Balanin bal dilində
Son dəfə "Ana" sözü,
Ananın lal dilində
Quruyub "Bala" sözü...

Sənin məsum körpənin
Alninda güllə izi,
Gözlərin qara bulud,
Ovucun qan dənizi,

Ümidin sarı yarpaq,
Nəfəsin quru budaq,
Necə təsəlli edək,
Səni necə ovudaq?

***

Ya sən,düşmən əsiri,
Namusu kirlənən qız,
Üzünə necə baxaq,
Çadranı ver biz taxaq..

Sən bir ölüm istəsən
Dərdini unutmağa,
Min ölüm yetməz bizə
Tək səni yaşatmaga..

Ölüb yerə girəkmi,
Unudarsanmı qəmi,
Hədiyyə edək sənə
Bu yası,bu matəmi?

Əzabının yanında
Varlıgımız yox kimi,
Qəlbinə sancılırıq
Ən zəhərli ox kimi..
'
Bir anliğa gözünün
Baxa bilən içinə,
Gördüyü mənzərədən
Yerindəcə keçinər..

Buna da yox qüvvəmiz;
Öləkmi, yaşayaqmı,
Başımız dikmi gəzək,
Ya gəzək başayaqmı?

Gəl üzümüzə tüpür
Azaldacaqsa dərdi;
Susman, danısmamağın
Tüpürməndən betərdi...

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə