət təhsil sistemində bu çətin prosesin keyfiyyətinə, etibarlılığına və funksionallığına zəmanət verilməsinə təsir edən əsas amillərdir.

İstənilən insan erkən uşaq yaşlarından real həyati olayların və durumların heç də birmənalı olmaması, bəzən isə ağır olması faktı ilə əvvəlcə nəzəri, sonra isə real şəkildə üzləşir. Və bu və ya digər situasiyada fərdin hərəkət və əməllərinin özünütəşkilin və şəxsi intizamın hansı meyarları ilə şərtlənəcəyini heç kim deyə bilməz. İdealda, məhz məktəbdə atılan ilk addımlar, daha sonra isə biliklərin əldə olunmasına aparan yol, ən müsbət keyfiyyətlərə şövqləndirməklə insanı böyük aləmə hazırlamalıdır. Bu mərhələdə yalnız kitablardakı müdrik fikirlər deyil, bu və ya digər biliklərin daşıyıcısı olan insanlarla şəxsi təmas da çox önəmlidir; onların həyat fəlsəfəsi, baxışları, daxili aləmləri və prinsipləri çox önəmlidir; təhsil mühitinin özü və onun atmosferi, biliklərin gücünə inamın ruhu, energetikası önəmlidir.

İnnovasiya əsri olan hazırkı dönəmdə məhz humanitar elmlər, sosial dəyərə malik elmlər qlobal miqyasda böyük əhəmiyyətə malikdir. Dəqiq elmlərin, innovativ layihələrin istənilən nailiyyətləri və ya uğursuzluqları gec-tez humanitar tərkibli və müxtəlif problemlərlə  üzləşir, kəsişir. Hətta dahi bir əqlin eyforiyası ali yönümlü qadağanı pozmaq cazibəsi qarşısında duruş gətirmədikdə, humanitar təlimlərin etik, əxlaqi və mənəvi ehkamları, humanitar elmlərin qiymətləndirmə meyarları, dəyər şkalaları əyləc rolunu oynayır.

Bilirik ki, mütləq şəkildə hamı üçün ümumi olan ideyalar mövcud deyil. Bizə o da məlumdur ki, biliklər anadangəlmə olmur, deməli, mənəvi-əxlaqi prinsiplər də anadangəlmə ola bilməz. Yeni dövr fəlsəfəsində sensualizm konsepsiyasının müəllifi, XVII əsr ingilis alimi və mütəfəkkiri Con Lokk yazırdı: "Kimdəsə anadangəlmə ideyalar varsa, həmin şəxsdən onların necə və nə qədər olduğunu öyrənməyə şad olardım". Yəni onlar anadangəlmə ola bilməz. Çox vaxt çılğın dərk etmə, duyma istəyi, biliklərə meyil hissiyyatı təcrübə, sensual qavrama sayəsində meydana çıxır.  Aristotelin fikrincə, "ağıl qavramağa başlayanda ideyaları kəsb edir". Fikrimizcə, qavrayışın, ideyaların və mənəvi-əxlaqi qaydaların ümumiliyi müasir təhsil prosesinin əməli müstəvisində daha fəal və dərin təzahürünü və tətbiqini tələb edən mühüm platformadır. Qlobal baxımdan, ümumbəşəri intellektual mühit, məktəblər və universitetlər, elmi müəssisələr müasir dünyanı bir çox təhdidlərdən qoruyan adekvat və xilasedici buferin qorunub saxlanmasını təmin edən qüvvələrdir, möhkəm bazalardır. İnsanlar kin-küdurətdən, qətllərdən və beynəlxalq intriqalardan  beziblər. 

Fikrimcə, mənəviyyat yolu ilə saflaşdırılan şüura və ağıla inamın bilik vasitəsilə dəstəklənməsi müasir təhsil və elmin əsas vəzifəsidir. Qlobal aləmdə bir-birimizlə müasir elm və təhsil mühiti vasitəsilə dialoq apara bilib-bilməməyimiz isə özümüzdən asılıdır.  Biz istəməzdik ki, gələcək nəsillər  humanitar qavramanın və əldə olunan biliklərin mənəvi dərkinin önəmi barədə mücərrəd və dumanlı təsəvvürlərə malik olsunlar. Bəzən kitablarda da səhvlər ola bilər. Müəyyən mərhələdə biliklərin də bu və ya digər dərəcədə yanlış olması mümkündür. İndi bəzən elektron texnikayla davranmağı uşaqlar bizə öyrədir. Lakin mənəvi, yüksələn dəyərlərin ötürülməsi prosesi şəxsiyyəti, gələcək nəsilləri maarifləndirməyi, onlara təhsil verməyi özünə vəzifə seçmiş insanların üzərinə düşməlidir. Xəyali səcdəgaha çıxarılmış bu sakral fikri  baş verəcək heç bir yüksək texnoloji inqilab durdura bilməz. Çünki idrakın ilhamı mənəvi impulslardan güc alır. Daha çox mənəvilik, estetik tərbiyə, kreativlik, mücərrəd təfəkkür, təxəyyül, sosial açıqlıqdan keçən ağıl fantaziyaları, həyat sevgisi harmonik şəxsiyyətin formalaşmasına yardımçı ola bilər. O zaman Diogenin gün işığında yandırdığı fənər axtarışda olanı tapacaq.

Bəli, biz bilirik ki, bütün yollar Məbədə doğru getmir, lakin ona doğru aparan, Göy ilə Yer qarşısında bəraət qazanmış Yol  bizi bura - Moskva Dövlət Universitetinə gətirdi!

***

Xatırladaq ki, bu il fevralın 27-də MDU-nun Bakı filialının rektoru Nərgiz Paşayeva Rusiya Təhsil Akademiyası üzvlərinin ümumi toplantısında Lomonosov adına MDU-nun rektoru akademik Viktor Sadovniçinin təqdimatı ilə yekdilliklə akademik (əcnəbi üzv) seçilib. 4 il əvvəl - 2015-ci ildə isə 26 yanvar MDU-nun 260 illiyinin qeyd olunması zamanı Nərgiz Paşayevaya universitetin fəxri professoru adı verilmişdi.  Nərgiz xanım bu münasibətlə demişdi: "Mən özümü yalnız öz sahəmin mütəxəssisi deyil, müəllim, təhsilə xidmət edən bir insan hiss edirəm. Moskva Dövlət Universitetinin professoru adı qürurla səslənir, çünki qlobal akademik dairələrdə MDU kifayət qədər yüksək yer tutur".

"Ədəbiyyat qəzeti"

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə