Yanvarın 17-də Azərbaycan Yazıçılar Birliyində 20 yanvar şəhidlərinin xatirəsi anılıb. Anım tədbirində Yazıçılar Birliyinin əməkdaşları, qələm adamları iştirak ediblər. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Daha sonra Azərbaycan Yazıçılar Birliyinin I katibi, Xalq şairi Fikrət Qoca çıxış edərək, Sovet İmperiyasının Azərbaycan xalqının başına gətirdiyi faciələrdən, bəlalardan, xalqımızın dilinə, dininə qarşı təcavüzündən, düşünən beyinlərimizə, istedadlı, işıqlı insanlarımıza qarşı qəsdindən söz açıb. Tədbirdə şair Firuzə Məmmədli, Güləmail Murad, Narıngül, AYB-nin əməkdaşları Gülşən Bağırova, Arifə Əliyeva və başqaları 90-cı ilin o qanlı gecəsini, faciə gecəsində baş verənləri xatırlayıblar. Çıxış edənlər rus əsgərlərinin amansızlığından, onların dinc sakinlərə, uşaq, qoca demədən hər kəsə atəş açmasından, hətta öz vəzifə borcunu yerinə yetirən, yaralıların imdadına gəlmiş həkimlərə belə rəhm etməmələrindən danışıblar. Azərbaycan xalqının o gecə qərəmanlıq səlnaməsi yazdığını qeyd edən çıxışçılar, xalqımızın azadlıq nemətini bizə daddıran şəhidlərimizi heç bir zaman unutmayacağını və şəhidlərimizin xatirəsini hər zaman əziz tutacağını bildiriblər. 

 

AYB.az        

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə