Ürəyinə sözlər dolur,
Kəlmələr, cümlələr dolur.
Dinə bilmir gözlər dolur
Niyə axı lal doğulur,
Bir ananın bir övladı?!
Baxır günəş işiğına,
Dünyanın yaraşığına,
Sanki Tanrı qarğışına
Gəlib, kardır qulağı
Bir ananın bir övladı!
Göy qurşağı rənglərini,
Həyatın ahənglərini,
Çiçəklərin bəzəyini
Görməkdən məhrum gözləri,
Kədərli bütün sözləri.
Bir ananın bir övladı!
Uşaqlarla oynamağa,
Əl-qol atıb "qaynamağa"
Güc göstərib ola arxa,
Yox təpər dizində qalxa
Arabanın möhtacıdı
Bir ananın bir övladı!
Allahım eşit fəryadı,
Analar əldə Qurandı.
Gecə-gündüz dua edir,
Sənə ümid, sənə gümandı!
Analara et imdadı,
Olmasın bəxti qaralı!
Bir ananın bir övladı
Solmasın qəlbi yaralı!