M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Xalq yazıçısı Elçinin "Baş", "Qırx beş. Seçilmiş hekayələr", "Daha dərin qatlara. Seçilmiş məqalə və esselər" və "Mənə niyə gülürlər" kitablarının təqdimat mərasimi olub.

Mərasimdə Mədəniyyət Naziri Əbülfəs Qarayev, millət vəkilləri, tanınmış mədəniyyət və ədəbiyyat xadimləri, Milli Kitabxananın əməkdaşları və media nümayəndələri iştirak ediblər.

Tədbir Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə gerçəkləşib.

Tədbiri giriş sözü ilə açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çağdaş Azərbaycan ədəbiyyatında öz dəsti xətti olan görkəmli ədib, Xalq yazıçısı Elçinin yaradıcılığı haqqında ətraflı çıxış edib. Professor Kərim Tahirov çıxışında bildirib ki, Elçin Əfəndiyevin 60-cı illərdən bəri yazdığı bütün əsərlərində real həyatdan gələn hadisələr əks olunub. Əsərlərinə filmlər çəkilib, teatr səhnələrində onlarla əsərlərinə tamaşalar qoyulub. Azərbaycanda bir sıra aktyorlar nəslinin yetişməsində onun əsərlərinin çox böyük rolu var. Yazıçının əhatəli yaradıcılıq diapazonuna malik olduğunu söyləyən K.Tahirov bildirib ki, onun bədii irsinin janr müxtəlifliyi ümumi yaradıcılıq istedadının çoxşaxəliliyi qədər diqqəti cəlb edir: "Elçin Azərbaycan ədəbiyyatı tarixində silinməz iz qoyan, çağdaş ədəbiyyatın ən tanınmış simalarındandır. Bu gün onun dörd kitabının təqdimat mərasiminə toplaşmışıq. Xatırladığım qədəriylə burda bir yazıçının dörd kitabının birgə təqdimatı keçirilməyib. Bu da onun nə qədər məhsuldar və zəhmətkeş yazıçı olduğunun daha bir sübutudur. Elçinin qəhrəmanları ona görə sevilirlər ki, onlar real həyatdan götürülmüş obrazlardır. Onun bir neçə əsəri səhnəyə qoyulub, onlar əsasında filmlər çəkilib. Azərbaycanda bir sıra aktyorlar nəslinin yetişməsində onun əsərlərinin çox böyük rolu var".

Mədəniyyət naziri Əbülfəs Qarayev görkəmli yazıçının əsərlərinin tərbiyəvi əhəmiyyətini qeyd edib. Bildirib ki, Elçinin yaratdığı əsərlər öz aktuallığını heç vaxt itirməyib. Nazir deyib ki, onun kitabları insanlara Elçinin ədəbi fəaliyyətini bir daha təhlil etməyə, yaradıcılığı haqqında yenidən düşünməyə stimul və istiqamət verir. "Yazıçının yaradıcılığı təkcə ədəbiyyatda deyil, teatr və kino üçün də bir hadisədir. Elçinin bir sıra əsərləri dövlət tərəfindən nəşr olunub. Bu gün təqdimatı keçirilən kitablar, əlbəttə xüsusi əhəmiyyət kəsb edir. Elçinin və bu nəslin ən tanınmış siması İlyas Əfəndiyevin yaradıcılığı ədəbiyyat tarixində silinməz iz qoyub. Elçin müəllimin yaradıcılığı bütün dövrlərdə aktual olub, hər zaman da belə olacaq. O, uzun illər dövlət işində aparıcı vəzifələrdə çalışmasına baxmayaraq, qələmi əlindən buraxmayıb, yaradıcılığını davam etdirib. Onun əsərləri Azərbaycanla yanaşı, dünyada da oxunur və sevilir", - deyə Ə.Qarayev vurğulayıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Elçinin yaradıcılığı və şəxsiyyəti barədə təəssüratlarını bölüşüb. Vurğulayıb ki, Elçinin əsərləri tariximizin çətin və ziddiyyətli dövrlərini əks etdirir. O, bütün janrlarda uğurlu yazır, əsərlərində ədəbi tənqidi problemlərə məharətlə toxunur.

Xalq yazıçısı Anar çıxışında yazıçının təqdimatı olan kitablarından danışarkən "Baş" romanını xüsusi vurğulayaraq, hadisələrin çox çətin dövrdə - XVIII əsrin ilk onilliyində, Azərbaycan və ümumiyyətlə, Cənubi Qafqaz tarixinin ən gərgin və mürəkkəb dövründə cərəyan etdiyini bildirib: "Elçin mənim üçün illərin dostu olduğundan onun haqqında danışmaq çətindir. O, öz qələmiylə ədəbiyyatımızın zənginləşməsində bilavasitə rol oynayan yazıçılardandır. İndi də yazıb-yaradır. Arzu edirəm ki, Elçin uzun illər yaşayıb-yaratsın".

Elçinin yaradıcılığının zənginliyi haqqında danışan Azərbaycan Dövlət Tərcümə Mərkəzi İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud bildirib ki, onun kitablarının hər birinin təqdimatı hadisədir. Afaq Məsud yazıçının yaradıcılığı haqqında danışarkən bildirib ki, "Daha dərin qatlara" kitabına yazıçının 70-ci illərdən bu günə kimi dövri mətbuatda çap etdirdiyi seçilmiş məqalə və esseləri, "Qırx Beş. Seçilmiş hekayələr" kitabında isə dünənki və bugünkü həyatımızın gerçəklikləri, ailə və məişət qayğılarını əks etdirən hekayələri toplanıb. Onun fikrincə, bu kitablarda toplanmış əsərlərin hər biri Azərbaycan mənəviyyatının, təfəkkürünün inkişafına təkan verir. Azərbaycan ədəbiyyatında Elçinin yazdığı ədəbi tənqid nümunələrinin xüsusi yeri olduğunu deyən A.Məsud söyləyib ki, onun tənqidlərinin mükəmməl səviyyədə alınması peşəkar yazıçılığından irəli gəlir: "Elçinin əsərlərinin hər biri məktəbdir. Onun əsərlərinin içərisində mənim sevdiyim hekayələr çoxdur. Onun uşaqlar üçün yazdığı hekayələri balacalara böyük töhfədir. Elçin müəllimin yaradıcılığı çoxistiqamətlidir. Onun bu işləri görməsinin təməlində vətənpərvərlik, Azərbaycan ədəbiyyatına sevgi dayanır. Biz tərcümə mərkəzi olaraq Elçinin əsərlərinə böyük maraq göstəririk. Bundan sonra da onun əsərlərinin başqa dillərə çevrilməsi istiqamətində layihələrimizi davam etdirəcəyik".

Sonra yazıçının həyat və yaradıcılığına həsr edilmiş sənədli film nümayiş olunub.

Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq Yazıçısı Çingiz Abdullayev çıxış edərək bildirib ki, təqdimatı olan bu kitabların hər biri yazıçının zəngin yaradıcılığının məhsuludur və onun eyni zamanda, dedektiv janrında da xüsusi yeri olduğunu söyləyib.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, millət vəkili, akademik Nizami Cəfərov çıxışında Elçinin bütün əsərlərini oxuduğunu deyib: "İnanmıram ki, onun elə bir çap olunmuş əsəri olsun, mən onu oxumamış olum. Onun bütövlükdə yaradıcılığı bir institut səviyyəsindədir. Öyrədicilik funksiyası Elçin müəllimin təbiətindədir". "Daha dərin qatlara" kitabından bəhs edən akademik deyib ki, kitabın adı "Daha dərin qatlarda" olsaydı, daha yaxşı olardı. Çünki kitabda toplanmış məqalə və esselər məhz buna əsas verir.

Xalq şairi Sabir Rüstəmxanlı Elçin imzasıyla tanışlığından bəhs edib. Özünün vaxtilə Elçin yaradıcılığı haqqındakı məqaləsini "Müdriklik zirvəsində" adlandırdığını deyib. Daha sonra Elçinin həmin gün təqdim olunan "Mənə niyə gülürlər" kitabı fonunda uşaq yaradıcılığından danışıb, bu əsərlərini Azərbaycan uşaq ədəbiyyatına ən dəyərli töhfə adlandırıb.

Professor Qəzənfər Paşayev deyib ki, Elçin ədəbi fəaliyyətini olduqca sürətlə, əhatəli şəkildə davam etdirir: "Bəzən o, elə sürətlə yazır ki, biz onun yazmaq sürətinə öz oxu sürətimizi çatdıra bilmirik. Amma çatdırmalı və Elçini oxumalıyıq. Çünki Elçinin əsərlərini oxumamaq ən azından insafsızlıqdır".

Tədbirdə şair və nasir Əjdər Ol, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, professor Nizami Məmmədov, tənqidçi Elnarə Akimova da çıxış edərək Xalq yazıçısı Elçin Əfəndiyevin zəngin ədəbi irsi, çox şaxəli yaradıcılığı haqqında geniş söhbət açıblar.

Daha sonra Milli Kitabxananın "Elektron Kitabxananın İnkişafı şöbəsi"nin əməkdaşları tərəfindən hazırlanmış "Xalq yazıçısı Elçin" elektron məlumat bazası şöbənin müdiri Rübabə Səfərova tərəfindən təqdim edilib.

Sonda Xalq yazıçısı Elçin Əfəndiyev çıxış edərək Mədəniyyət Nazirliyinə, Milli Kitabxananın kollektivinə, tədbir iştirakçılarına dərin təşəkkürünü bildirib. Yazıçı çıxışında onun yaradıcılığı haqqında söylənilən fikirləri yüksək qiymətləndirib, bunu eyni zamanda, ədəbiyyata, kitaba olan sevgi kimi dəyərləndirib.

525.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə