Qazan şəhərində Tatarstan Yazıçılar Birliyinin 85 illiyi geniş qeyd olunmuşdur.
Rusiya, Özbəkistan, Qazaxstan, Qırğızstan, Tacikstan, Başqırdstan, Qaraqalpakstan, Krım tatar yazıçılarının iştirak etdiyi yubileyə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar da dəvət edilmişdi. Sentyabrın 26-da tədbirin açılışında Tatarstan parlamentinin sədri Fərid Mühəmmədşin Respublika prezidenti Rüstəm Minnexanovun yazıçılara təbrikini oxumuş, bir neçə tatar yaşıçısına Xalq şairi və başqa fəxri adlar təqdim olunmuşdur. Tatarstan Yazıçılar Birliyinin sədri Danil Salixovun çıxışından sonra qonaqların adından Rusiya Yazıçılar İttifaqının katibi Valeri Kiselyov və Xalq yazıçısı Anar tatar həmkarlarını yubiley münasibətilə təbrik etmişlər.
Səhərisi gün Tatarstan Yazıçılar Birliyində Dəyirmi masa toplantısında ilk çıxış edən Anar Azərbaycan və tatar xalqlarının qədim ədəbi əlaqələrindən, Azərbaycan Yazıçılar Birliyinə dövlət qayğısından, tədbirdə iştirak edən yazıçılar təşkilatlarıyla birgə fəaliyyət niyyətlərindən söz açmışdır. Sentyabrın 29-da Anar Danil Salixovun və Tatarstan Xalq şairi Renat Harisin müşayətilə qədim türk dövlətlərinin paytaxtı Bulqar şəhərinə səfər etmiş, tarixi abidələrlə tanış olmuşdur.
AYB.az