Həlim təbiət, kövrək sadəlövhəm
Qar, yağışa həsrət susuz səhrayam.
Nə tez tanıdı yaxamı kədər, qəm,
Sən hardan bilirdin üzüyolayam?
Ey tale qisməti, alın yazısı.
Heç doğulmamış yazıldın alnıma,
Ana laylası tək hopdun qanıma.
Hökmünü göstərdin hər addımımda,
Yaxşı ki, dəymədin sevinc payıma,
Heç vaxt dəyişməyən alın yazısı.
Kədərim, sevincim, ömür tacımsan,
Bəzən şirinim, bəzən acımsan.
Ən yaxın sirdaşım, anam, bacımsan
Həyatda əbədi ehtiyacımsan
Arzu, amalımsan alın yazısı.
Addım-addım izləyər hər çağımda,
Kəsdirib oturar can otağımda.
Günəş gizlənəndə, ay nur saçanda,
Mənimlə baş-başa gecə yatanda,
Gündüzlər yanımdasan alın yazısı.
Dərədi, təpədi ömrün yolları,
Bitib tükənməz sonsuz arzularım.
Pərəm-pərəm dağıdar xəyalları,
Kaş uğurla açıla sabahları
Tanrı möcüzəsi, alın yazısı.
Qanadlanar hardan-hara xəyalım,
Dünyanın o başına arzularım.
Yaz nəfəsi, ilk çiçəyi baharın
Ümid çırağım, şirin duyğularım
Tale əfsanəsi, alın yazısı.