Xeyir günəş kimi şəfəqlənərək
Gülür insanlığın ilk mənası tək!..
Xeyirlə ucalır aləmdə bəşər,
Onun övladıdır hər böyük zəfər!


Xeyir – ölməzliyin ilk səhəridir,
Günəşli vicdanın şah əsəridir!
Xeyirdir insanın dövləti, varı,
Allah da çox sevir xeyirxahları!

Anam Azərbaycan, dünya gözəli!
Şəfəqlər içində gülürsən yenə...
Böyük bir oğlunun xeyirxah əli
İstiqlal günəşi gətirdi sənə!..
“Ucalsın göylərə vətənim!” deyə
Sənin bayrağını qaldırdı göyə.
Ucaldı göylərə Odlar ölkəsi!
Yayıldı dünyaya sorağı, səsi,
Səsinə səs verdi böyük ölkələr.
Var ol, ey istiqlal, ey Ulu Öndər!..

Anam Azərbaycan, dilin dualı!..
Yanır bayrağında göyün hilalı,
Gülür fələklərin xoşbəxt ulduzu.
Gülür bir millətin qəlbi, arzusu!

Açıb qollarını, ey ana vətən,
İlhamlı günlərlə qucaqlaşmısan!..
Günəşi qaldırıb bayraq kimi sən
Keçirsən dövranın ilk baharından.

Dinlə, böyük dünya, dinlə səsimi!
Günəşli ölkənin şairiyəm mən.
Sinəm qabardıqca dalğalar kimi
Mənə bir sahil tək qoynunu aç sən.

Dinlə, böyük dünya! Bu azad vətən
Gülür istiqlalın şəfəqlərində,
Günəş naxış çəkir şölələrindən
Odlar ölkəsinin üfüqlərində.

Bütün millətlərə, dinlərə hörmət
Mənim dövlətimin siyasətidir,
Allaha məhəbbət, xalqa məhəbbət
Mənim Rəhbərimin təbiətidir!

Vətənin rifahı, xalqın rifahı
Xeyirxah sərvərin vicdan səsidir!
Böyük bir ölkənin bu xoş sabahı
Böyük əməllərin nəticəsidir!

Anam Azərbaycan, xeyir dastanım!
Ölməz bir əsərdir yaxşılıq, xeyir.
Birinci ledimiz Mehriban xanım
Yaxşılıq rəmzidir, xeyir rəmzidir!

Xeyir günəş kimi şəfəqlənərək
Gülür insanlığın ilk mənası tək!..
Xeyirlə ucalır aləmdə bəşər,
Onun övladıdır hər böyük zəfər!

Xeyir – ölməzliyin ilk səhəridir,
Günəşli vicdanın şah əsəridir!
Xeyirdir insanın dövləti, varı,
Allah da çox sevir xeyirxahları!

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə