Sərvər:
Deyirlər, sevgidə həsrət də olar,
Eşqə düşən aşiq yuxusuz qalar.
Sevdaya düşənin ömrü qısalar
Saymaqla qurtarmaz dərdi, kədəri,
Mən necə sevgiyə verim dəyəri?
Kəmalə:
Həsrətdən söz açdın, bəs vüsal hanı?
Sevgidir coşduran damarda qanı.
Sevən yarı üçün verirsə canı
And olsun həm yerə, həm uca göyə,
Mən əhsən deyirəm, əhsən sevgiyə.
Sərvər:
Var-dövlət tutulur, eşqdə birinci,
“Əl çirki” olubdur indi bir inci.
Sevən kasıbdırsa, olmaz sevinci
Əzablı günlərin artar qədəri,
Mən necə sevgiyə verim dəyəri?
Kəmalə:
Var – dövlət düşgünü, tamahkar bəndə,
Şeytanın əliylə düşər kəməndə.
“Əl çirki” kağızdır, bilirsən sən də
Aşiq eşq yolunda dönsə dəliyə,
Mən əhsən deyirəm, əhsən sevgiyə.
Sərvər:
Məcnundan, Leylidən qalmayıb əsər,
Fərhadlar külünglə qəlbləri əzər.
Şirinlər don bilib eşqi dəyişər
Fırlanır zamanın tərsə təkəri,
Mən necə sevgiyə verim dəyəri?
Kəmalə:
Leyli – Məcnun kimi, Fərhad – Şirin tək,
Sevənlər yenə var, gəl eyləmə şəkk.
Bu giley – güzardan biryolluq əl çək
Sevginin ahı da xoş gəlir deyə,
Mən əhsən deyirəm, əhsən sevgiyə.
Sərvər:
Bir qıza vuruldum, verdim qəlbimi,
Saf eşqin uğrunda yandım şam kimi.
Vəfasız puç etdi təmiz sevgimi
Hicranın bol oldu barı, bəhəri,
Mən necə sevgiyə verim dəyəri?
Kəmalə:
Çəksən də min əzab, min bir iztirab,
Gərəkdir dözəsən, gətirəsən tab.
Sən ki öz sevginə almısan cavab
Özüm də bilmirəm, nə üçün niyə,
Mən əhsən deyirəm, əhsən sevgiyə.