Anamın ilk laylasıdır,
Varlığımın mayasıdır.
Suvarılıb qanım ilə,
Ruhum ilə yoğrulubdur.
Düşüncəmin sacı üstə
Canımdakı atəş ilə,
Alov ilə qovrulubdur
Dilim mənim.
Dağ havası, yovşan ətri
Gəlir, sanki,nəfəsindən...
Dalğaların səsi gəlir
Dinlədikcə gur səsindən.
Coşub-daşır dəniz dilim,
Çeşmələrin suyu kimi
Təmiz dilim...
Köpələrin qəlbləritək
Saf qalıbdır.
Uluların müdrikliyi
Xislətində kök salıbdır.
Əzəl gündən
Sevməyibdir dəbdəbəni,
Bərbəzəkdəm,
Təmtəraqdan uzaq dilim.
Böyük ilə böyük olub
Uşaq ilə uşaq dilim...
Dönüb həzin bayatıya,
“Cahargaha”, “Heyratı”ya.
Meydanlarda girib cəngə
“Ruhani”tək, “Dilqəmi”tək,
Babam Babək Xürrəmitək.
Xətainin məsləkindən,
Qeyrətindən hopub qalıb...
Nəsiminin, Füzulinin
Ürəyindən qopub qalıb
Dilim mənim...
Əsrlərlə təknəsinə,
Süfrəsinə göz dikilib.
Özgələrin arşınıyla
Yaxasına söz biçilib,
Ətəyinə söz tikilib,
Yad kəlmələr arasında
Sıxılıbdır qərib kimi.
Fəqət tale sınağından
Çıxıb yenə qalib kimi...
Qovuşubdur azadlığa,
Yetişibdir istiqlala
Bu gün mənim məğrur dilim,
Uğur dilim, qürur dilim...
Ən mötəbər məclislərdən
Neçə yüksək ünvanlardan
Eşidilir çox vüqarla.
Amalımı, məramımı
Bəyan edir iftixarla.
Bir xitibət kürsüsütək
Hər qondarma bəyanata,
Siyasətə dayan ,deyir.
Dayan deyir, yalanlara,
İşğallara, talanlara.
Fikirləri haçalanan,
Öz içindən parçalanan
Millətlərə oyan, deyir...
Kükrəyərək çəkinmədən
Həqiqəti car eləyir.
Haq danışıb bədxahların
Dünyasını dar eləyir.
Açır isti qucağını
Hər bir bəşər övladına,
Mərhəmətdir, məhəbbətdir,
Cəsarətdir dilim mənim.
Millətimin sabahına
Zəmanətdir dilim mənim.
Vətən kimi, torpaq kimi
Nəsillərə əmanətdir,
Dilim mənim, dilim mənim...