Son zamanlar bəzi sosial şəbəkələrdə Yazıçılar Birliyinə ayrılmış məbləğin xərclənməsi ilə bağlı yalnış məlumatlarla əlaqədar AYB-nin Mətbuat xidməti məsələyə açıqlama verməyi lazım bilmişdir. Prezidentin fərmanıyla bütün yaradıcılıq birliklərinin fəaliyyəti üçün əlavə maliyyə vəsaiti ayrılıb. Azərbaycan Yazıçılar Birliyinə ayrılan bütün vəsait katibliyin ciddi nəzarəti altında xərclənir.
Azərbaycan Yazıçılar Birliyinin, “Azərbaycan”, “Literaturnıy Azerbaydjan”, “Ulduz”, “Qobustan”, “Ədəbiyyayt qəzeti”, “Mir Literaturı”, Tərcümə Mərkəzinin əməkdaşları – ümumilikdə 172 nəfər bir aylıq maaşları həcmində mükafat alıblar. Bundan əlavə 148 nəfər Azərbaycan Yazıçılar Birliyinin üzvünə maddi yardım göstərilib. Onlardan bir çoxu öz kredit borclarını bağlayıb, bəziləri müalicə və əməliyyat olunub, bir qismi isə uşaqlarının təhsil haqqını ödəyiblər. Maaşı az miqdarda olan bəzi əməkdaşların əmək haqqı qaldırılıb.
On üç nəfər hərəsi 2000 manat həcmində Azərbaycan Yazıçılar Birliyinin mükafatına layiq görülüb. Gənc müəlliflərdən altı nəfər hərəsi 1000 manat həcmində mükafat alıb.
Azərbaycan yazıçılarının 70-dən artıq kitabı Azərbaycan Yazıçılar Birliyinin vəsaiti ilə nəşr olunub. Bundan əlavə “Ədəbiyyat qəzeti” və AYB-nin Tərcümə Mərkəzi tərəfindən nəşr olunan kitablar üçün maliyyə vəsaiti ayrılıb. Birliyin əməkdaşları üçün qırx səkkiz kompüter, otuz iki printer, surət çıxartma aparatları alınıb. Yeni internet xətti çəkilib. Əvvəlki illər üçün internet və saytlara olan borclar ödənilib. Yeni telefon xətləri çəkilib, qazlaşdırılma və isitmə sisteminin təmiri ilə bağlı bütün xərclər ödənilib. Yazıçılar Birliyinin bölgələrdə olan filiallarına maddi vəsait ayrılıb.
Azərbaycan Yazıçılar Birliyinin Şüvəlanda yerləşən Yaradıcılıq Evinin torpaq sahəsinin rəsmiləşdirilməsi üçün vəsait ayrılıb. Yaradıcılıq evinin təmiri üçün Prezidentin qərarına əsasən əlavə üç milyon manat vəsait ayrılıb. Bu vəsait bütövlükdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə köçürülüb və Yaradıcılıq Evinin təmirinə xərclənir.
Azərbaycan Yazıçılar Birliyinin bütün bank kreditləri, nəqliyyat xərcləri ödənilib. Əlavə olaraq xarici qonaqların qarşılanması, görüşlərin keçirilməsi, onların bilet pullarının ödənilməsi və otellərdə yerləşdirilməsi üçün vəsait ayrılıb.
Ayrılan vəsaitin xərclənməsi Azərbaycan Yazıçılar Birliyinin katibliyinin qərarına əsasən, lazımi sənədlərin rəsmi şəkildə qanuniləşdirilməsi əsasında həyata keçirilir. Qeyd edək ki, ayrılan mükafatlar əməkdaşlara, yazıçılara bütövlükdə təqdim olunub, sığorta, vergi faizləri hamısı Azərbaycan Yazıçılar Birliyi tərəfindən ödənilib.
Hal-hazırda Azərbaycan Yazıçılar Birliyinin bölgələrdə fəaliyyət göstərən bölmələri üçün lazımi texnikaların alınması istiqamətində iş aparılır.