Biz elə adamıq, qarın toxsa da,
Nə xeyri, gözümüz ac olanadək.
Vaxtında addımın xeyri yoxsa da,
Qəti tələsmərik, gec olanadək.
Biz elə adamıq, tamaha xətir,
Lazımsa nahaqqı haqqa yozarıq.
Yarpağa budaqda bir-iki sətir,
Xəzələ torpaqda dastan yazarıq.
Bülbülə qəfəsdə diqqət bəsləyib,
Sərçəni səmada qəti saymarıq.
Söz düşsə “Qarışqa, qarışqa!” deyib,
Taptayıb keçəndə məhəl qoymarıq.
Lap yeri gələndə ağız dolusu,
Xeyirxah işlərdən dil-dil ötərik.
Di gəl ki, “əməl”ə gələndə mövzu,
Aradan əkilib dərhal itərik.
Danarıq – kim yerdən qaldırıb bizi,
Elə bil belə də olmalı imiş.
Elə bil taleyin hər “kiçik” izi,
İlişib keçmişdə qalmalı imiş.
Biz elə adamıq bu yer üzündə,
Bölüşə bilmərik torpağı, suyu.
Durub addımbaşı haqqın izində,
Nahaqqı gəzərik ömrümüz boyu.