İstanbulda Türk Ədəbiyyatı Vəqfinin təşkilatçılığı ilə (TƏV) "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-publisist Rəşad Məcidin Türkiyə türkcəsinə çevrilmiş "Qələmsiz yazılanlar" kitabının təqdimatı və imza günü keçirilib.

"Report"un Türkiyə bürosu xəbər verir ki, təqdimatda Türk Ədəbiyyatı Vəqfinin rəhbəri Sərhəd Kabaklı, yazıçı-tərcüməçi İmdad Avşar, Türk Ədəbiyyatı Vəqfi İdarə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Bəxtiyar Aslan, rəsmi şəxslər, diplomatlar, elm və incəsənət xadimləri, yazıçı və şairlər, ədəbiyyatsevərlər iştirak ediblər.

Tədbirdə çıxış edən müəllif kitabda sosial şəbəkələrdə 10 ildən çox yazdığı statuslarını qeydə aldığını deyib. Bu statuslarda o, poetik misralara da yer ayırıb. Gündəmdəki hadisələrə baxışını sosial mediaya daşıdığını deyən yazarın kitabında hadisələrə operativ münasibəti ilə geniş izləyici kütləsinə xitab edən dəyərləndirmələrinin əks olunduğunu vurğulayıb.

Çıxışlarda Rəşad Məcidin "Qələmsiz yazılanlar" kitabının ədəbiyyatda dövrün yeni tələblərini ortaya qoyan ilk əsərlərdən biri olduğu vurğulanıb. Bununla yanaşı, yazarın Azərbaycanın media sahəsində peşəkar jurnalist olaraq xidmətlərindən söz açılıb, onun baş redaktoru olduğu "525-ci qəzet"in ədəbiyyat səhifəsinin illər öncə təkcə Azərbaycanda deyil, Türkiyədə belə ədəbiyyatsevərlərin maraqla izlədiyi deyilib.

Tədbirin sonunda onun yaradıcılığını yaxından izləyən kitabsevərlərin fikirlərini dinləyən Rəşad Məcid onlarla həmsöhbət olub, kitabını imzalayıb.

Qeyd edək ki, nəşrin ön sözünün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, kitabı türk dilinə çevirən isə Türk Ədəbiyyat Vəqfinin idarə heyətinin üzvü İmdat Avşardır.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə